Deputat Əflatun Amaşov sərhəddə Miqrasiya Xidmətinin strukturlarının formalaşdırılmasını təklif edir
6 May 2016 14:14 Sosial"Dünyanın bir çox ölkələrində qeydiyyat işi sərhəd məntəqələrində aparılır. Təklif edirəm ki, Azərbaycanda da belə bir prosedur tətbiq edilsin. Sərhəddə Miqrasiya Xidmətinin strukturu fəaliyyət göstərsin. Beləliklə qeydiyyat üçün əlavə çətinliklər aradan qalxsın". Bunu Milli Məclisin bu gün keçirilən iclasındakı çıxışı zamanı deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, Azərbaycana gələn əcnəbilər on gün müddətində ya ASAN xidmət mərkəzlərində, ya da Miqrasiya Xidmətinin yerli şöbələrində qeydiyyata düşməlidirlər. "Bəziləri qeydiyyata düşür, bəziləri düşə bilmir. Bəzən vaxt çatmır. Bəzən yaşlı adamlar olur, məsələyə həssas yanaşa bilmirlər. Ümumən müxtəlif subyektiv və obyektiv səbəblər var. Nəticədə onlar cərimələrlə üzləşirlər, Azərbaycana gəlmək hüququndan məhrum olunurlar. Buna görə də düşünürəm ki, məsələyə kompleks yanaşmaq lazımdır", - deyən Ə.Amaşov fikrinə aydınlıq gətirərkən onu da bildirib ki, son statistik göstəricilərə görə, Gürcüstanda 230 minə qədər azərbaycanlı yaşayır. Qeyri-rəsmi isə bu rəqəm təqribən 350 minə yaxındır. Azərbaycandakı Gürcüstan əsilli vətəndaşların və onlarla qohumluğu olanların sayı isə bundan iki dəfə çoxdur. Minlərlə ailə var ki, tərəflərdən biri - ya ər, yaxud arvad Gürcüstan vətəndaşıdır. Bu adamlar ən azı 3 ayda bir dəfə sərhəddi keçməlidirlər. Deputat bu baxımdan da sərhəddə qeydiyyat məntəqələrinin fəaliyyət göstərməsinin zəruriliyindən söz açıb. O, eyni zamanda əlavə edib ki, Gürcüstandan Azərbaycana təkcə azərbaycanlılar keçmir. Gürcülər və qeyri-millətlər də ölkəmizə gəlirlər. Ümumən başqa ölkələrdən də Azərbaycana gələnlər az deyil. Sərhəddə qeydiyyata düşmək onlar üçün də əlverişli olar.