Aprel ayında Ceyhan limanından 2,2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb

2016-cı ilin aprel ayı ərzində 2 milyon 251 min 475 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 128 min 973 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar- aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi isə 10 milyon 88 min 919 ton olub. Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il may ayının 1-ə qədər Ceyhan limanından 301 milyon 282 min 269 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Şirkətdən bildirilib ki, cari ilin aprel ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə isə 2 milyon 502 min 255 ton Azərbaycan nefti nəql olunub. Bu ilin yanvar- aprel aylarında bu kəmərlə 9 milyon 815 min 567 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il may ayının 1-ə qədər BTC-yə 302 milyon 490 min 956 ton neft vurulub. Bundan başqa, 2016-cı ilin aprel ayında BTC kəməri ilə 350 min 862 ton Türkmənistan nefti nəql olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00