Çində “Azərbaycanın inkişaf yolu” kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti "Azərbaycanın inkişaf yolu" kitabının təqdimat mərasimində iştirak etmək üçün Pekinə səfər edib. SAM-dan "OLAYLAR"-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Prezidenti Administrasiyası xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, SAM-ın direktoru Fərhad Məmmədov və SAM-ın aparıcı elmi işçisi Rəşad Kərimov daxildir. Azərbaycanın Çindəki səfirliyi və SAM tərəfindən təşkil olunan tədbirdə Çinin dövlət qurumlarının, araşdırma mərkəzlərinin, ali təhsil ocaqlarının, müxtəlif təşkilatların, Pekindəki diplomatik korpusun təmsilçiləri, o cümlədən Ukraynanın, Gürcüstanın, Moldovanın səfirləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Təqdimat mərasimində çıxış edən Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, SAM-ın direktoru Fərhad Məmmədov, Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının vitse-prezidenti Fen Cunpin, İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədri Lu Ciacun, Uxan Universitetinin professoru Lyu Cayçi, Gürcüstanın Pekindəki səfiri David Aptsiauri və başqaları kitabın Çin ictimaiyyəti üçün Azərbaycan haqqında əsaslı məlumat mənbəyi kimi əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, SAM-ın aparıcı elmi işçisi Rəşad Kərimovun müəllifi olduğu kitabda Azərbaycanın tarixinə, coğrafiyasına, mədəniyyətinə, ölkənin son 25 ildə keçdiyi yola, milli dövlət quruculuğuna, iqtisadi inkişafına, neft sənayesinə, gələcək inkişaf planlarına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və sş həsr olunmuş məlumatlar əksini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00