BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının qiymətləndirmə missiyasının nümayəndələri Tərtərdə olub

Mayın 5-də Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin hüquq şöbəsinin qiymətləndirmə missiyasının əməkdaşları hüquq şöbəsinin müdiri Aleksandr Novikau, onun müavini Oliver Tuholske və sahə məsələləri üzrə baş məsləhətçi Elsevər Ağayev yerli hakimiyyət orqanları ilə görüşmək və təmas xəttində baş vermiş son atışmalar səbəbindən müvəqqəti yerdəyişmə etmiş insanların humanitar ehtiyacları barədə birbaşa məlumat əldə etmək məqsədi ilə Tərtər rayonuna səfər ediblər. "OLAYLAR"-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyəinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə rayon rəhbəri bildirib ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tərtər rayonunun təmas xəttinə yaxın, eləcədə təmas xəttindən 15-20 km məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 7 nəfər mülki şəxs yaralanıb, 2 nəfər məcburi köçkün Ağdam rayonundan məcburi köçkün dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin 51 evi dağılıb, 198 məcburi köçkün bir daha evsiz-eşiksiz qalıb. Məcburi köçkünlərin 46 baş iribuynuzlu, 157 baş xırdabuynuzlu heyvanları və 2430 ədəd ev quşları tələf olub. 100 hektarlarla əkin sahələri partlamayan hərbi sursatla çirklənib. Sonra nümayəndələr daha çox dağıntıya məruz qalmış Qapanlı kəndində olub, dağılmış evlərə baş çəkib, məcburi köçkünlər və yerli sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00