Gədəbəydə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib
5 May 2016 16:49 SosialSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Gədəbəy Rayon İcra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirib. "OLAYLAR"-ın Dövlət Xidmətinə istinadən verdiyi xəbərə görə, tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov təmas xəttində Silahlı Qüvvələrimizin düşməni ağır məğlubiyyətə uğratmasının cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdığını qeyd edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında bildirib ki, Azərbaycan ordusu cəbhə xəttində qazandığı qələbə və bir neçə strateji yüksəkliyi işğaldan azad etməsi ilə Silahlı Qüvvələrimizin gücünü dünyaya sübut edib. "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli son hərbi əməliyyatlarda qazanılmış qələbənin Azərbaycanda aparılan ordu quruculuğu prosesinin uğurlu olduğunu bir daha təsdiqlədiyini bildirib.