Azərbaycan-Yaponiya münasibətləri müzakirə edilib

Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Yaponiya Liberal Demokrat Partiyasının Beynəlxalq əlaqələr bürosunun Baş direktoru, Nümayəndələr Palatasının üzvü Kazunori Tanakanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə Yeni Azərbaycan Partiyası ilə Liberal Demokrat Partiyası arasında əlaqələrin inkişaf perspektivlərindən, eləcə də Azərbaycan ilə Yaponiya arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin inkişafından bəhs olunub. Əli Əhmədov Yaponiya nümayəndə heyətinin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin daha da inkişafına təkan verəcəyini bildirib. Öz növbəsində, qonaqlar Prezident İlham Əliyevin rəhbərliyi altında sürətli tərəqqiyə nail olan ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşərək, Yaponiyanın mühüm geosiyasi məkanda yerləşən Azərbaycanla parlamentlərarası əlaqələrinin, siyasi, iqtisadi əməkdaşlığının daha da inkişafında, eləcə də Yaponiya şirkətlərinin Azərbaycanın həyata keçirdiyi iqtisadi layihələrdə iştirakının genişləndirilməsində maraqlı olduğunu bildiriblər. Əli Əhmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verərək Azərbaycanın konfliktin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə çalışdığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00