Reklam şirkətləri hansı fırıldaqlardan çıxırlar?
Əhalini aldadan reklamçılar həbs ediləcəklər
5 May 2016 12:56 Sosial"Bu fürsəti əldən qaçırmayın", "ən ucuz kredit bizdə", "hər şey su qiymətinə", "90 faiz endirimlə"... Yəqin ki, bu kimi reklam şüarları hamıya yaxşı tanışdır. Məsələ orasındadır ki, hətta ən məhşur şirkətlər belə bu kimi yalançı reklamlardan istifadı edərək insanları aldadırlar. Öz məhsullarının keyfiyyətinə güvənməyən belə şirkətlər fırıldaq yoli ilə müştəri toplamağa üstünlük verirlər. Onu da qeyd edək ki, belə şirkətlər əsasən kütləvi informasiya vasitələrinin köməyi ilə öz çirkin niyyətlərini həyata keçirilər. İstər kütləvi informasiya vasitələrində, istərsə də küçə reklamlarında belə şinrikləşdirici reklamlara demək olar ki, hər addımbaşı rast gəlirik. Fərqində olmasaq da bizi cəlb edən bu reklamlara inanıb həmin ünvanlara üz tuturuq. Sonda əksər reklam çarxlarının müştərilər üçün tələ olduğunu anlayırıq. Bu kimi hallrın kütləvi xarakter aldığını əsas götürən parlament reklamda yalan məlumatlardan bilərəkdən istifadə etməyə görə cəzaları sərtləşdirmək qərarına gəlib. Milli Məclisdən verilən məlumata görə, reklamda yalan məlumatlardan bilərəkdən istifadə etməyə görə Cinayət Məcəlləsinə yeni dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, Məcəllənin hazırkı variantına görə, əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda şəxs min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda ziyan vurduqda şəxs iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yeni layihədə isə təklif edilir ki, əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda şəxs cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək cərimə və ya iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda ziyan vurduqda şəxs vurulmuş ziyanın 3 mislindən 5 mislinədək, miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maraqlıdır, çəzaların sərtləşdirilməsilə yalançı reklamların qarşısını almaq mümkün olacaqmı? Axı belə reklamlar hər addımbaşı bizi izləyir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, rəhbərlik etdiyi təşkilata çoxlu sayda yalançı reklamlarla bağlı şikayətlər daxil olur. Məsələn, estetik klinikalar və gözəllik salonları tərəfindən aldadılan qadınların sayı durmadan artır: "Gözəllik şirkətlərinin nümayəndələri küçədə, ictimai iaşə mərkəzlərində, mağazalarda qadınlara yaxınlaşıb öz xidmətlərini təklif edirlər. Telefonla zəng vuraraq nömrənin guya uduşa düşdüyünü, buna görə də pulsuz kosmetoloji xidmət göstərəcəklərini söyləyirlər. Bundan əlavə, sosial şəbəkədə səhifə yaradaraq yalançı reklamlar yerləşdirirlər. Müşahidələr göstərir ki, daha çox dərisində problem olan qadınlar tora düşürlər". Bundan başqa, endirim kampaniyasında olan aldatmalar da var. Belə ki, dükana 70 faiz endirim yazırlar. İçəriyə girəndə istehlakçıya deyilir ki, o endirim bütün mala aid deyil, yalnız mövsüm müddəti bitən mallara aiddir. Və yaxud istehlakçıya malın ilkin sənədlərini göstərmirlər. Malın əvvəlki qiyməti gizlədilir, hansı ki, Nazirlər Kabinetinin 80 saylı qərarı var. Orada göstərilir ki, malın üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədləri olmalıdır. O cür endirim kampaniyasında satılan mal istehlakçının tələbatını ödəmədikdə onu geri qaytarmırlar. Deyirlər ki, sən bunu endirimdə almısan. Banklarda, lambardlarda , istehlak kreditlərində istehlakçıların aldadılması məsələsi yer alır. Hazırda ən geniş yayılmış reklam növlərindən biri də "Halal" adı altında reklam olunan məhsullardır. Bu sahədə elə vəziyyət yaranıb ki, hətta xristian ölkələrində "Halal" adı altında hazırlanmış mallar müsəlmanlara satılır. Dünyada "Halal" mal nişanı ilə müsəlmanlara təklif olunan mallar var ki, onların 82 faizini xristianlar istehsal edir və dünyanın hər yerində "Halal" adı altında reklam edirlər. Bu isə inanclı insanların aldadılması deməkdir. Müşahidələr deməyə əsas verir ki, hazırda televiziyalarda, qəzetlərdə olan reklamlarda da böyük problem var: "Təsəvvür edin ki, uzun müddət ölkənin məşhur bir qəzetində bir həkimin reklamı getdi. Həmin reklam indi də bizim ofisdə saxlanılır. Həkim Nobel mükafatına düşən xəstəliklərin müalicəsini öz üzərinə götürürdü. Amma sonda da yazılır ki, eybi yoxdur, xəstə şəklini göndərsin, mən ona diaqnoz qoyaram". Digər məsələlərdən biri də malların üzərindəki etiketlərin reklam materialı kimi qəbul edilməsidir. Bu məsələyə diqqət yetirilmədiyindən reklam olunan malın tərkibi, keyfiyyəti barədə yanlış məlumat əldə edilir. Nəticədə istehlakçı aldadılmış olur. Ancaq qanunvericilikdə cəzaların sərtləşdirilməsilə belə halların qarşısını almaq mümkündür. Onu da qeyd etmək lazımdır ki, yeni qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən, reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə ediləcəklər.
Nurlan