Azərbaycana qarşı qərəzli AHT qərarının pərdəarxası

Skype danışıqlarında kimlər iştirak edib?

Açıq Hökümət Tərəfdaşlığı İdarə Heyəti Azərbaycanın statusunu aşağı salıb. Bu məlumatı ADR Hərəkatının sədri Qubad İbadoğlu yayıb. İqtisadçı öz facebook səhifəsində paylaşdığı statusunda bildirib: "Bu gün daha bir məyusedici xəbər aldım. Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində toplaşan Açıq Hökümət Tərəfdaşlığı İdarə Heyəti Azərbaycanın statusunu öhdəliklərini yerinə yetirmədiyinə, yeni dövr üçün Milli Fəaliyyət Planının qəbulunu ləngitdiyinə və vətəndaş cəmiyyətinin fəaliyyəti üçün mövcud olan problemləri həll etmədiyinə görə aşağı salıb. Səsvermədə iştirak edən 22 nəfərlik rəhbər heyətin 16 üzvü bu qərarın lehinə, 3 üzvü əleyhinə səs verib, 3 üzv isə bitərəf qalıb.

Beləliklə də Azərbaycan hökümətinin Açıq Hökümət Tərəfdaşlığında fəaliyyəti ən azı 1 il ərzində dayandırılıb. Bu müddət ərzində Azərbaycan höküməti Açıq Hökümət Tərəfdaşlığı ilə bağlı tədbirlərə müşahidəçi statusunda dəvət alacaq, səsvermədə iştirak etməyəcək və beləliklə də ölkəmiz bu təşəbbüsün yaratdığı imkanlardan istifadə edə bilməyəcək. Bununla yanaşı, Azərbaycana maksimum 1 il vaxt veriləcək ki, vətəndaş cəmiyyətinin qaldırdığı məsələləri həll etsin. Qeyd edim ki, Azərbaycan bu təşkilata 2011-ci ildə qoşulub. 2012-ci il sentyabrın 5-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün nəzərdə tutulan ikinci Milli Fəaliyyət Planı isə bir həftə bundan əvvəl 27 aprel 2016-cı ildə imzalanıb. Onu da əlavə edim ki, Açıq Hökümət Tərəfdaşlığı İdarə Heyəti belə bir qərarı ilk dəfə olaraq Azərbaycanla bağlı qəbul edib. Bundan əvvəl 24 fevral 2016-cı ildə Vaşinqtonda toplaşan Meyarlar və standartlar alt komitəsinin üzvləri Azərbaycanın statusunu aşağı salaraq onun fəaliyyətsiz ölkə elan edilməsi ilə bağlı tövsiyyə ilə İdarə Heyəti qarşısında çıxış etmişdir".

"OLAYLAR" sözügedən qərarın qəbul olunmasının əsl səbəbləri barədə diqqətçəkən məlumat əldə edib. Tanınmış QHT nümayəndələrindən biri əməkdaşımızla söhbətində məsələnin mahiyyətini belə izah edib: "Əslində bu qərar obyektivliyə deyil, Azərbaycan dövlətinə qarşı açıq qərəz nümayiş etdirib öz ölkəsinin əleyhinə fəaliyyət göstərən bir neçə QHT təmsilçisinin subyektiv fikirlərinə söykənir. Məsələ burasındadır ki, Azərbaycanda vətəndaş cəmiyyətinin durumu qərarda göstərildiyi kimi deyil. Hansısa qeyri-hökumət təşkilatı iddia edə bilməz ki, onların fəaliyyətinə əngəllər yaradılır, tədbirlərini, layihələrini həyata keçirməyə imkan verilmir. Cinayət təqibindən isə ümumiyyətlə söhbət gedə bilməz. Müəyyən problemlər var idi. Lakin hökumət həmin problemlərin aradan qaldırılması üçün lazım olan bütün addımları atdı. Bir neçə QHT var idi ki, onların hesablarına həbs qoyulmuşdu. Araşdırmalar aparılıb, maliyyə sənədləri yoxlanıb. Lakin sonradan bütün bunlar dayandırıldı, hesablara qoyulmuş həbslər götürüldü və s. Hazırda hansısa QHT iddia edə bilməz ki, sadaladığım məsələlər hələ də qalır. Odur ki, Açıq Hökumət Tərəfdaşlığı İdarə Heyətinin qərarını heç bir halda ədalətli hesab etmək olmaz". Həmsöhbətimiz bu qərarın qəbul olunmasında kimlərin rolu olduğunu da açıqlayıb. Onun sözlərinə görə, Azərbaycana qarşı qərəzli mövqedə olan bəzi beynəlxalq təşkilatlar ölkəmizə qarşı hansısa qərarlar, bəyanatlar qəbul edərkən yalnız bir neçə nəfərin fikirlərinə əsaslanırlar ki, bu da heç bir halda obyektivliyin təmin olunduğunu deməyə əsas vermir: "Məndə olan məlumata görə, bu qərarın qəbul olunmasında Azərbaycandan əsasən iki nəfər böyük rol oynayıb. Biri Qubad İbadoğludur, digər isə Zöhrab İsmayıl. Qubad İbadoğlunun da iştirakı ilə Açıq Hökumət Tərəfdaşlığı İdarə Heyətinin təşkil etdiyi Skype danışıqlarında Azərbaycana qarşı olduqca qərəzli və qeyri-obyektiv fikirlər səsləndirilib, doğru olmayan məlumatlar verilib. Şəxsən Qubad İbadoğlu da ölkədə Vətəndaş Cəmiyyətinin durumundan danışıb və heç bir əsası olmayan, sırf şəxsi maraqlara söykənən uydurma fikirlər dilə gətirib. Zöhrab İsmayıl isə hazırda xaricdə oturub Azərbayacan qarşı fəaliyyətini davam etdirir. Bu qərarın qəbul olunması üçün onun da ciddi çalışmaları olub. Odur ki, sözügedən qərarın ölkədəki vəziyyətə adekvat olduğunu deməyə heç bir əsas yoxdur. Bu, yalnız bir neçə qərəzli şəxsin əməyinin məhsuludur. Qubad İbadoğlu Mədən Sənayesində Şəffaflığın Artırılması Təşəbbüsündə də Azərbaycanın dövlət maraqlarının əleyhinə çıxış edib. Həmin təşəbbüsdə Azərbaycanın statusunun aşağı salınmasında onun danılmaz çalışmaları olub".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00