Daha bir avtomobil yolu təmir edilir
5 May 2016 12:20 Sosial"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Tovuzun Qovlar-Alakol-Ağacqala-Sarıtala avtomobil yolunun tikintisinə start verilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Qovlar-Alakol-Ağacqala-Sarıtala avtomobil yolunun tikintisi işlərinə prezident İlham Əliyevin 19 fevral 2016-cı il tarixli imzaladığı sərəncamla "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində başlanılıb. Layihə çərçivəsində ilkin mərhələdə yolun Əyyublu-Alakol kəndləri arasında olan 17 kilometrlik hissəsinin 3-cü texniki dərəcəyə uyğun salınması nəzərdə tutulub. Digər mərhələlərdə yolun qalan hissələrinin tikintisi aparılacaq. Sözügedən avtomobil yolunun tikintisi ilə 16 yaşayış məntəqəsinin 50 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, bölgənin turizm potensialı artacaq və yeni yol kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.