Avtonəqliyyatın sıxlığı aradan qaldırılacaq
29 Mart 2016 16:19 SosialBakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan Moskva prospektinin yan yoluna, daha dəqiqi "Şamaxinka" deyilən əraziyə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə daxil olmasını təmin etmək məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunun giriş hissəsində yerləşən torpaq təpəciyinin bir hissəsi sökülməsi və yolun genişləndirilməsi işləri yekunlaşıb. "Azəravtoyol" ASC-dən "OLAYLAR"-a bildirilib ki, sözügedən hissədə yol 1 hərəkət zolağı enində genişləndirilib. Artıq avtonəqliyyat vasitələri manevr etmədən "Şamaxinka" deyilən əraziyə biraşa daxil ola bilirlər. Bu isə həmin hissədə nəqliyyat vasitələrinin sıxlığının azalmasına müsbət təsir etmiş olub.
Qeyd edək ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədi ilə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Kompleks tədbirlər çərçivəsində yolun "Xırdalan dairəsi" istiqamətinə doğru olan hissəsinin 9-cu kilometrliyində yerləşən yerüstü piyada keçidinin dayaqlarının sökülməsi işləri aparılır. Yolun "Xırdalan dairəsi"nə doğru olan hissəsinin də 1 hərəkət zolağı enində genişləndirilməsi işləri aparılır. Sözügedən işlər 1200 metrlik ərazini əhatə edəcək. Aparılacaq təmir-tikinti işləri çərçivəsində yol kənarlarında səth sularının normal kənarlaşdırılması üçün suötürücü küvetlər də tikiləcək. Bundan öncə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometrlik hissəsində "Azəravtoyol" ASC tərəfindən aparılmış yenidənqurma işləri çərçivəsində yol 2-4 hərəkət
zolağı enində genişləndirilib. Bu isə həmin ərazidə yaranan "tıxac"ın xeyli azalmasına gətirib çıxarıb.