Kartof istehsalı əhalinin tələbatını ödəmir
Xaricdən gətirilən məhsullar isə insan orqanizmi üçün təhlükəlidir
29 Mart 2016 14:30 SosialAzərbaycanda ikinci çörək hesab olunan kartof istehsalı əhalinin tam tələbatını ödəmir. Belə ki, adambaşına istehlak norması 124 kiloqram olduğu halda Azərbaycan adambaşına 105 kiloqram kartof istehsal edir. Üstəlik keyfiyyəti aşağı olduğuna görə istehsal olunan məhsulun heç də hamısı istehlaka yönəlmir. Elə bu səbəbdən də adambaşına kartof istehlakı ilbəil aşağı düşür. Yaranmış boşluğu doldurmaq üçün xarici ölkələrdən idxal edilən kartof isə müxtəlif problemlər yaradır. Məlumata görə, ölkəyə emal məqsədilə idxal olunan texniki və yemlik sort kartof istehlak bazarına çıxarılır və əhaliyə ərzaq kartofu kimi təqdim olunur. Hətta insan orqanizmi üçün təhlükəli olan bu məhsulu inhisarçı işbazlar əhaliyə dəyərindən 20 dəfə baha qiymətə satırlar. Məsələn, bu yaxınlarda İran İslam Respublikasından Azərbaycana daxil olan və hər birində 24 ton olmaqla, ümumilikdə cəmi 48 ton ərzaqlıq kartof məhsulu daşıyan iki yük avtomobilindən götürülmüş nümunələr Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin laboratoriyasında karantin ekspertizasına təqdim edilib. Ekspertiza zamanı hər iki yükdə karantin tətbiq edilən zərərli orqanizm - kartof güvəsi (Phthorimaea operculella Zell.) və gövdə nematodu (Ditylenchus dipsaci Filipjev) aşkar edilib. Nəticədə 48 ton kartof məhsulunun ixracatçı ölkəyə geri qaytarılıb. Yeri gəlmişkən qeyd edək ki, kartof güvəsi kartof, badımcan, tütün və quş üzümü fəsiləsinə aid digər mədəni və yabanı bitkilər üçün təhlükəli zərərvericidir. Daha çox kartofa ziyan vuran güvə kütləvi çoxaldıqda sahədə və ya anbarlarda saxlanılan kartof yumrularını 2-3 həftə ərzində tamamilə məhv edə bilir. Zərərverici hətta 25-80% məhsul itkisinə səbəb olur. Kənd təsərrüfatı üzrə tanınmış ekspert Vahid Məhərrəmli bəzi işbazların əhaliyə ucuz qiymətə sırıdığı kartof məhsulunun keyfiyyətindən danışarkən qeyd edib ki, əslində texniki sort kartof spirt, kraxmal, plastmas istehsalında, yemlik sort kartof isə heyvandarlıqda şirəli yem kimi istifadə üçün nəzərdə tutulur. "Texniki və yemlik sort kartofların məhsuldarlığını artırmaq məqsədilə istehsal zamanı zəhərli kimyəvi maddələrdən, pestisidlərdən daha çox istifadə olunur. Ona görə də onlardan qida kimi istifadə etmək insan orqanizmi üçün zərərlidir". Qeyd edək ki, hazırda bazarda yerli məhsullarla yanaşı, Rusiya, Türkiyə, İran, Pakistandan gətirlmiş kartoflar da satılır. Xarici ölkələrdən gətirilən kartof yerli malla müqayisədə nisbətən ucuz qiymətə satıldığından, əhalinin aztəminatlı hissəsi də məhz həmin məhsullardan almağa məcburdur. Mütəxəssislər hesab edirlər ki, Azərbaycanın Cəlilabad, Gədəbəy, Tovuz, Şəmkir rayonlarda ən keyfiyyətli və məhsuldar ərzaq kartofu istehsalı mümkündür ki, buna da hökumətin dəstəyi lazımdır. O da nəzərə alınmalıdır ki, Belorusiya, Ukrayna, Qırğızıstan, Rusiya kimi ölkələr istehlak normasından dəfələrlə çox məhsul istehsal edir. Bu qədər məhsul onların istehlak tələbini ödəməklə yanaşı həm də ixraca yönəlir, bu da ölkəyə valyuta gətirir. Halbuki Azərbaycanda kartofçuluğun inkişafı üçün zəngin iqlim və torpaq imkanları mövcuddur.
Azərbaycana ilk dəfə kartof nə vaxt gətirilib?
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, kartof badımcançiçəklilər fəsiləsinin solanum cinsindən çoxillik ot bitkisidir. Mədəni halda 2 növü: And kartofu (S.andigenum) və Çili kartofu (S.tuberosum) vardır. Kartofun tərkibində orta hesabla 76,3% su, 23,7% quru maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər, 1-2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və kapotinoidlər vardır. Kartof, nişasta, spirt, kartof unu, çips sənayesində xammal və heyvanlar üçün yem kimi işlədilir. Xalq təbabətində kartofun şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının müalicəsində də istifadə edilir.
Kartof yumrusu bir növ gövdənin qısaldılmış və yoğunlaşmış forması sayılır. Kartof bitkisi 4-5, bəzən 6-8 gövdədən ibarət olur. Cücərmiş tumurcuqların sayı çox olduqda gövdələrin sayı da çox olur. Hər bir gövdə 3-7 stolon əmələ gətirir. Stolonun uzunluğu həmin kolun yığcam olub-olmamasını xarakterizə edir. Bitkilərin boyu 15-20 sm olduqda gövdələrin yeraltı hissəsində əmələ gələn stolonun ucunda əvvəlcə nöqtə şəkilli çox xırda yumru əmələ gəlir. Bitki inkişaf etdikcə o böyüyür və kartof yumrusunu əmələ gətirir. Kartof 1565-ci ildə cənubi Amerikadan İspaniyaya gətirilmiş oradan digər Avropa ölkələrinə yayılmışdır. Rusiyaya kartofu ilk dəfə 1697-ci ildə I Pyotr Hollandiyadan gətirmişdir. Azərbaycana kartofu 1829-1833-cü illərdə rus ordusu və Rusiyadan sürgün olunmuş malakanlar tərəfindən gətirilmişdir. Sovet İttifaqı illərində ən çox kartof əkini 1990-cı ildə- 23,8 min hektar sahədə aparılmış 185,2 min ton məhsul istehsal olunmuşdur. Müstəqillik əldə olunandan sonra respublikada 1996-cı iladək kartofun əkin sahəsi və istehsalı azalmış, sonra tədricən artmışdır. Sonrakı illərdə ən çox kartof əkini 2008-ci ildə 71,2 min hektar sahədə aparılmış 1037,3 ton məhsul istehsal edilmişdir.
Yerli sortların üstünlüyü
Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2013-cü ildə Azərbaycanda 65,3 min hektar sahədə kartof əkilmiş, 992,8 min ton məhsul istehsal edilmiş, məhsuldarlıq 152 sen/ha olmuşdur. 2013-cü ilin əvvəlinə 553,1 min ton kartof ehtiyatı qalmış, 2013-cü ilin sonunda 992,8 min ton kartof istehsal edilmiş və həmin ilin sonuna 78,0 min ton məhsul idxal edilməklə cəmi 1624,0 min ton kartof ehtiyatı yaranmışdır. 1624,0 min ton kartof ehtiyatından 2014-cü ilin məhsulu üçün 196,0 min ton toxuma, 370 min ton mal-qara və quş yeminə, 692,0 min ton ərzaq məhsulu kimi istifadəyə, 64,0 min ton itkiyə, 54,0 min ton ixraca istifadə edilmişdir. 2014-cü ilin əvvəlinə 581,0 min ton kartof ehtiyatı qalmışdır. Minimum istehlak səbəti üzrə kartofun adambaşına düşən illik istehlak norması 44,2 kq götürülmüşdür. Bu hesabla 573,8 min ton artıq kartof məhsulu istehsal edilmişdir. Bu göstəricilər onu deməyə əsas verir ki, respublikada kartof məhsuluna olan minimum tələbat tam ödənilir. Üstılik yerli sortların xarıcı sortlardan təsərrüfat və məhsulun keyfiyyət göstəriciləri baxımından üstünlüyü də inkar edilmir. Bu üstünlüyü müəyyən etmək üçün yerlı kartof sortlarının toxumları xarıcdən gətirilmiş sortların toxumları kimi sağlanlaşdırılmalıdır ki, (virus, bakterial və digər xəstəliklərdən təmizlənməlidir) yerli sortların potensial imkanı üzə çıxsın və fərqləndirmək mümkün olsun. Tərəvəzçilik İnstitutunda yaradılmış biotexnologiya laboratotiyası tam ışə düşdükdən sonra bu məsələ öz həllini tapacaqdır. Əsas üstünlük yerlı sortların stress faktorların təsirinə xarıcdən gətirilmiş sortlara nisbətən daha davamlı olmasıdır.
Kartofçuluğun inkişaf yolları
Kənd Təsərrüfatı Nazirliyində hesab edirlər ki, kartof sahəsinin imkişafı və məhsulun istehsalının artırılması üçün kifayət qədər imkanlar mövcuddur. Belə ki, ölkədə kartofçuluğun inkişafına nail omaqdan ötrü onun toxumçuluğu üzrə işləmək, xəstəlik və zərərverıcılərlə vaxtında və düzgün mübarizə aparmaq, kartofçuluğun digər sahələrini müasir səviyyədə unkişaf etdirmək məqsədilə yüksək ixtisaslı kartofçu kadrlar hazırlanmalıdır. Keyfiyyətli toxumluq kartof istehsalı problemini həll etmək üçün iki üsul vardır. 1-ci kartofun ilkin toxumçuluğu respublika daxilində təşkil edilməlidir. 2-ci üsulda super-superelit, yaxud superelit, yaxud elit, yaxud 1-ci repreduksiya toxumları xarıcdən gətirilməlidir. Gübrələrin, dərman preparatlarının keyfiyyətinə nəzarət gücləndirilməlidir. Kartofun bütün əkinlərində səmərəli növbəli əkin sxemlərindən istifadə edilməlidir. Ən nəhayət kartofdan bir ildə iki məhsul alınması işi genişləndirilməlidir. Nazirlikdən bildirilib ki, kartof bitkisi üçün ən yaxşı sələf bitkiləri dənli bitkilər, birillik və çoxillik otlar, paxlalı bitkilər, qarğidalı, şəkər çuğunduru, xiyar, soğan və s. hesab edilir. Kartofun kökləri, stolonları və yumrularının normal inkişafı üçün torpaq yumşaq, dənəvər və rütubətli olmalıdır. Payızda şum təsərrüfatlardan asılı olaraq sentyabr-oktyabr aylarında 27-30 sm dərinlikdə, şum qatı dayazdırsa, onda şum qatı dərinliyində aparılır. Erkən yazda 15-18sm dərinliyində dayaz şum, diskləmə və malalama işləri aparılır. Toxumluq sahələrdə bitki arası məsafə ərzaq əkinlərinə nisbətən az olmalıdır. Kartofun çıxışının normal alınması üçün toxumluq kartof, əkindən əvvəl cücərdilməlidir. Cücərtilərin maksimum boyu 3-5 mm olmalıdır. Optimal əkin müddəti suvarılan-aran təsərrüfatlarda fevralın 20-dən martın 10-dək, dağətəyi təsərrüfatlarda martın 1-dən 31-dək, dağlıq təsərrüfatlarda aprelin 10-dan 30-dəkdir. Onu da qeyd etmək lazımdır ki, əkin vaxtı 10 sm dərinlikdə torpağın temperaturu 70C-dən aşağı olmamalıdır.Yumruların iriliyindən və əkin sxemindən asılı olaraq bir hektar sahəyə 2,0-3,5 ton toxumluq kartof ışlənir. Sahədə 2-3% çıxış alındıqda alaq otlarına qarşı uyğun herbisidlə çilənmə aparılmalıdır. Bitkilərin boyu 15-20sm olduqda əvvəlcə kultivatorun qazayağı pəncəlı işçi olqan ilə dibyumşaltma, 3-5 gün sonra kultivatorla dibdoldurma əməliyyatı aparılır. Axırıncı dibdoldurma işi iki yanaşı şırımdakı bitkilərin yarpaqları bir-birinə toxunmağa başladıqda aparılır. Suvarılan sahələrdə kartofa ən çox ziyan vuran virus xəstəlikləri, ziyanvericilərdən məftil qurdu, kolorado böcəyi, kələm sovkası və kartof güvəsidir. Dağlıq sahələrdə isə kartofa ən çox ziyan vuran fitoftora xəstəliyi, ziyanvericilərdən kolorado böcəyidir. Virus xəstəliklərinə qarşı mübarizə tədbiri: virusları yayan mənənələrin uçuş dövründə uyğun dərmanla çilənmə aparılmalıdır. Digər xəstəliklərə qarşı mübarizədə Ridomil, Dikozin, Fundazol, Poliram, zərərvericilərə qarşı isə Ramplan, Mospilan və s. preparatlardan istifadə edilir. Bir hektar suvarılan sahədə kartof yetışdirilməsinə 3162,0 manat xərc çəkilərsə, bir sentner isrehsal edilmiş kartof məhsulunun maya dəyəri təqribən 31,62 manata başa gələr. Bir hektar dəmyə torpaqda kartof məhsulu yetişdirmək üçün faktiki olaraq 3123,0 manat xərc çəkilirsə, bir sentner kartofun maya dəyəri 31,23 manata başa gələr. Göründüyü kimi səmərəli və faydalı hesab olunan kartofçuluğun inkişaf etdirilməsi üçün ölkəmizdə əlverişli şərait mövcuddur. Sadəcə, bu məhsulun inkişafına stimul verilməlidir.
Nurlan