Tibbi sığortanın hansı üstünlükləri ola bilər?

Rövşən Məmmədli: “Tibbi sığorta olarsa həkimlərin cibinə axan pulların qarşısı alınar, sığorta kimi yığılan pullar şəffaf şəkildə büdcəyə yönəldilər”

Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var. Yəni pulunu ödəmədən tibbi yardım almaq mümkündür. Ancaq indi Azərbaycanda elə bir xəstə tapılmaz ki, o, hansısa məbləğdə pul ödəməsə tibbi yardım almış olsun. Xüsusilə xəstəlik ciddi və həyatı əhəmiyyətli olarsa mütləq o, xəstənin cibləri, hətta yaxınlarının cibləri həkimlər və digər tibbi personalar tərəfindən soyulacaq. Ən pisi isə odur ki, bunun qarşılığında keyfiyyətli tibbi yardım göstərilməyəcək. Elə bu səbəbdəndir ki, mütəmadi olaraq tibbi sığortanın tətbiqi məsələsi gündəmə gəlir. Hüquqşünas Rövşən Məmmədli deyir ki, konstitusiyanın müvafiq maddəsinin 2-ci bəndinə əsasən dövlət tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. Ancaq 20 ildən artıq müddət keçməsinə baxmayaraq bu günə kimi tibbi sığortaya keçilmir: "Nə üçün o qədər də əhəmiyyətli olmayan, xalqa xeyir verməyən, yalnız sığorta şirkətlərinə xeyir verən sığortalara dərhal keçirik, ancaq xalqın bu ağır vəziyyətində, ölkəni çox ağır xəstəliklər bürüdüyü və xalqın səbrlə gözlədiyi tibbi sığortaya keçmirik. Necə ki, ASAN xidmət yaradıldı, xalqın canı bəzi süründürməçiliklərdən qurtuldu, indi də ölkəmizdə tibbi sığortaya keçilməsi çox vacibdir. Vacibdir ona görə ki, həkimlər xəstənin əlinə baxmasınlar, pulu olmayanı müalicəsiz buraxmasınlar". Rövşən Məmmədli bildirib ki, tibbi sığorta olarsa həkimlərin cibinə axan pulların qarşısı alınar, sığorta kimi yığılan pullar şəffaf şəkildə büdcəyə yönəldilər və onun da əsasında həkimlərin maaşları indikindən on dəfə çox olar: "Onlar da xəstəyə canla-başla qulluq edərlər. Eyni zamanda həkimlərin xəstələrin cibinə girməsinə son qoyular, həkim-xəstə münasibətləri sivil hala gələr. Bu sahədə, dərman satışı sahəsində formalaşmış böyük korrupsiya, inhisarçılıq hallarına son qoyular, dərmanlar öz qiymətindən beş, on qat baha satılmaz. Elə isə Səhiyyə Nazirliyi nə üçün tibbi sığortaya keçilməsi məsələsini hökumət qarşısında, yaxud parlamentdə qaldırmır. Bir-iki ay öncə yenidən tibbi sığortaya keçilməsi məsələsi qaldırıldı və tibbi sığortaya keçilməməsinin səbəbinin açıqlanması istənildi. Səhiyyə Nazirliyinin nümayəndəsi isə televiziyaya çıxaraq bu il tibbi sığortaya keçiləcəyini bildirdi. Ancaq o da bildirildi ki, bunun üçün müxtəlif ölkələrin təcrübəsini öyrənmək lazımdır. Təəssüflər olsun ki, bu məsələ elə onunla da unuduldu. Ancaq ölkəmizdə tibbi sığortaya keçilməsini bir an, bir gün belə ləngitmək olmaz". Hüquqşünas deyir ki, tibbi sığortaya keçmək üçün Türkiyədə tətbiq edilən forma olduqca səmərəlidir: "Türkiyədə tibbi sığorta ödəyən hər bir şəxs istənilən xəstəliyini çox yüksək səviyyədə, pulsuz, parasız müalicə etdirir. Bu ölkədə həkimlərin də maaşları yüksəkdir. Xəstəxanalar da hər cür tibbi persona, tibbi ləvazımatlarla təmin olunub. Bütün bunlar hamısı tibbi sığortanın sonucudur". Rövşən Məmmədli hesab edir ki, Azərbaycanda tibbi sığortanın olmaması səhiyyə sahəsində bir sıra problemlər yaradır: "Ölkədə həkimlərlə xəstələr arasında utanc gətirən münasibətlər yaranır. Bəzi həkimlər xəstənin maddi vəziyyətini nəzərə almadan onlardan fantastik rəqəmdə pul tələb edirlər. Pul verməyəndə isə müalicə etmir, yaxud səhlənkarlıq edərək xəstənin vəziyyətini daha da ağırlaşdırırlar. Elə həkimlər var ki, az qala 3-4 yerdə, klinikada işləyir. Bu azmış kimi bir özəl iş yeri də olur. Belə həkimin xəstəni müalicə etməsi nə effekt verəcək? Bəzi baş həkimlər cərrahlardan əməliyyat etdikləri xəstəyə görə ən azı 100 manat pul tələb edirlər". Hüquqşünas bəzi həkimlərin dərman mafiyaları ilə iş birliyinə girib lazım oldu-olmadı xəstələrə əlavə dərman reseptləri yazdığını da deyib: "Dərman mafiyaları da dərmanların qiymətlərini 5 dəfə, hətta 10 dəfə qaldırırlar. Bunu yaxın keçmişdə dərmanların qiymətlərində endirim edilərkən cəmiyyət aşkar gördü. Həmin endirimlərə əhəmiyyət verilmədi. Ən pisi isə odur ki, bu dərmanların çoxunun keyfiyyəti belə yoxdur. Hətta saxta olan dərmanlar da aşkar olunur. Konstitusiyamızda göstərilir ki, insanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. Bəs elə isə bu saxta və keyfiyyətsiz dərmanları xaricdən gətirib xalqa sırıyan işbazlar, pulsuz dərmanları xəstələrə pulla satan tibb işçiləri, dərman mafiyasının üzvləri nədən məsuliyyətə cəlb olunmur, onların bu iyrənc əməllərinin qarşısı nədən alınmır? Bununla yanaşı ölkəmizin bazarlarını keyfiyyətsiz və sağlamlıq, həyat üçün təhlükəli olan ərzaqlar bürüyüb. Geni dəyişilmiş ərzaqlarla marketlər, bazarlar doldurulub".


Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00