Kənd təsərrüfatının inkişafına nail olunmalıdır

Bu sahədə iş yeri də var, dolanışıq da...

Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ölkələri ciddi tədbirlər görməyə vadar edib. Lakin fakt ondan ibarətdir ki, görülən bütün səylərə baxmayaraq bir sıra inkişaf etmiş ölkələrin iqtisadiyyatı tənəzzülə uğrayıb. Azərbaycanda həyata keçirilən düşünülmüş iqtisadi siyasət inkişaf dinamikasını saxlasa da xarici təsirlərin minimuma endirilməsi məqsədilə müəyyən tədbirlərin həyata keçirilməsi zərurəti yaranır. Məhz bunu əsas götürən hökumət Azərbaycanda qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatı sahəsinin inkişafını qarşıya məqsəd kimi qoyub. Ötən ilin ölkədə " Kənd təsərrüfatı ili" elan olunması nəticəsində bir sıra naliyyətlər əldə olunsa da qarşıda daha böyük hədəflər durur. Bunlar ölkə əhalisinin kənd təsərrüfatı məhsulları ilə tam təmi edilməsi ilə ərzaq təhlükəsizliyi probleminin aradan qaldırılması, bu növ məhsulların ixracatını artırmaq və dünya bazarına ekoloji təmiz kənd təsərrüfatı məhsulu çıxarmaqdan ibarətdir. Maraqlıdır, qarşıya qoyulan hədəflərə çatmaq üçün Azərbaycanın iqtisadi potensilları mövcuddurmu? Millət vəkili, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev hesab edir ki, kənd təsərrüfatında rəqabətə nə qədər müstəqillik versən, bir o qədər inkişaf olacaq. Bazarda qiyməti ucuz, keyfiyyəti yüksək, tələbatı ödəyən məhsulların olması vacib məsələlərdir. Söhbət kənd təsərrüfatı məhsullarından gedirsə, dadı, keyfiyyəti, saxlama müddəti bilinməlidir. Ona görə bu məsələlərdə rəqabətə nə qədər geniş meydan verilsə, keyfiyyət, kəmiyyət də o qədər yaxşı olar. Biz bu məsələlərdə İran, Türkiyə kimi böyük dövlətlərlə müqayisələr apara bilərik: "Amma qeyd edim ki, bizim məhsulların keyfiyyəti digər iki dövlətin məhsullarına nəzərən daha üstündür. Biz həmişə geni dəyişmiş məhsulların əleyhinə olmuşuq. İran məhsulları arasında geni dəyişmiş mallar daha çoxdur. Bunu həm İran, həm də Türkiyə vətəndaşları özləri vurğulayır ki, bizim kənd təsərrüfatı məhsulları onların 40-50 il əvvəl becərdikləri məhsulların dadını verir. Bu, o deməkdir ki, bizdə istehsal olunan kənd təsərrüfatı məhsulları daha keyfiyyətli, daha ekoloji təmizdir. İnanın, Avropa ölkələrinin təmsilçilərinin adından da deyə bilərəm ki, bir neçə dəfə Fransadan ayrı-ayrı şirkətlərin nümayəndələri gəlib, bizim pomidorları yeyəndə, deyirlər ki, "xahiş edirik, bunun toxumundan verin, biz də bundan əkək". Elə vaxt olub ki, Azərbaycandan Fransaya əkmək üçün pomidor şitili vermişik. Özləri üçün əkməyə aparıblar. Deməli bizə etimad var". Onun sözlərinə görə, keçən il cənab Prezident tərəfindən Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilmişdi. Müəyyən sahələrdə imtiyazlar verilməklə bərabər, xeyli irəliləyişlər də oldu. Cənab Prezident bir neçə dəfə qeyd edib ki, nəinki 2015-ci il, hər il "kənd təsərrüfatı ili" olmalıdır. Biz kənd təsərrüfatını yaddan çıxarmamalılıyq. Çünki bu gün ən kreativ sahə aqrar sahədir. Burada söhbət təkcə əkin-biçindən getmir. Emal müəssisələri açılmalıdır ki, kənd təsərrüfatı məhsulları emal olunmuş şəkildə dünya bazarlarına çıxarılsın: " Mən əminəm ki, buna nail olacağıq. Bəzən fikirləşirik ki, bir günün içində hər şey qazanaq. Ancaq elə deyil. Kənd təsərrüfatı elə bir sahədir ki, gəlir az, ancaq davamlı olur. İş yerləri də var, dolanışıq da olur. Bu iş mövsümi işdir. Elə ola bilər ki, yay aylarında 12-14 saat işləsinlər. Ancaq qış aylarında onların dincəlmək vaxtı daha çoxdur. Digər tərəfdən, öz məhsullarını başqa yerlərdə sata bilirlər. Keçən ildən başlayaraq şəhərdən kəndə qayıtmalar var. Bunun özü aqrar sahənin inkişafına böyük təkan verəcək". Millət vəkilinin fikrincə, bu səhəyə diqqətin artırılması sözssüz ki, regionların inkişafına müsbət təsir edəcək: "Aqrar sahənin inkişafı üçün nə lazımdır? Torpaq, su, dövlət tərəfindən dəstək və qayğı. Bunlar hamısı var. Cənab Prezident pambıqçılıqğa bağlı bir neçə neçə dəfə çıxış edib. Pambıqçılıq kənd təsərrüfatının ən aparıcı sahələrindın biridir. Pambıq Azərbaycanda emal olunmalıdır. Təkcə yüngül sənayedən danışmırıq. Bizdə səhiyyəyə də, Müdafiə Nazirliyinə də pambıq lazımdır. Bizə pambığın çiyidi də lazımdı. Hətta onun kollarından mebel sənayesində də istifadə edirlər. Biz zəfəranı unutmuşuq. Bu, qızıldan, platindən bahalı məhsuldur. Daxildən də, xaricdən də alıcısı var. Təbabətdə və məişətdə geniş istifadə olunur. Resursu olan ölkələr zeytunçuluqla məşğuldur. Yunanlar üzümçülük, zeytunçuluqla yaşayırlar. Üzümdən şərab çəkirlər, zeytundan yağ hazırlayırlar. Bizdə zeytunçuluq unudulub. Fransızlar da şərabçılıqla məşğuldurlar. Azərbaycanda bu sahələrə diqqət vermək lazımdır. Vaxtilə baramaçılıqda istifadə etdiyimiz tut ağaclarını da kəsdik. Tut ağacları iki cür olur, bar verən və bar verməyən. Bar gətirməyən tut ağacının yarpağını ipəkqurdu yeyirdi. O ağacları Şəkidə, Zaqatalada kəsdik. Qarabağı da ermənilər zəbt etdilər. Vaxtilə hətta Bakıda da barama saxlanılırdı və Şəki ipək zavodunda istifadə olunurdu. Bu gün dəri ən qiymətli məhsullardan biridir. Biz dəriləri yığıb xaricə göndəririk. Niyə biz özümüzə ayaqqabı, paltar tikmirik? Cənab Prezident də deyir ki, "niyə biz ayaqqabını kənardan almalıyıq?". Biz öz istehsalımızı inkişaf etdirməliyik". Aqrar sahəni tənzimləyəcək qanun layihələrinə toxunan millət vəkili qeyd edib ki, hazırda komitədə birinci işimiz budur ki, aprel ayında "Kooperasiya haqqında" qanunu ikinci, üçüncü oxunuşdan keçirib qurtaraq: "Çünki bu qanun neçə vaxtdır müzakirədədir. Bu qanun layihəsinin təsdiqlənməsinin vaxtı artıq yetişib. Hökumətin hesabatı ilə üst-üstə düşməsin deyə, biz onu aprel ayı üçün gündəliyə saldıq. Aprel ayında ikinci, üçüncü oxunuşda biz onu qəbul edəcəyik. Bizdə Milli Məclisin qanunların icrasına nəzarət səalhiyyəti yoxdur. Bu gün qanunun həyata keçirilməsi icra orqanlarının üzərinə düşüb. Biz Ağcabədidə, Sabirabadda olmuşuq. "Kooperasiya haqqında" qanun qəbul olunmasa da, artıq rayonlarda işlər gedir. Biz də çalışacağıq ki, kömək göstərək. Bu vaxta qədər hansı kooperativlərə kömək lazım olubsa, dəstək vermişik və yenə də hazırıq. Bizim istəyimiz odur ki, kənd təsərrüfatını yüksək səviyyəyə çatdıraq. Demirəm ki, 1-2 ilə Avropa standartlarına çata bilərik. Amma 5-10 ilə buna nail ola bilərik. Məhsuldarlığı və keyfiyyəti yüksəltsək, Avropa bazarlarına rahat çıxa bilsək, böyük uğur olar. Onda camaatın ən böyük məqsədi kənd təsərrüfatını inkişaf etdirmək olacaq. Məhsuldarıq nə qədər çox olsa, təminat da o qədər yüksək olacaq. Ona görə, söhbət təkcə torpağın çoxluğundan getmir. Qoy torpaqdan məhsuldarlıq çox olsun. Mal-qaramız olsun, süd, ət yüksək səviyyədə istehsal edilsin".

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00