Maştağa-Bilgəh yolunun tikintisinə başlanılıb

Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncama uyğun olaraq "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yolun tikintisi işlərinə başlanılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tikinti işlərinə Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru start verilib. Yolun ümumi uzunluğu 9 km, hərəkət hissəsinin eni isə 7 m-dir. Tikinti işləri çərçivəsində yolun eni 9 m-ə qədər genişləndirilir. Bundan başqa yol boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, yeni yol yatağı salınır. Ümumilikdə yol boyu 81 min m2 sahəyə 2 qat olmaqla müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənəcək. Avtomobil yolunun yenidən qurulması ilə avtonəqliyyat vasitələrinin yeni tikilən Dənizkənarı Dairəvi yoluna və əksinə rahat və maneəsiz çıxışı təmin olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00