Dövlət və özəl baytarlıq mütəxəssisləri üçün virus xəstəliklərinə dair seminar keçirilmişdir
29 Mart 2016 14:02 SosialMartın 29-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) təşkilatçılığı ilə "İribuynuzlu heyvanların virus xəstəliklərinin profilaktikası, diaqnostikası və mübarizə tədbirlərinə dair" seminar keçirilmişdir.
Seminarda "İribuynuzlu və xırdabuynuzlu heyvanların əsas təhlükəli virus mənşəli xəstəlikləri, onların diaqnostikası və profilaktikası haqqında (nodulyar dermatit, paraqrip-3, viruslu diareya, adenovirus, rota və koronavirus, rinotraxeit infeksiyası və s.,)", "Xırdabuynuzlu heyvanların əsas təhlükəli virus xəstəlikləri, onların diaqnostikası və profilaktikası haqqında (blutanq, xırdabuynuzlu heyvanların taunu, çiçək xəstəlikləri və s.,)", "İri və xırdabuynuzlu heyvanların virus xəstəliklərinə qarşı mübarizə tədbirləri (peyvənd, müalicə vasitələri, dezinfeksiya, dezinseksiya və s.,), "Xırdabuynuzlu heyvanların invazion xəstəliklərinin profilaktika və müalicə vasitələri" mövzularında məruzələrlə çıxış edən Rusiya Federasiyasının "NARVAK" Elmi-İstehsalat Birliyinin elm işlər üzrə baş direktorunun müavini, baytarlıq elmləri doktoru İrina Anatolyevna Proxorova ayrı-ayrı xəstəliklərin profilaktikasından, diaqnostikasından, müalicəsindən və dezinfeksiyanın qiymətləndirilməsindən ətraflı məlumat vermişdir. Məruzəçi bildirmişdir ki, infeksiya və invaziyalar yalnız inkişaf etməkdə olan deyil, həm də inkişaf etmiş ölkələrin ən böyük problemi olmaqda davam edir. Əvvəllər sadəcə hər hansı bir ölkə və ya bölgələrə xas olan xəstəliklər indi bütün dünyada sürətlə yayıla bilir. İnfeksiyalarla mübarizə üçün baytar həkimlərinin xəstəliklər barədə ətraflı məlumatı olmalı, düzgün diaqnozu təyin etməli, profilaktik-müalicə işlərini aparmalı və dezinfeksiya üsullarını bilmələri çox vacibdir. Aparılam tədbirlərin əsas məqsədi infeksiyanı və invaziyanı yayan xəstəlik mənbələrinin zərərsizləşdirilməsidir.
Sonda məruzələr ətrafında çıxışlar olmuş, alim və mütəxəssislərin diskusiyaları keçirilmiş, suallar cavablandırılmış, geniş fikir mübadiləsi aparılmış və qərara alınmışdır ki, gələcəkdə bu kimi tədbirlər müntəzəm olaraq davam etdirilsin.