Yaxın Şərqdə yeni müharibə ocağı

Qərbin ssenarisi bu dəfə Tehranla Riyadı qarşı-qarşıya qoydu

Yaxın Şərq yeni bir müharibə ocağına çevrilmək astanasındadır. Səbəb isə iranlı şiə ayətullah barədə Səudiyyə Ərəbistanında çıxarılmış ölüm hökmüdür. Vəhhabilərlə işbirliyində günahkar bilinən ayətullah Nimr əl-Nimrinin edam xəbəri Tehranda ciddi etirazla qarşılanıb. Hətta vəziyyət iki ölkə arasında müharibə mərhələsinə belə gəlib çatıb. Daha çox Qərbin barmağının olduğu bu gərginlik əslində müsəlman dünyasını qarşı-qarşıya qoymağı nəzərdə tutan yeni bir ssenaridir.

"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, ekspert Vüqar Zifəroğlu da deyir ki, səudiyyəli şiə ayətullah Nimr əl-Nimrin edamı ilə pik həddə çatan İran-Səudiyyə Ərəbistanı gərginliyi 2016-cı ilin Yaxın Şərqində nələr olacağını xəbər verən ilk işartı hesab oluna bilər. Onun sözlərinə görə, Yaxın Şərqin əyninə yenə də son dərəcə təhlükəli və eyni zamanda miqyası olduqca geniş olan qanlı məzhəbsəl qarşıdurma köynəyini geyindirməkdədirlər: "Edam həyata keçirilən kimi İranın ərəb baharından sonra ətrafında formalaşdırmağa müvəffəq olduğu "şiə hilalı" hərəkətə keçdi. İraqda Müktəda əs-Sədr bütün şiələri etirazlara səslədi, Bəhreyndə kütləvi şiə etirazları başladı, Livan "Hizbullah"ı baş verənlərə sərt reaksiya bildirdi, Yəməndə husilərlə qarşıdurma yenidən start götürdü. Əslində hər şey buna doğru gedirdi. Məsələ heç də şiə Ayətullahın sələfi səudlar tərəfindən edamında deyil. Məsələ bu edamın fonunda ortaya çıxa biləcək qorxunc məzhəbsəl qarşıdurmadır".
Vüqar Zifəroğlu deyir ki, son proseslərlə əslində Yaxın Şərqdə bir tərəfdən İranın Səudiyyə Ərəbistanını hədəf alan "Şiə" mərkəzli bir siyasət izləməsini, digər tərəfdən də buna paralel olaraq səudların liderliyində İranı hədəf alan "sünni" mərkəzli bir başqa mərkəzin formalaşdırılmasının şahidi olduq: "Maraqlı məqam odur ki, bu mərkəzi formalaşdırmaq üçün ərəblər hətta öz aralarındakı siyasi -ideoloji ixtilafları belə unutmağın zamanı gəlib çatdığını anlamışdılar. Misir məsələsində "İxvan-ul Müslimin"ə edilən dəstəkdən dolayı ciddi fikir ayrılıqları olan Qatar və Səudiyyə Ərəbistanının 34 dövləti ətrafında brləşdirən "İslam Koalisiyası" ilə bağlı son dərəcə yaxın və vahid mövqe sərgiləmələri bunun əyani sübutu hesab edilə bilər". Ekspert bildirib ki, sovetlərin dağılmasından 25 il keçməsinə rəğmən dünya hələ də yeni bir düzənə qovuşa bilməyib: "Yeni dünya düzəninin formalaşma prosesi hələ də davam edir və Yaxın Şərqdə baş verənlər
məhz bu fonda nəzərdən keçirilməlidir. Təcrid və embarqoların qalxması, eləcə də ərəb baharından sonra İranın izlədiyi xarici siyasət bölgədə dəngələrin onun lehinə dəyişməsinə səbəb oldu. Bu dəyişiklikər bir tərəfdən İranın izlədiyi siyasəti, digər tərəfdən İrandan rahatsız olan və ya onun imkanlarını məhdudlaşdırmağa çalışan bölgə ölkələrinin buna qarşı ortaya qoyduqları siyasətdən doğan bir zaman sürəci olaraq qiymətləndirilməlidir. Daha əvvəl başlamış olsa da, 1979-cu il İranda gerçəkləşən inqilabdan sonra yeni çalar alan ABŞ-Ərəb yaxınlaşması son zamanlar getdikcə zəifləməyə başladı. Vyana razılaşmasından son dərəcə narazı qalan səudlar, eləcə də digər sünni ərəb ölkələri ənənəvi qərb müttəfiqlərindən incikliklərini hər fürsətdə göstərirdilər. Ərəblər "ərəb baharı"nın nəticələrindən ayılmamış bir-bir ölkələrində baş qaldıran xaos və qarşıdurmaların fonunda güclənən İran kölgəsini də əslində gec fərq etdilər. Onların başı, məsələn, Misirdə, Tunisdə, elə Yəmənin özündə "İxvan-ül Müslimin"in axırına çıxmağa, Suriyada və İraqda baş qaldıran İŞİD faktorunun özü ilə birgə gətirmiş olduğu dəhşətlərin nəticələrini hesablamağa qarışdığı zaman, İran İraqı ələ keçirmişdi, Suriyada möhkəmlənmişdi, Livandan isə "Hizbullah"ın dili ilə növbəti düşəcək ərəb qalasının Yəmən olacağına işarə verməkdə idi. İran eləcə də Bəhreyn və hətta səudların öz içində də özünə yaxın sadiq "5-ci kolonlar" formalaşdırmışdı. Mövcud şərtlər altında İranın İraqdakı nüfuzu, Suriya iqtidarı ilə yaxın münasibətləri, İraq və Suriyada İran hərbi varlığı, İrandan başlayaraq İraq və Suriya üzərindən Aralıq Dənizinə qədər uzanan "İran koridoru" ifadəsinin yaranmasına gətirib çıxartdı. Bu koridorun, şimaldan Səudiyyə Ərəbistanına, cənubdan da Türkiyəyə qonşu olması - olduqca önəmli məqamlardır". Ekspert deyib ki, bu şərtlər altında İran və Səudların toqquşması labüddür: "Səudiyyə Ərəbistanının şərqində enerji baxımından zəngin Dammam bölgəsində çoxluqda olan şiə məzhəbli Səudiyyə vətəndaşlarının İranın təsiri altında olması və bunun Riyad üçün ciddi daxili təhlükəsizlik məsələsi olma xüsusiyyəti daşıdığı bilinməkdədir. Düşündürücü məqamdır ki, bu bölgə ciddi şiə nüfuzuna sahib Bəhreynə də dənizdən qonşudur. Qeyd etməliyik ki, Bəhreyndə İranın tam təsiri altında olan ciddi şiə hərəkatı yaşanmışdır və məhz səudlardan alınan hərbi-siyasi dəstəklə Bəhreyn iqtidarı bu hərəkatı nəzarət altına ala bilmişdi. Qırmızı Dənizə cənubdan giriş-çıxışa nəzarət edən Babül-Məndəb boğazının şərq sahili ölkəsinə daxil olan Yəmən, cənubdan Səudiyyə Ərəbistanına qonşudur və hal-hazırda Yəməndə İranla səudlar qarşı-qarşıya durmaqdadırlar. Əslində bütün bunlar İranın Səudiyyə Ərəbistanını təcrid siyasəti sərgilədiyinə işarət edən xüsuslardır. İrandan gələn bütün bu həmlələr öz təbii cavabını almalı idi. "İslam koalisiyası"nın formalaşması hər nə qədər İŞİD və terror qruplaşmalarına qarşı olsa da, "sünni birliyi" adlandırılmasının kökündə məhz İrana qarşı duruş gətirə biləcək bir faktor ola bilməsi həqiqəti də yatmaqdadır. Bu ilk cavabın ardınca, bölgədə İranın ərköyünlüyünə dözmək
niyyətində olmadıqlarını göstərmək üçün səudlar, ard-arda daha iki addım atdılar: məşhur şiə Ayətullahın edamı və ardınca da Yəməndə husilərə qarşı hərbi əməliyyatların bərpası. Hazırda Səudiyyə Ərəbistanı olduqca qarışıq və çətin bir dövr yaşamaqdadır. Həm daxildə, həm də beynəlxalq münasibətlərdə ciddi potensiallı risk və təhdidlərlə qarşı-qarşıyadır. İranın yüksələn gücü və İran-Qərb yaxınlaşması, rəsmi Riyadı İranı hədəf alan daha kəskin siyasət izləməyə vadar edir. İraqın müəyyən dərəcədə Tehranın təsiri altına düşməsi, bununla da səudları İraq üzərindən İran ilə qonşu olmaları faktı ilə üz-üzə qoyub. Akaba körfəzi üzərindən səudların qonşusu olan İsrail, Vyana razılaşması və Qərb-İran yaxınlaşmasından narazı qalan digər tərəfdir. İsrailin bu narazılığı, İranın nüvə təsislərini hava zərbələri ilə vurmaq təhdidini açıq şəkildə dilə gətirəcək səviyyədədir. Səudlar İraqın qarşısında duran İsrailə dəstək ifadə etməkdədirlər. Və mümkün hərbi qarşıdurma gerşəkləşdiyi zaman Səudiyyə Ərəbistanı İsrailə İranın dərinliklərinə hava hərəkatı gerçəkləşdirə bilmək imkanı tanımağa hazırdır. Vurğulamaq yerinə düşər ki, Sisinin rəhbərliyi altında gerçəkləşən hərbi çevrilişdən sonra səudlarla son dərəcə yaxın olan Misirin də bu ittifaqda təmsil olunması tam mümkündür. Bütün bunlara baxaraq söyləmək olar ki, İranın qarşısına aktiv olaraq "Səudiyyə-Misir-İsrail" üçlüyü çıxmaqdadır. Lakin İrana qarşı çevrələmə siyasətində Səudların yanında yer alan ölkələrin sayını bu üçlüklə məhdudlaşdırmaq doğru olmazdı. Yeni yaranmış "İslam koalisiyası" bunun ən bariz nümunəsidir. Bəsrə körfəzinin kiçik ölkələri Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin rəsmi Riyadla bir sırada olmalarına heç bir şübhə ola bilməz. Ölkəsində ciddi bir Amerika hərbi kontingenti olan Qətərin da, səudlarla münasibəti nə qədər soyuq və rəqabətli olsa belə Riyadla bir sırada olacağı dəqiqdir. Ən azından Qərb-İran yaxınlaşmasının fonunda Tehrana münasibətdə arada qalmamaq üçün Qətər belə bir seçim etmək məcburiyyətindədir. Küveyt də arada qalmamaq üçün seçimini səudların xeyrinə edir. Bu seçimin həm də digər səbəbi, 1990-cı ildə İraqın Küveyti işğal etməsi zamanı Səudiyyə Ərəbistanının bu kiçik ərəb ölkəsinə hər cür dəstək göstərmiş olmasıdır". Ekspert deyir ki, burada başqa bir məqam qeyri-ərəb ölkələri olan Türkiyə və Pakistandır: "Keçən ilin əvvəlində hər iki ölkə Yəməndə baş verənlərlə əlaqədar olaraq səudların təklifi ilə yaradılan hərbi birləşmədə yer almayacaqlarını bəyan etsələr də, ilin sonunda yaradılan "İslam Koalisiyası"nda təmsil olunacaqlarını bildirdilər. Həm Türkiyə, həm də Pakistanın öz maraqları var və istər bu gün Rusiya və İranla Suriya və İraq məsələsinə görə münasibətləri kifayət qədər kəskin olan Türkiyənin, istərsə də daxilində ciddi şiə nüfuzu olması səbəbi ilə daim İranın təsirini hiss edən Pakistanın belə bir addım atmaları əslində anlaşılandır. ABŞ-ın Hindistanla yaxınlaşması və İran-Qərb münasibətlərinin istiləşməsi, Pakistanın həm şərqdən, həm də qərbdən sıxışmasına səbəb olur. İranın "böyük fars coğrafiyası" idealı
çərçivəsində Əfqanıstana və onun üzərindən də Tacikistana maraq göstərməsi isə, Pakistanla olan qonşuluğunu fiziki olaraq daha geniş çevrəyə yaya biləcəyinə işarə etməkdədir. Bu isə, İslamabadı razı sala biməz. Qərb isə hazırda şiə ayətullahın edamı ilə gərginliyi pik həddinə çatan hər iki ölkə arasında baş verənləri özünə məxsus reaksiya sərgiləməklə izləməkdədir. ABŞ, bölgədə ənənəvi müttəfiqi Səudiyyə Ərəbistanında gerçəkləşən bu edamlara münasibət bildirmir, susqunluq nümayiş etdirir və bununla sanki Riyadın yanında yer aldığını göstərir. Amerika əslində İran və Rusiyanın bölgədə irəliləmələrinə göz yumaraq onları ustalıqla Suriyaya doğru yönəldə bildi. İŞİD - hər iki ölkənin Suriya girdabında daha artıq batmaları üçün bir oyuncaq hədəf, Əsəd isə - oyunda daha aktiv iştirak etmək üçün ruhlandırıcı priz oldu. Və hazırda bu bataqlığa kifayət qədər batmış İranın Yaxın Şərqdəki nüfuzunu laxlatmaq üçün Səudiyyə önə çıxarılmaqdadır. Ümumiyyətlə, Obama adminstrasiyasının Yaxın Şərq siyasətində həmişə ən maraqlı və spesifik məqam o olub ki, Amerika regional münaqişələrin həllində birbaşa müdaxilə əvəzinə öz "müttəfiqlərini" qabağa verib. Obamanın "bölgədəki problemlərin həllində bölgə dövlətləri məsuliyyəti öz üzərinə götürməlidir" bəyənatı da məhz bu siyasətin açar ifadəsidir. Və hazırda İranın irəliləməsinin məsuliyyəti də səudların üzərinə qoyulur. Ümumiyyətlə, 2016-cı ilin gəlişi ilə Yaxın Şərqdə yeni ssenari işə düşdü. Görünən odur ki, regionda baş verən münaqişə ocaqları bu dəfə yeni - məzhəbsəl faktorla daha da alovlanacaq. Qərb həmişəki kimi olanları kənardan həvəslə seyr edə biləcəkmi? Düşünmürəm. 2015-ci ilin əvvəlində və sonunda Parisdə baş verən terror olayları əslində Yaxın Şərqdən atılan daşın Avropanın göbəyində kiminsə başını yara biləcəyini göstərirdi. Və indi artıq olanlar daha kəskin boyut almaqdadır. Və bu öz təsirini hər ölkəyə göstərə biləcək gücə malikdir".


Füzuli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31