Türkiyədə parlament seçkiləri: mümkün ssenarilər

İyun ayının 7-də Türkiyədə keçirilən parlament seçkiləri, əslində qardaş ölkənin gələcəyini təyin edəcək əhəmiyyətə malik bir gücdədir. Sandıqdan çıxacaq səslər nəticəsində Türkiyənin hansı yolla davam edəcəyi bəlli olacaq. Belə ki, bu seçkinin nəticəsi eyni zamanda Türkiyənin yeni Konstitusiya və dövlət idarəçilik sisteminə keçidini müəyyənləşdirəcək.

Siyasi ekspert Vüqar Zifəroğlu deyir ki, 2002-ci ildən başlayaraq keçirilən bütün seçkilərdə davamlı olaraq iqtidarını və səslərini qorumağa müvəffəq olmuş AKP bu seçkiləri də qazanacağı və tək partiya hökuməti quracağı təqdirdə Türkiyənin yeni Konstitusiyası və prezident idarəçilik sisteminə keçidi baş verəcək. Məhz bu səbəbdən də Türkiyədə gərgin seçki kompaniyası davam etməkdədir: "Əslində seçkilərin nəticələrinə görə bir çox proqnozlar səslənsə də, hazırda iqtidar partiyasının lider olaraq marafonun sonuna yaxınlaşdığını söyləmək olar. Hər halda AKP yenə təkbaşına iqtidar ola biləcək səlahiyyəti əldə etmək üçün, seçicisi ilə aktiv şəkildə təmasdadır və bu nəticəyə müəyyən qədər də yaxındır". Ekspert deyir ki, AKP-nin səslərinə birbaşa təsir edəcək ən mühüm faktor etnik kürdlərdir: "Güney-doğu bölgəsindən bir o qədər ciddi səs ala bilməyən ənənəvi müxalifətə rəğmən AKP seçkilərdə hər zaman həmin bölgənin əhalisinin dəstəyini əldə etməyi bacarıb. Lakin HDP faktoru hazırki dönəmdə bu hədəfi təkrarlamağa maneələr yaradır. Hazırda həmin partiya kifayət qədər aktiv iş aparır və 4-cü partiya olaraq parlamentə daxil olmağa çox yaxımdır. Bu gün tam mübaliğəsiz demək mümkündür ki, HDP bölgədə səslərinə sahib çıxa bilsə, hətta AKP-nin təkbaşına iqtidar olmaq imkanını belə əlindən almış olar. Bu isə 2002-ci ildən bu günədək ilk koalisiyanın qurulacağı anlamını ifadə etməkdədir". Vüqar Zifəroğlunun sözlərinə görə, AKP-nin seçkilərdən tam qələbə ilə çıxmağının 3 vacib amili var ki, Güney-doğudakı kürd seçmənlərin səsi bu amillərdən biridir: "İndiki zaman üçün ən əhəmiyyətlisi hesab oluna bilər. Digər amillərdən biri isə iqtisadi amildir ki, bu AKP-nin xeyrinədir və orta statistik türk vətədaşı psixologiyasında "aş və iş" prinsipinə uyğun olaraq iqtidar partiyasının xeyrinə işləməkdədir. Üçüncü və digər maraqlı məqam isə Türkiyə siyasi sistemində sağ mərkəzçı partiya boşluğunun olması faktorudur. Ancaq AKP ciddi qələbə əldə edə bilməsə bir neçə ssenari mümkün olacaq. HDP müəyyən edilmiş 10 faizlik baryeri keçəcəyi təqdirdə 276 millət vəkilini təmin edə bilməyən AKP özü üçün bir koalisiya ortağı tapmağa məcburdur. Bu zaman onarın MHP-yə üz tutacaqları da ən çox inandırıcı variant hesab oluna bilər. Sağçı olmaları və eləcə də MHP-nin Türk-İslam ideolojisində din faktoruna önəm verməsi və həmçinin cəmaata hər iki tərəfin neqativ münasibəti bu yaxınlaşmanı mümkün edən münbit amillərdir. Bu zaman baş nazir Davudoğlunun MHP lideri Bahçalı ilə əldə edəcəyi razılaşma son dərəcə əhəmiyyətlidir. Ölkənin bütünlüyünün təmin edilməsi və unitar xarakterinin saxlanılması qarşılığında (Türkiyə Konstitusiyasının ilk 3 maddəsinin qorunması) AKP ilə ortaqlığa isti yanaşacaq Bahçalının, başqanlıq məsələsində isə yola gətirilməsi o qədər də asan olmaya bilər. Bu səbəbdən də AKP-MHP koalisiyasının qurulacağı təqdirdə yarı-başqanlıq sisteminin davam edəcəyi və hətta parlamentar sistemin gecləndirilməsinin şahidi ola bilərik". Ekspert AKP-CHP Koalisiyasını da mümkün hesab edir. Onun sözlərinə görə,  olduqca çətin görünməsinə rəğmən, belə bir ssenarinin də işə düşməsi nəzəri cəhətdən mümkündür: "Hətta bunun alınması üçün Fətullahçı camaatın belə müəyyən mənada dövriyəyə girməsini istisna etmək olmaz. Belə bir koalisiyanın qurulacağı təqdirdə ictimai təmsilçiliyin 70 faizini əhatə edəcək ki, bu da ciddi rəqəmdir. Nəticədə siyasi qütbləşmələr zəyifləyəcək. Lakin tərəflərin istər "camaat hadisələri"ndə, istərsə də digər siyasi qarşıdurmalarda biri-birilərinə sərt siyasi ritorikalar etmələri, praktik cəhətdən bu koalisiyanı mümkünsüz edir. Burda həm də sağ-sol, dindar-layiq qütbləşmələrini də nəzərə almaq lazımdır. Məhz MHP-dən fərqli olaraq bu ayrımlar AKP ilə koalisiyanı inandırıcı etmir. Türkiyədə belə qütbləşmələr son dərəcə dərindir və ciddi əhəmiyyət daşıyır. Nəhayət, AKP-HDP Koalisiyası: HDP-nin barajı keçəcəyi təqdirdə ortaya çıxacaq bir digər ehtimal da belə bir koalisiyanın qurulması ilə bağlıdır. Bu cür ortaqlıq ilk növbədə AKP-nin güney-doğu bölgəsi ilə bağlı müəyyən güzəştlərə gedə bilməsi ehtimalını ortaya atacaq ki (məsələn, federativ dövlət), bu ciddi narazılıqlara yol aça bilər. Təbii ki, belə bir ortaqlıq həm MHP, həm də hətta CHP-də ciddi narazılıq yaradacaq və bu müəyyən qarşıdurmalara yol aça bilər".

Füzuli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31