Yaxın Şərqin yeni münaqişə ocağı

Son günlər dünyanın diqqət mərkəzində olan dövlətlərdən biri də Yəməndir. Ümumiyyətlə, 2015-ci il daxil olandan Yəmən gündəmdən düşmür. Əvvəl Parisdə "Charlie Hebdo" dərgisinə edilən hücumla gündəmə gələn Yəmən, indi daxilində baş verən maraqlı proseslərlə diqqəti öz üzərinə cəmləşdirməkdədir. Analitik Vüqar Zifəroğlu deyir ki, Ərəb yarımadasının cənubunda yerləşən Yəmən, 1990-cı ildə tək bir dövlət halında birləşdikdən sonra, bu ölkədə daxili qarşıdurmalar yaşamaqdadır: "Əvvəllər Şimali və Cənubi olmaq üzrə iki hissəyə parçalanmış olan Yəmənə, birləşmək uğur və bütövlük gətirmədi. Şimali, daha sonra isə birləşmiş Yəmənin paytaxtı olan Səna şəhəri, Ədən şəhərinin mərkəz olduğu cənub torpaqları, eləcə də ölkənin şimal və şimali-şərq ərazilərində öz nüfuzunu təsdiq edə bilmədi. Beləliklə də, unitar ölkə olmasına rəğmən Sənada yerləşən Yəmən iqtidarı öz gücü və təsirini ölkənin tamamına qəbul etdirməyə müvəffəq ola bilmədi. Bu səbəbdən də, ölkənin xüsusən şimal və şimali-şərq hissəsindəki dağlıq ərazilərdə yaşayan və ölkə əhalisinin təqribən 40 faizini təşkil edən şiə məzhəbli Zeydilər və onların ən önəmli hərbi gücü sayılan Husilər ilə, Ədən və ətrafında Cənubi Yəmən adı altında müstəqil dövləti yenidən qurmağı qarşısına məqsəd qoymuş Ali Salim əl-Beyd liderliyindəki əhli-Sünnə məzhəbli ərəb əşirətləri, siyasi ayrı-seçkiliyə əsaslanan və Yəmən iqtidarının nüfuzunu keçərsiz edən bir sistem formalaşdırmağa çalışmaqdadırlar. Bu iki qrupdan əlavə, Parisdə adlarını bütün dünyaya tanıtmış Kuaşi qardaşlarının da içində təmsil olundukları və dünyanın hər yerindən gələn insanları sıralarına qəbul edərək xüsusi düşərgələrdə yetişdirən və ABŞ tərəfindən dünyanın ən təhlükəli terror şəbəkəsi olaraq göstərilən məşhur "Əl-Kaidə"nin Ərəb yarımadasındakı mərkəzi də məhz Yəməndə yerləşir. Vurğulamaq lazımdır ki, "Əl-Kaidə"ölkənin Qırmızı dəniz sahilləri və cənubunda son dərəcə ciddi nüfuz sahibidir". Vüqar Zifəroğlu bildirib  ki, Yəməndə 1994-cü ildən mütəmadi şəkildə şiddətlənərək özünü biruzə verən daxili müharibə ab-havası mövcuddur. Bunun səbəbi isə "əl-Kaidə"nin son zamanlar artan hücumları ilə yanaşı, zeydilərin Sənada sünnilərin nəzarəti altında olan hökümətə iqtisadi, siyasi və sosial sahələrdə bərabər olan ortaq dövlət qurmaq tələbi ilə mübarizəyə başlamalarıdır: "Paralel olaraq Cənubi Yəmənin keçmiş baş naziri və birləşmiş Yəmənin keçmiş baş nazir müavini işləmiş Ali Salim əl-Beydin liderliyi ilə Cənubi Yəmən Hərəkatının iqtisadi bərabərsizlik, sosial ədalətsizlik, yoxsulluq və korrupsiyaya etiraz olaraq ortaya qoyduqları müstəqillik hədəfi istiqamətində mübarizə aparmalarıdır.  Yəmən Oman dənizi ilə Qırmızı dənizin kəsişdiyi nöqtədə yerləşmiş, Şərqi Afrika sahillərini nəzarətdə saxlamaq imkanı ilə yanaşı, sünni ərəb dünyasının lideri və neft zəngini Səudiyyə Ərəbistanını cənubdan çevrələyən bir coğrafiyaya sahibdir. Bu səbəbdən Qırmızı dəniz- Oman dənizi - Bəsrə- Hörmüz xətti istiqamətində işləyən enerji daşıma xəttinə nəzarət etməkdə və Səudiyyə Ərəbistanının təhlükəsizliyinin təmin edilməsi baxımından son dərəcə ciddi strateji əhəmiyyətə malikdir. Bu həmin Səudiyyə Ərəbistanıdır ki, məhz Yəməndə baş verən son proseslər, uzun müddətdir ki, xəstə yatan krallarının vəfatı fonunda cərəyan etdi. Yəni birmənalı şəkildə Yəməndə baş verən son aktivliyi və şiələrin çıxışını, Səudların rəhbərinin vəfatı ilə eyni zamana dəng gəlməsini təsadüf hesab etmək korluq və ya ağılsızlıq olardı. Məhz bu səbəbdən də Yəməndə gücün kimin əlində olması başda Səudiyyə Ərəbistanı olmaqla, Yaxın Şərqdə marağı olan güclər arasında çox əhəmiyyətlidir. Bu ilk növbədə son proseslərdən kifayət qədər güclü çıxa bilmiş İranı da maraqlandırmaqdadır". Analitik deyir ki, Yəmən hazırda çox maraqlı hadisələrə şahidlik etməkdədir6 "Şiə zeydilərin ən əhəmiyyətli silahlı gücü olan Husilər şimaldan yola çıxaraq paytaxt Sənaya qədər gəldilər və bütün şimal əyalətlərini və eyni zamanda paytaxtdakı dövlət qurumlarını da nəzarətə götürməklə, 2011-ci ildə "ərəb haharı" dalğası ilə devrilmiş Əli Abdullah Salihin yerinə oturmuş baş nazir Əbd Rabbuh Mansur Hadini təzyiq altına aldılar. Husilərin özlərinin dediklərinə görə hədəfləri, onlarla bərabər şəkildə davranacaq və iqtidarı paylaşacaq, həmçinin Səudiyyə Ərəbistanı ilə müttəfiq olaraq onları yox etmək üçün çalışmayacaq bir Yəmən hökuməti yarada bilmək idi. Lakin Husilərin paytaxta qorxu salan bir işğalçı güc olaraq ortaya çıxmaları və yeni bir konstitusiya ilə federal idarəçilik modeli üzərində çalışan komissiyaya belə çətinliklər yaratmaları, onların əsl hədəflərinin nə olması ilə bağlı istər Ərəb dünyasında, istərsə də Qərbdə ciddi suallar doğurdu və fikir çaşqınlığına yol açdı. Və bu zaman husilərin arxasındakı əsl güc özünü göstərməyə başadı: Nəticə isə göz qabağındadır: 2015-ci ilin yanvarının ikinci on günlüyündə Kral Abdullahın vəziyyətinin pisləşməsi ilə başlanan proses, qısa zaman içərisində hakimiyyət çevrilişi ilə başa çatır.

Enerji ilə zəngin, həmçinin enerji daşıma xəttlərinə malik bölgələrdə yerləşən ölkələrdə yaşanan daxili qarışıqlıq və siyasi gərginliklər eyni ilə Yəməndə də mövcuddur. Yəmənin qarşısında, Şərqi Afrikada yerləşən və Qırmızı dənizin girişini nəzarətdə saxlayan Somalidəki dramatik vəziyyət və Efiopiya ilə Eritriya arasında yaşananlar da diqqətə alındığında, bu coğrafiyanın münaqişələr içində boğulmasının heç də təsadüf olmadığı anlaşılır. Bu ölkələr beynəlxalq güc mücadiləsinin mərkəzində yer alan enerji daşıma xəttləri üzərində olduqları üçün, qlobal/bölgəsəl güclərin biri-biriləri ilə görünməz qarşıdurmaya girdikəri savaş meydanına çevriliblər. Bu səbəbdən Ədən mərkəzli bir dövlət qurmağı hədəfləyən Cənubi Yəmən müstəqillik hərəkatına Səudların verdiyi gizli dəstək, bu ölkənin yaradılması halında Səudlar vasitəsi ilə Qərbə yönəlməsi ehtimalı şübhəsz ki, böyükdür. İran isə şiə zeydilər vasitəsi ilə Qırmızı dənizə, hətta bəlkə də Oman dənizinə çıxış əldə etməyi hədəfləməkdədir. Bura əlavə olaraq Çinin də, nə zamansa sosialist düşüncəyə malik Cənubi Yəmən Hərəkatı ilə təmasa keçə biləcəyi ehtimalını da əlavə etmək olar. Belə ki, bu bölgə, Afrikanı arxa baxçası halıa gətirmiş və Yaxın Şərqdən özünə nəql edilən enerji qaynaqlarına həyati əhəmiyyət verən Çin üçün çox önəmlidir. Buna görə də, Yəməndəki qarışıqlıq səbəbi ilə Qırmızı dəniz və Oman dənizinin qərbində təhlükə riskinin artması, Çini məmnun edir".


Süleyman
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31