AXCPsayağı bolşevizm

Və ya toyda siyasi ayrı-seçkilik

Məşədi Cəfər

AXCP-nin sözçüsü Natiq Ədilovun müsavatçı sabiq deputat İkram İsrafilin övladının toyunda çəkilmiş şəklə yazdığı rəy siyasi düşərgədə, qismən də cəmiyyətdə müzakirələrə səbəb olub. Həmkarımız Natiq bəy  İsa Qəmbərin, Rauf Arifoğlunun, İkram İsrafilin, Arzu Səmədbəylinin millət vəkili Fazil Mustafa, Aydın Mirzəzadə ilə birgə şəklinin altına təxminən belə yazıb: "Su axar çuxurunu tapar. İllərdir bunlarla zorən müttəfiqlik etməyə çalışdıq, bunların ürəyi fazillər, aydınlarla atırmış ki". Məsələ böyüdü, müzakirə qızışdı. Müzakirəyə qoşulan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "əşi, cavandı da, yazıb-yazıb da, fikir verməyin" deməkdənsə, Ədilovun tərəfini tutdu, "Bir cəbhəçiyə, təmiz müxalifətçiyə YAP-çının toyuna getmək yasaqdır" şəklində münasibət bildirdi. Ədilov bir az da qızışaraq, həvəslənərək YAP-çı deputatla toyda şəkil çəkdirməyin doğru olmadığına dair "fətva verdi". Bununla da AXCP rəhbərlərinin hansı təfəkkür sahibi olduğu üzə çıxdı. Hərdən adam XXI əsrdə belə bolşevik düşüncəli adamlarla bir ölkədə yaşadığına inana bilmir. Həqiqətənmi, adamlar 1937-ci il repressiya havasından çıxa bilməyiblər? Gerçəkdənmi adamlar Stalin, Beriya zehniyyəti daşıyırlar? İkram İsrafil övladına toy edib. Kimi dəvət edibsə, onlar da gəlib. İkram bəy Milli Məclisin üzvü olub, onun Aydın Mirzəzadə, Fazil Mustafa ilə münasibətləri olub, bəlkə də bir-birinin xeyrində-şərində iştirak ediblər. Aydın Mirzəzadənin, nə də F.Mustafanın Müsavatla problemləri olmayıb. İkinci əsasən, AXCP liderləri ilə savaşıb. Aydın müəllim isə adətən, müxalifət haqqında loyal danışan birisidir. Heç zaman onun dilində təhqir, aşağılayıcı söz eşidilməyib. O zaman nədir bu qaragüruh düşüncəsi? Lap elə tutaq ki, YAP-ın, AVP-nin, Sosial Rihafın başqa fəalları müsavatçının toyuna gəliblər. Bunu faciəyə çevirməyə nə hacət?  AXCP-dən istefa vermiş Şakir Abbas deyir ki, Elman Türkoğlunun oğlu vəfat edəndə Əli Kərimli "yasa gedək" təklifinə belə cavab verib: "O kimdi ki, mən onun yasına gedirəm". Amma Əli bəy böyüklük etməli, düşməni də olsa, Türkoğlunun məclisinə getməli idi. Əmin olsun ki, Elman məclisdə ona heç nə etməyəcəkdi. Çünki Mirmahmud ağa buna imkan verməzdi. Getməyib, çünki kini-küdurəti buna iman vermədi. İnsanların faciəsinə laqeyd qalanların, "mən böyüyəm, əjdaha liderəm, o kiçikdi, bayraqdaşıyandır" düşüncəsi ilə yanaşanların toyda qonaqlara ayrı-seçkilik qoyması, iqtidar-müxalifət söhbəti eləməsi tamamilə təbiidir. Əvvəllər belə şeylər olmazdı. İqtidarlı, müxalifətli hamı bir-birinin xeyrinə-şərinə yarayardı. Heç bir söz-söhbət də çıxmazdı. Bu cür söhbətlər "Yurd" kursu dəyişib loyal müxalifətdən ana müxalifətə çevriləndən sonra başlandı. İndi siyasi meydanda, mətbuatda, sosila şəbəkələrdə bir "Yurd" fırtınası əsir. Kimin real, kimin qeyri-real, kimi radikal, kimin loyal müxalifət olduğunu onlar müəyyən edir. Özləri də bilir ki, bu yolla ana müxalifət olmaq, hakimiyyətin kandarına belə yaxın düşmək olmaz. Sadəcə, xarici donorlara "əsil müxalifət bizik" arayışı vermək lazımdır. Qarşıdan seçki gəlir axı. "Yurd"un çalışdığı odur ki, xarici təşkilatlara "Müsavat müxalifət deyil ha, müxalifət bizik" mesajını verməkdir. Bəlkə bu işin ucunda beş-on manat qrant var. Ancaq daha dəyərli şeylər əldən gedir, bəylər!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00