“Arif Hacılı Müsavatı şou-biznes bazarına çevirir”

Elşən Musayev: “Qubad İbadoğlu və aksiyalarda mahnı oxumaqdan başqa heç nəyə yaramayan Tural Abbaslı da eyni xarakterdədir”

"Diktator xarakterinə sahib olan İsa Qəmbər Müsavatda qeyri-azad mühit yaradıb. Gələcək üçün insan resursu yetişdirməyə heç vaxt meylli olmayıb". Müsavat partiyası daxilində baş verən proseslərə münasibət bildirən Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev belə deyib. Partiada baş verənlərin bundan qaynaqlandığını deyən E.Musayevin sözlərinə görə, Müsavat heç vaxt İsa Qəmbər havasından çıxa bilməyib. O, hesab edir ki, keçmiş başqan Azərbaycan siyasətinin ən uğursuz simalarından biridir: "AXCP-dəki Əli Kərimlinin saxta fonunun eynisi Müsavatda İsa Qəmbər üçün yaradılıb. Müsavat lider sözünün keçmədiyi yeganə müxalifət partiyalarından biridir. Nəticədə isə qurultaydan sonra sözlərini bir yerə qoya bilmirlər. İsa Qəmbər isə seçkidə yalandan neytral fon yaratmağa çalışdı. Əvvəlcədən bəlli idi ki, o neytral deyil. Onda heç vaxt demokratik xislət olmayıb. Seçkidən bir gün əvvəl namizədinin olduğunu açıqlamışdı. İsa Qəmbərin bu açıqlaması absurd idi. Belə bir fikir səsləndirilməməliydi". Arif Hacılının xarizmatik tip olmadığını deyən Elşən Musayev bildirib ki, Qubad İbadoğlu və aksiyalarda mahnı oxumaqdan başqa heç nəyə yaramayan Tural Abbaslı da eyni xarakterdədir. Partiya sədri hesab edir ki, proseslər təkcə Arif Hacılının ətrafında baş vermir: "Müsavatın başında kim dursaydı, eyni vəziyyət olacaqdı. Arif Hacılı partiyanın gənclər təşkilatına artıq siyasətçilərdən çox modelləri yığır. Partiyanı artıq şou-biznesə çevirmək istəyirlər. Bu da özlərinin daxili işidir. Nəticədə Müsavatın mahiyyəti dəyişmir. Bu gün partiyada baş verənlər də heyrət doğurmur. Müsavat elə belə olmalıydı, həmişə belə idi. Sadəcə İsa Qəmbərin saxta obrazı prosesləri bir qədər imitasiya edə bilirdi. Artıq bu imitasiya da yoxdur. Müsavatçılar Arif Hacılının, yoxsa İsa Qəmbərin başqan olduğunu ayırd edə bilmirlər. Hətta keçmiş başqan öz kabinetini də Arif Hacılıya vermir. Müsavat özünü gülüş hədəfinə çevirdi. Partiya o qədər rəzil duruma qalıb ki, heç kim bu barədə münasibət bildirmək istəmir. Artıq onlara yazığımız gəlir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00