AXCP-də yarpaq tökümü
İstefalar bütün müxalifəti əhatə edir
22 Oktyabr 2014 16:46 SiyasətBir neçə gəncin, ardınca Tovuş təşkilatının, AXC hakimiyyətinin məşhur fiqurlarından biri Qara Tofiqin istefası yalnız Müsavat partiyasının böhranı kimi xarakterizə olunurdu. Ancaq digər müxalifət partiyalarında baş verənlər bu fikri doğurlmur. İstefalar ümumilikdə müxalifətin problemidir. AXCP ideoloqları Müsavatda baş verən istefaları guya partiyanın loyal müxalifət olması ilə izah edirlər. Ona qalsa, bu istefalar Müsavat Milli Şuradan çıxandan sonra baş verməli idi. Ancaq o zaman AXCP emissarları Müsavatın Saatlı təşkilatından bir neçə nəfəri yoldan çıxarıb istefaya məcbur sövq etmişdilər. O zaman Müsavatın bu gün narazılar qanadında olan əsas liderlər belə Milli Şuradan çıxmağa səs vermişdilər. Bu gün Arif Hacılını qəbul etməyən Vurğun Əyyub, başqan adayı Qubad İbadoğlu da Müsavatın Milli Şuradan çıxmasını təqdir edirdilər. Deməli, məsələ Milli Şura, radikallıq filan deyil. Müsavatda baş verən siyasi yetkinliyin aşağı olmasının nəticəsidir. İki tərəf başqanlıq uğrunda yarışıb. Arif Hacılı qalib gəlib. Uduzmuş Qubad İbadoğlu-Vurğun Əyyub qanadı bununla razılaşmır, gücləri partiyanı dağıtmağa çatır. Müsavatın digər rayon təşkialtlarında o qədər nüfuzu olmayan Vurğun Əyyubun gücü Tovuz təşkilatını Müsavatdan qoparmağa çatdı. Əslən Tovuz rayonundan olan Vurğun bəy bununla qisasını Arif Hacılıdan aldı. Ancaq bu, onun nüfuzuna da xələl gətirdi. Ondan öncə partiyanı tərk etmiş Sülhəddin Əkbər də yaxınlarını, qohumlarını partiyadan aparmışdı. Amma istefa verənlər arasında Vurğun Əyyubun adamı olmayanlar da var. Məsələn, Gənclər Təşkilatının sədri Əhliman Abbas, GT fəalı Zaur Əkbər daha çox Arif Hacılıya yaxın şəxslər kimi tanınırdılar. Onların istefası yalnız bir amillə izah oluna bilər: müxalifətçilikdə perspektiv görməmək. İnsanlar nə Müsavatda, nə AXCP-də perspektiv görmürlər. Bu günlərdə AXCP-dən iki nüfuzlu şəxs istefa verib. Füzuli təşkilatının qurucularından biri, Əli Kərimlinin müşaviri Şakir Abbasov və Qubadlı təşkilatından İslam Mahmudov. Bu faktlar AXCP ideoloqlarının "İnsanlar nicat yolunu AXCP-də görürlər", "Milli Şura yeganə güc mərkəzidir" fikrini boşa çıxarır. Əgər AXCP real, əsil, güclü, radikal müxalifətdirsə, Milli Şura insanların ümid yerdirisə, bəs tanınmış, stajlı müxalifətçilər niyə gedirlər? Bəs hanı Əli Kərimlinin xarizmasının gücü? Hanı AXCP-nin cazibəsi?
Fikrimizcə, AXCP və Müsavatdan son istefalar müxalifətin ümumi mənzərəsidir. Yeniləşə bilməyən, getdikcə mənən cılızlaşıb boilşeviksayağı mübarizəyə üstünlük verən müxalifətin ümumi böhranıdır. Müxalifət AXCP-nin Göbbelsi Fuad Qəhrəmanlının "bizim kimi düşünməyən bizdən deyil", "hamını ləkələ öndə biz olaq" taktikasından qurtulmayınca istefalar davam edəcək. Şakirabbasovlar AXCP-yə yeni cəmiyyət, tolarant ortam, demokratiya yaratmaq üçün gəmişdilər. Ancaq onlar Əli Kərimli şəxsiyyətinə pərəstiş, rəqibə qarşı qaragüruh metodları görüncə ruhdan düşürlər. Müxalifətçiləri ruhdan salan bir amil də dalbadal məğlubiyyət və bundan dərs çıxarılmamasıdır.
Zaur Sultanbud