“Keçinin qoturu bulağın gözündən su içməz”
Fazil Mustafa: “Siyasəti bir kənara qoyun, sadəcə insan kimi qiymət verin, bunun adı nədir: vəhşilik, yoxsa mədəniyyətsizlik?”
22 Oktyabr 2014 14:08 Siyasət"Bizdə el arasında maraqlı bir deyimi var: keçinin qoturu bulağın gözündən su içməz". "Olaylar"-ın məlumatına görə, millət vəkili Fazil Mustafa müxalifət cəbhəsində ona qarşı yersiz ittihamlar irəli sürən şəxslər haqqında belə deyib. F.Mustafa keçmiş həmkarı, "Müsavat" Partiyasının üzvü İkram İsrafilin dəvəti ilə Müstəqillik günündə oğlunun toy ziyafətinə qatıldığını bildirib: "Toy sahibinin ayırdığı masada oturmuşam və orada iştirak edən "Müsavat" partiyasının keçmiş başqanı İsa Qəmbər və əsasən bu partiyanın rəhbərliyində olan şəxslərlə görüşərək insanların sevincli günündə yer almışam. Qeyd edim ki, istənilən siyasi görüşə sahib insanlar mənə qarşı ədəbsizlik etmədiyi ana qədər normal insani münasibətlərin qorunmasına xüsusi diqqət yetirirəm. Bu gün də öz yolumun və görüşlərimin haqlılığına inanıram və bunu da müdafiə edirəm. Bu demək deyildir ki, mənim yolumu və fikirlərimi bəyənməyən kimsəyə düşmən kimi yanaşmalıyam. Fikrimcə, bu ölkənin hər bir vətəndaşına qucaq açacaq qədər geniş ürəkli olmağı hər bir siyasətçi özünə təlqin etməyi bacarmalıdır. Normal olaraq oradan çəkilən şəkillər sosial məkanda paylaşılıb və ağlı başında olan insanların hamısı da bu şəkilləri normal qarşılayıb. Ancaq bu ölkədə ağlı başında olmayan insanlar da var ki, bu şəkillərə baxanda iyrəniblər ki, necə olur ki, siyasi baxışları fərqli olan insanlar bir masa arxasında otura bilirlər. İl ərzində onlarla toya, yasa gedirik, hamı da bizim vətəndaşlardır, orada insanların alnına yazıb yapışdırmalıyıq ki, sən hansı partiyadansan və onları da seçib ayrı-ayrı masalarda oturtmalıyıq? AXCP-də, "Azadlıq" qəzetində qalmış bəzi qotur keçilərin düşüncəsinə görə, onlar kimi düşünməyən kimlər varsa, bir toyda, bir yasda qətiyyən iştirak etməməlidirlər. Hələ üstəlik də, belə hallar olarsa, bu qotur keçilər iyrənirmişlər. Siyasəti bir kənara qoyun, sadəcə insan kimi qiymət verin, bunun adı nədir: vəhşilik, yoxsa mədəniyyətsizlik? Zavallı uşaqlar, dəstə başçınızın rəhmətlik Əbülfəz Elçibəyə qarşı etdiyi mənəviyyatsız hərəkətləri, sizlər artıq bütün cəmiyyətə qarşı edirsiniz".