İsa Qəmbərin qardaşından Arif Hacılıya şok iddia
20 Oktyabr 2014 15:35 SiyasətKeçmiş Müsavat başqanı İsa Qəmbərin qardaşı Rövşən Qəmbər partiyanın yeni sədri Arif Hacılının iddialarına cavab verib. O, A.Hacılının "Müsavatdan gedən hər kəsə görə, təəssüf hissi keçirirəm" fikrinə münasibətdə deyib: "Hörmətli Arif bəy, aşağıdakı səkkiz sözdən ibarət cümlə mənə də aiddirmi: "Müsavatdan gedən hər kəsə görə təəssüf hissi keçirirəm". Bu cümlə mənə də aiddirsə, xahiş edirəm mənim Müsavat üzvü olaraq fəaliyyətimi davam etdirməyimə aydınlıq gətirəsiniz. Xatırlatmaq istərdim ki, 2010-cu ilin oktyabrında Berlində müsavatçılarla birlikdə mənim təkliflərimi çox dəyərli saydığınız halda, 2011-ci ildə partiyanın 100 illiyi münasibətilə fəxri fərmanla təltif olunduğum halda, necə oldu ki, qurultayda 10 dəqiqəlik çıxışıma Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin vaxt ayırmasını xahiş etməyimə aid imzaladığım yazılı diləkçəm Təşkilat Komitəsinin sədrinə verildiyi halda "Feysbuk"-da yazırsınız ki, Rövşən bəy, siz 2009-cu ildə Müsavat Partiyasından çıxmısınız, ona görə Müsavat Partiyasının başqanı seçilməsində namizəd olmağınız mümkün deyil. Dostlarım yaxşı bilirdilər ki, mən qətiyyən Müsavat Partiyasının başqanı seçilməyə niyyətli olmamışam. Lakin 8-ci qurultayda 10 dəqiqəlik çıxış edərək bütün müsavatçıların ən böyük işbirliyinə başlayaraq dünyada fəal olan bütün azərbaycanlıların imkanlarından yararlanaraq Qarabağ Probleminin həllinə ən az itkiylə ən qısa zamanda nail olmaq haqda təkliflərimi izah etmək istəmişəm. Bunun üçün namizədlərə hökmən verilən 10-15 dəqiqəlik vaxtdan yararlanmaq istəmişəm". ("OLAYLAR" İA)