“İsa Qəmbər və Arif Hacılı arasında gizli razılaşma var”

Elçin Mirzəbəyli: “Müsavatda olan bölgəçilik prinsipi digər siyasi partiyalardan daha qabarıqdır”

Müsavat Partiyası daxilində başqan Arif Hacılı ilə Qubad İbadoğlu arasında çəkişmələr davam edir. Partiyanın böyük hissəsi Arif Hacılıya qarşı çevrilib. Bu tip məlumatların mətbuatın gündəmində olduğu bir vaxt keçmiş başqan İsa Qəmbərin öz kabinetini hələ də A.Hacılıya təhvil verməməsi üzə çıxıb. İ.Qəmbərin bu addımı mütəxəssislər və siyasi partiyalar tərəfindən birmənalı qarşılanmır. Məsələyə münasibət bildirən BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bunu Müsavat daxilindəki münasibətlərlə əlaqələndirir. E.Mirzəbəyli hesab edir ki, başqanlıq məsələsində Arif Hacılı və İsa Qəmbər arasında gizli razılaşma olub: "Arif Hacılı sadəcə İsa Qəmbərin təmsilçisi kimi partiyaya sədrlik edir. Partiya yenə də İsa Qəmbər tərəfindən idarə olunur. Nizamnaməyə uyğun olaraq, İsa Qəmbərin qurultayda öz namizədliyini irəli sürə bilməməsi, nəticədə Hacılının başqan seçilməsi partiyanın növbəti qərarlarına təzyiq xarakteri daşıyırdı. Prezident seçkilərinə xeyli vaxt var. Həmin vaxta qədər Müsavatın növbəti qurultayı keçirilməlidir. Buna baxmayaraq İsa Qəmbərin seçkidə namizəd olması məsələsi bu qurultayda həll olundu. Əslində bu qərar Müsavat daxilində baş verən proseslərin mahiyyətini çılpaqlığı ilə ortaya qoyur. Gərilmələr də buradan qaynaqlanır. Müsavat qruplar şəklində idarə olunan bir təşkilat olub. Ayrı-ayrı klanlar daxildə müxtəlif bölgələri təmsil edirlər. Müsavatda olan bölgəçilik prinsipi digər siyasi partiyalardan hada qabarıqdır. İndi də həmin bölgəçilik məsələsi özünü büruzə verir. Digər bölgələri təmsil edən qrupların fikirləri Arif Hacılını dəstəkləyən klanlarla üst-üstə düşmür". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00