Yalançı miflər dağılanda

Məşədi Cəfər

Qurultayda yeni başqan seçilənə qədər heç kim İsa Qəmbərin Müsavat başqanlığından gedəcəyinə inanmırdı. Baxanda İsa Qəmbər heç dəfə Arif Hacılıdan ciddi fərqlənən bir adam deyil. Hər ikisi Milli Azadlıq Hərəkatında, AXC-də olub, Ali Sovetə deputat seçilib. İsa Qəmbərin tək üstünlüyü AXC hakimiyyəti dövründə Arif Hacılıdan daha üstün vəzifə tutmasıdır. 1992-ci ildə Müsavat başqanı postuna da elə bu üstünlüyə görə başqan seçildi. Onun 22 il başqanlıqda qalması da elə ariflərin, pənahların, vurğunların əməyi nəticəsində mümkün olmuşdu. Həmkarlarımdan biri Arfi Hacılı üçün Müsavatın qara fəhləsi yazmışdı. Doğrudu, Müsavat üçün ara işləri həmişə, Qəmbər yox, Hacılı görüb. Mitinqləri təşkil edib, rəqiblərə cavab verib. Bəs "Məşədi İbad" filmindəki Rza bəy demiş, Qəmbərin nəyi camaata xoş gəlib ki, onu hələ də başqan hesab edirlər? Düzdü, Hacılı Qəmbərə nisbətən səbrszidi, tez özündən çıxandı. Amma bu, əsas səbəb deyil. Əsas səbəb məncə İsa Qəmbər haqqında yaranan miflərdir. 23 ildə İsa Qəmbər tərəfdarları belə bir mif yaratmışdılar: "O güclüdür, səbirlidir, təmkinlidir, hazırcavabdır, cəsarətli və zamanında doğru qərar verəndir". Meydan yox, savaş yox, hamı da bu deyilənlərə inanırdı. Ancaq 2003-cü ilin 16 oktyabrında qəfildən üfürülüb şişirilmiş  balon partladı. Məlum oldu ki, cənab Qəmbər deyildiyi qədər də cəsarətli, ürəkli deyilmiş. Eksremal vəziyyətdə qərar vermək məsələsi isə ümumiyyətlə, onluq deyil. Beləcə mif yavaş-yavaş dağılmağa başladı. İndi İsa Qəmbəri  başqan görənlər mifə hələ də inananlardır. O mif dağılanda insan çox pis hala düşür, arkadaş. İllər öncə, mən hələ yeniyetmə idim. Qonşu  kənddə bir traktorçu adaşım vardı. Hamı ona karateist Cəfər deyirdi. Yeniyetmə təsəvvürümüzdə Cəfər haqqında mif yanamışdı. Hətta bir dəfə yay kinoteatrından Brüs Linin filminə baxıb çıxanda yoldaşlardan biri soruşdu ki, ə, görən karateist Cəfər döyər, Brüs Li? Hamı ondan çəkinərdi. İllər keçdi, bir dəfə  idman müəllimi ilə məktəbin hasarında burnunun suyunu axıdan Cəfərə "ə, nə durmusan orda, çəkil işinin dalınca" deyəndə dava düşdü. Müəllimimiz haqlı idi. Bığıburma "karateist" qardaşımızın niyyəti saf deyildi. Qızlı-oğlanlı idman geyimində dərs keçirdik, qaqaşlar da öz aləmlərində adaxlıbazlığa gəlmişdilər. Nə isə, sözlər çəpləşdi, idman müəllimimiz bu "karateisti" eşşək sudan gəlincəyə qədər döydü. Bir həftə traktora qıçını çəkə-çəkə minən Cəfərə ta karateist deyən olmadı. Əksinə, ortaya belə bir fakt çıxdı ki, sən demə bu karateist filan deyilmiş. Hardasa şapaqat açıb, biri soruşub ki, idmanla məşğl olmusan, bu da deyib hə, karateistəm.
Belə faktlar çoxdu. Əsgərlikdə sumqayıtlı Ağabəyov Rəşad vardı. 6 ay biz onu boksçu kimi tanıdıq. Özü demişdi. 6 aydan sonra  bizi Çavuş məktəbindən Naftalana apardılar. Köhnə əsgərlərlə elə birinc qovğada qaqaş, əlini qolunu tərpətmədən döyüldü, sonra da, hərbi hissəni tərk elədi. İndi qardaşlar,  birini boşuna şişirtmək, haqqında mif yaratmaq yaxşı şey döyül. O mif dağılanda adam tükü yolunmuş toyuq, kimi görünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00