Beynəlxalq təşkilatlar ölkəmizə təzyiq göstərir
Səməd Seyidov: “Azərbaycanın uğurlu xarici siyasəti bu kimi haqsızlıqların qarşısını almağa qadirdir”
17 Oktyabr 2014 18:24 SiyasətMilli Məclisin oktyabrın 17-də keçirilən plenar iclasında cari məsələlər üçün ayrılan vaxt ərzində millət vəkilləri bir sıra məsələlər ətrafında müzakirələr aparıblar. Əvvəlcə deputat Asəf Hacıyev dövlət qurumları tərəfindən uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıdarkən gömrük rüsumlarından və vergilərdən azad olunması təklif olunur". Bu təkliflə millət vəkili Asəf Hacıyev Gömrük Məcəlləsinə dəyişiklik edilsin. Millət vəklifi təklifini onunla əsaslandırıb ki, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının xətti ilə uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşları həmin ölkələrdə daşınan əmlaka sahib olurlar, geri dönəndə isə həmin əmlak ya köhnəlir, ya da orada satılmır, bir çox hallarda isə həmin mallar Azərbaycana gətirilir. Azərbaycana gələndə isə gömrük rüsumlarının tətbiqi vətəndaşlar üçün çətinliklər törədir: "Bu səbəbdən həmin vətəndaşları gömrük rüsumlarından azad etmək üçün Gömrük Məcəlləsinə müvafiq dəyişiklərin edilməsini təklif edirəm. Düşünmürəm ki, bu dövlət büdcəsinə böyük ziyan vura bilər, ancaq bu dəyişikliyi etməklə vətəndaşlarımıza böyük köməklik göstərmiş olarıq". Sonra deputat Fazil Mustafa təklif edib ki, Milli Məclis Avropa Parlamentində erməni dostluq qrupunun yaradılmasına qarşı müvafiq addımlar atsın. Millət vəkilinin təklifini dəstəkləyən spiker Oqtay Əsədov bildirib ki, Avropa Parlamentinin separatçı qurumla dostluq qrupu yaratması barədə məlumat yalnız erməni mətbuatında çıxıb: "Mən tapşırıq verdim, yoxladılar, rəsmi olaraq belə bir qərar yayımlanmayıb. Avropa Parlamentində qondarma "Dağlıq Qarabağ Respublikası" ilə dostluq qrupu yaradılması barədə qərar qəbul edilməyib". Millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov diqqətə çatdırıb ki, ermənipərəst deputatların həqiqəti özündə əks etdirməyən çıxışlarına öyrəşmişik: "Lakin hamı bilməlidir ki, AŞPA-nın siyasi partiyaları və komitələrin strukturları belə qrupların yaradılmasına imkan verə bilməz". Onun sözlərinə görə, ermənipərəst deputatların AŞPA- dakı fəaliyyətləri həmişə olub və yenə də olacaq: "Çünki həm AŞPA-da, həm də digər beynəlxalq strukturlarda Azərbaycanın mövqeyi getdikcə güclənir". Millət vəkili əlavə edib ki, bu gün Avropa Şurasının tərkibinə daxil olan ölkələrdə insan haqlarının necə pozulduğunun şahidi oluruq: "Hər kəsə məlumdur ki, bəzi beynəlxalq təşkilatlar erməni lobbisini təsiri altında ölkəmizə qarşı təzyiq göstərir. Beynəlxalq təşkilatlar ölkəmizə qarşı qərəzli çıxış etmələrinə baxmayaraq, Azərbaycanın uğurlu xarici siyasəti bu kimi haqsızlıqların qarşısını almağa qadirdir". Millət vəkili Qənirə Paşayeva ali məktəblərdə ödənişli əsaslarla təhsil alan I və II qrup əlillərin təhsil haqqından azad edilmələrini təklif edib. Dövlətin hər zaman əlillərə və sağlamlıq imkanları məhdud olanlara diqqət və qayğı göstərdiyini qeyd edən millət vəkili ali məktəblərə ödənişli əsaslarla daxil olan I və II qrup əlillərin təhsil haqqından azad edilmələrinin yaxşı addım ola biləcəyini deyib. Millət vəkilinin fikrincə, bu addım ali təhsil müəssisələrinə üz tutan əlil gənclərinin ödəniş problemini həll etməklə yanaşı, yüzlərlə əlil gəncin ali təhsilə meyilinin artmasına və deməli, gələcəyinin təminatına, inkişafına, həyata daha çox sarılmasına önəmli dərəcədə təsir edər.
Sonra millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər. İlkin olaraq parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədov "Reklam haqqında" və "Məşğulluq haqqında" qanunlara dəyişikliklər barədə məlumat verib. Məlum olub ki, dəyişiklikdən sonra Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyəti göstərmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə biləcəklər. Dəyişikliyə əsasən, Azərbaycanda fiziki şəxslərin Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələrində vasitəçilik etməsi də qadağan edilir. Qanun layihələrinin müzakirəsində çıxış edən millət vəkili Sabir Rüstəmxanlı deyib ki, Milli Məclis qanunları Miqrasiya Məcəlləsinə uyğunlaşdırır: "Amma Miqrasiya Məcəlləsinin özü də yanlışdır. Əgər Rusiyada haradasa işləmək imkanı varsa, bir azərbaycanlı 5-10 azərbaycanlını işləməyə aparırsa, bunun fiziki yox, mütləq hüquqi şəxs olmasının, Azərbaycanda hansısa qurumlara xəbər verməsinin məsələyə nə dəxli var?" Millət vəkili Siyavuş Novruzov isə S.Rüstəmxanlıya etiraz edib: "Biri qoltuğuna 5-10 adamı vurub, Rusiyada işlədir. Təbii ki, bunun pensiya təminatı, səhiyyə məsələsi var. 20 ildən sonra da o insanlar Azərbaycana gəlir, pensiya, sosial sığorta məsələləri necə olacaq? Bu qul əməyidir, bunun qarşısını almaq lazımdır". Millət vəkili Çingiz Qənizadə də insan alveri hallarının qarşısını alınması üçün hüquqi şəxslərin bu işlə məşğul olmasının daha məqbul olduğunu vurğulayıb. Vitse-spiker Ziyafət Əsgərov isə izahların yetərli olduğunu qeyd edib: "Qanunu oxuyub şərh etmək lazımdır ki, belə populist çıxışlara yol verilməsin". Qeyd edək ki, hər iki qanun layihəsi müzakirələrin sonunda qəbul edilib.
Alim