Milli Şuranın azyaşlılardan ibarət aksiyası

AXCP-Müsavat gərginliyi mitinqdə də özünü büruzə verdi

2013-cü ilin prezident seçkiləri ərəfəsində Rusiyanın layihəsi kimi gündəmə gələn Milli Şura həftə sonu növbəti aksiyasını keçirdi. Əvvəlcədən də proqnozlaşdırıldığı kimi Milli Şuranın bu dəfəki aksiyası da olduqca sönük və azsaylı insanların iştirakı ilə yadda qaldı. Cəmi 900 nəfərin qatıldığı aksiyada diqqət çəkən məqamlardan biri iştirakçılar arasında azyaşlıların çoxluq təşkil etməsi idi. Elə Milli Şuraya daxil olan partiya funksionerlərinin sosial şəbəkələrdə paylaşdıqları fotolarda da bunu aydın görmək mümkündür. Aksiya iştirakçılarının onu təşkil edən siyasi təşkilatlara heç bir aidiyyatının olmaması da mitinqin çox sönük və zəif keçdiyini şərtləndirən amillərdən idi. Milli Şuranın 12 oktyabr aksiyası AXCP və Müsavat Partiyası arasında mövcud olan problemləri bir daha sərgiləmiş oldu. Sabiq Müsavat başqanı İsa Qəmbərin ciddi cəhdlə  tribunadan uzaq tutulması, müsavatçıların mitinqdə çıxışına yaradılan əngəllər deyilənləri təsdiqləyir. Elə AXCP funksionerlərinin sosial şəbəkələrdə mitinqlə bağlı paylaşdıqları fotolarda cəbhəçilərin aksiyada çoxluq təşkil etdiyi görüntüsü yaradılır. AXCP-nin onlarla bayrağının arasında yalnız bir-iki dənə Müsavat bayrağı görünür. Bu amil də öz-özlüyündə 12 oktyabr aksiyasında bəlli bir regionun nümayəndələrinin iştirakını təsdiqləyir. Müsavatçıların aksiyada məhdud sayda olması və bu partiya funksionerlərinin mitinqdə çıxışlarına yaradılan əngəllərə səbəb kimi isə AXCP-nin müsavatçıların planından xəbərdar olması göstərilir. Bildirilir ki, Müsavat 12 oktyabr mitinqindən bir növ yeni başqanının cəmiyyətə təqdim edilməsi üçün istifadə etməyi düşünürmüş. Lakin bundan xəbər tutan cəbhəçilər "müttəfiqləri"nin bu planının qarşısını almağa müvəffəq olub. Nəticə etibarilə AXCP azyaşlılardan ibarət "elektorat" toplayaraq aksiyanın əsas qüvvəsi kimi təqdim olunub. Milli Şuranın 12 oktyabr aksiyasında ən yadda qalan məqamlardan biri isə aksiyada İraq-Şam İslam Dövlətinin bayrağının dalğalandırılması oldu. Bəs görəsən siyasilər Milli Şuranın 12 oktyabr aksiyası və həmin aksiya zamanı İŞİD bayrağının dalğalandırılmasına necə yanaşır? Ümumiyyətlə, Milli Şura və orada təmsil olunan partiyaların İŞİD-lə hər hansı bağlılığı mümkündürmü? Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, Milli Şuranın oktyabrın 12-də keçirdiyi mitinq Azərbaycan radikal siyasi müxalifətinin iflasının daha bir göstəricisi oldu. Hakim partiya rəsmisinin sözlərinə görə, hər zaman böyük iddialarla çıxış edən, cəmiyyəti idarə etmək arzusunu daim önə çəkən "siyasətçilər" kiçik bir dəstə ilə sadəcə bir tədbir keçirməli oldular: "Yəni, bugünki tədbiri mitinq adlandırmaq qətiyyən olmazdı. Çıxışlarda şüarlar səsləndirilməsinə, bayraqların qaldırılmasına baxmayaraq, orada cəmi bir neçə yüz insanın toplanması on milyonluq ölkə üçün çox kiçik rəqəmdir. Buradan belə bir təəssürat yaranır ki, onlarla siyasi partiyanın toplayacağı qüvvələr, "Məhsul" stadionunun onda birini dolduracaq qədərdir. Həmçinin Azərbaycan müxalifətçiləri ümumən şəxsi texnologiyanı da mənimsəmədiklərinin fərqindədirlər". Aydın Mirzəzadə bildirib ki, Milli Şuranın mitinqində nə təşkilatçılıq var idi, nə də bir sistemlilik nəzərə çarpırdı: "Orada iştirak etməyən siyasi partiyaların bayraqlarının qalıdırılması da, istənilən tədbirdə görünmək arzusundan başqa bir şey deyildi. Bu gün seçkidən-seçkiyə blok yaradan, seçkilərarası bir-birinə qarşı mübarizə aparan müxalifət nümayəndələrinin orada iştirakı isə "görüntü diplomatiyasından" başqa bir şey deyildi". Millət vəkilinin sözlərinə görə, ümumilikdə belə aksiyaların keçirilməsi Azərbaycanda radikal müxalifətin gücünü, vətəndaşların onlara inanmadığını, arxasınca getmədiyini və heç bir halda onlara dəstək olmayacağını ortaya qoyur". Aydın Mirzəzadə bildirib ki,  Milli Şuranın keçirdiyi mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları tərəfindən "İraqın Şam İslam Dövləti" (İŞİD) terrorçu təşkilatının bayraqlarının qaldırılması isə onların çox şübhəli əlaqələrindən xəbər verir.
Politoloq Ramiz Alıyev da hesab edir ki, millilikdən heç bir əsər-əlaməti və xəbəri belə olmayan, özlərini "Milli Şura" adlandıran bəzi müxalifət partiyaları və təşkilatlarının oktyabrın 12-də keçirdikləri mitinq növbəti şou və gündəmdə qalmağa hesablanmış bir tədbir idi: "Milli Şuranın oktyabrın 12-də keçirilən mitinqi cüzi sayda insanın iştirakı ilə nəticələnən bir tədbir oldu. Baxmayaraq ki, uzun müddətdir Milli Şura adlanan qurum bu aksiyaya hazırlaşırdı". Ramiz Alıyevin sözlərinə görə, Milli Şuranın son aksiyasının sönük keçəcəyi əvvəlcədən gözlənilən idi: "Təbii ki, bu gözlənilən bir nəticə idi. Xalq arasında heç bir sosial bazası olmayan, xaricə kəşfiyyatçılıq xidməti göstərən təşkilatlara heç vaxt inam olmayıb. Səsləndirdikləri şuarlar da təxribatdan başqa bir şey deyildi". Politoloq deyir ki, "Siyasi məhbus" adlandırdıqları şəxslər 12 oktyabr mitinqinin təşkilatçılarının himayədarları ilə maliyyə haqq-hesabı edən və onlar arasında vasitəçilik missiyasını həyata keçirən şəxslərdir". Ramiz Alıyev Milli Şuranın mitinqində İraq-Şam İslam Dövlətinin bayrağının dalğalandırılmasına da münasibət bildirib: " O ki qaldı 12 oktyabr mitinqində İŞİD-in bayrağının aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən qaldırılmasına; mən bundan təəccüblənmirəm. Çünki biz dəfələrlə bildirmişik ki, "milli şura" adlandırılan vətən xainləri və onları dəstəkləyən digər xaricə kəşfiyyatçılıq edən şəxslər lazım gələrsə ən qatı düşmənlərmizlə, cinayətkarlarla əməkdaşlıq edərlər. Təki hakimiyyət kreslosunu ələ keçirsinlər. Amma onlar unutmasınlar ki, nəinki İraq-Şam İslam Dövləti ilə əməkdaşlıq etməklə, hətta  İŞİD-ı yaradıb dünyada artistlik edən dövlətlərlə əməkdaşlıq etsələr belə arzuları reallaşmayacaq.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00