Müsavatdan istefalar artır
Narazılar çıxış yolunu getməkdə görürlər
13 Oktyabr 2014 14:07 SiyasətMüsavat partiyasından istefalara başlanıb. Gənclər Təşkilatının fəalı Zaur Əkbərin ardınca qurumun sədri Əhliman Abbas da partiyadan istefa verib. Maraqlıdır ki, hər iki şəxs yeni başqan Arif Hacılının adamları kimi tanınırdı. Hətta Əhliman Abbasın GT-yə sədr seçilməsini Arif Hacılının uğuru, partiyada mövqeyinin möhkəmlənməsi kimi də qiymətləndirirdirlər. Nə baş verdi ki, bu gənclər Müsavatda qalmağa heç bir perspektiv görmədilər? Əhliman Abbas istefasını uzun-uzadı bir bəyanatla əsaslandırmağa çalışıb. Nə dediyi o qədər də aydın olmasa da, təxmin etmək olar ki, onu "qaragüruhçuların partiyada möhkəmlənməsi" narahat edib. Belə çıxır ki, Arif Hacılının başqan seçilməsi onu razı salmayıb. Və Ə.Abbas qaragüruhçu deyəndə Arif Hacılını, onun müavin təyin etdiyi şəxsləri:Yadigar Sadıqovla, Tofiq Yaqublunu nəzərdə tutur. Dünənki açıqlamasında Arif Hacılının başqanlığını tanımaqdan imtina edən narazıların lideri Qubad İbadoğlu Əhliman Abbasın partiyadan getməsini istəmədiyini, ancaq onu bir zamanlar Müsavata gətirdiyini bildirib. Belə anlaşılır ki, GT-yə sədr seçiləndə Arif Hacılının dəstəyini almış Ə.Abbas sonradan "islahatçılar"a qoşulub. Və onun istefası narazıların bir-bir Müsavatdan gedəcəyinin anonsu sayıla bilər. Narazıların sırasında olan Vurğun Əyyubu Qubad İbadoğlunun başqan olub-olmaması qətiyyən maraqlandırmır. Onu narahat edən rəqibi Arif Hacılının başqan olmasıdır. Hikmət Hacızadə narazılara onların daha dərinə getməsinə mane olmaq üçün qoşulub. Çünki onun Arif Hacılı ilə ciddi problemi yoxdur. Qubad İbadoğlu 20 səslə uduzmasını həzm edə bilmir. Ancaq hərəkətləri də partiya nizamnaməsinə ziddir. Heç bir seçkili orqanlara üzv olmayan adamları Müsavatın qərargahına toplayıb toplantı keçirmək, qurultayda başqan seçilmiş şəxsi tanımamaq nizamnamə pozuntusudur. Bu günlərdə açıqlama verən Arif Hacılı nizamnaməni pozanlara qarşı sərt tədbirlərə əl atılacağını bildirib. Görünür, narazılar bu açıqlamadan narahat olublar. Və başladıqları işin heç bir perspektivə vara bilməyəcəyini anlayıblar. Açığı, onları ümidləndirən İsa Qəmbərin gözlənilən dəstəyi idi. Ancaq ötən həftə açıqlama verən sabiq başqanın "Hər müsavatçıya bir başqan təyin edə bilmərik, seçilən başqan legitimdir. Müsavatın bir başqanı var-o da Arif Hacılıdır" sözləri narazıların əl-qolunu qırdı. Belə çıxır ki, narazıların KXCP-dəki "fraksiya" sayaq hərəkəti partiya rəhbərliyinin sərt tədbirləri ilə önlənəcək. Və bu cəza tədbirlərinə də İsa Qəmbər dəstək verəcək. Bu üzdən narazılar çıxış yolunu partiyanı tərk etməkdə görürlər. Yəqin ki, Əhliman Abbasın ardınca digər "islahatçılar" da partiyanı tərk edəcəklər. Özəlliklə, bir zamanlar Müsavatda söz sahibi olmuş şəxslərin istefası gözləniləndir. Bu sırada ilk ağla gələn sözsüz ki, Vurğun Əyyubdur. Vurğun bəyi Müsavata bağlayacaq heç bir amil qalmayıb. O, gedəcək. Ancaq nə zaman, bunu özü müəyyən edəcək. Ən doğru yol V.Əyyubun özünün istefa verməsi ola bilər. Çünki Arif Hacılı kimi bir intriqant şəxs separatçılığı heç kimə bağışlamayacaq. Yəqin bir də toplansalar, Müsavat Məclisi "separatçıları" partiyadan çıxaracaq. Partiyadan çıxarılmaq təhlükəsini hiss edən narazılar çıxış yolunu istefa verməkdə görürlər.
Zaur Sultanbud