MDB ölkələri Dəmiryol Nəqliyyatı Şurasının iclasında "Şimal-Cənub" layihəsinə baxılacaq
13 Oktyabr 2014 12:48 Siyasət"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması layihəsinin həyata keçirilməsi məsələsi oktyabrın 21-22-də Bakıda keçiriləcək MDB ölkələri Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclası çərçivəsində müzakirə olunacaq. Trend xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Arif Əsgərov bildirib. Onun sözlərinə görə, bu layihəyə mütəmadi olaraq üçtərəfli qaydada, yəni Azərbaycan, Rusiya və İran arasında baxılır və müzakirə olunur, eləcə də müvafiq protokollar imzalanır: "Bu layihəyə Şuranın Bakıdakı iclası zamanı da növbəti dəfə baxılacaq". "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında məqsəd Azərbaycan, Rusiya və İranın nəqliyyat magistrallarının inteqrasiyasıdır. "Şimal-Cənub" dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara dəmir yolu 2015-ci ilin əvvəlində istismara veriləcək. Dəhlizin tikintisinə yatırılan sərmayələrin həcmi 400 milyon dollar təşkil edir. A.Əsgərovun sözlərinə görə, eləcə də Bakı-Tbilisi-Qars dəmiryol xəttinin yaradılması çərçivəsində işlər davam edir.