Harvard məzunu qoçuluq edir

İşsiz bloqqer bu qədər pulu hardan alıb?

Aprelin 14-də tanınmış fəal, bloqqer Bəxtiyar Hacıyev Türkiyə vətəndaşı Nurəddin Eresin şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinə çağırılıb. Gənc fəal Nərimanov Rayon Polis İdarəsində ifadə verdikdən sonra sərbəst buraxılıb. Sosial şəbəkədə müxalifətə yaxın gənclər tərəfindən bu fakt ətrafında ajiotaj yaratmağa cəhd edilsə də, 1 gün sonra tanınmış aktrisa Mətanət Əhmədovanın açıqlamaları Hacıyev tərəfdarlarına soyuq duş effekti yaratdı.

"Bəxtiyar Hacıyev mənə deyir ki, ərindən boşan, səndən əl çəkim. Niyə? Ailə quranda boşanmaq üçün qururlar? Onlarda bəlkə elədir, deyə bilmərəm, bizdə belə deyil. Yoldaşıma olan təzyiqlər, təhqirlər həqiqətən olub. Maşının nömrəsinə qədər hər şey məlumdur. Maşının içində telefonla yoldaşımın başına vururmuş. Həkimin bu haqda rəyi də var, polis özü də gördü ki, yoldaşım nə gündədir". Bu sözləri mətbuata açıqlamasında Mətanət Əhmədova deyib. Bəli, söhbət bir zamanlar müxalifətin az qala "xilaskar" kimi təqdim etdiyi, gənc dostlarının Harvard universiteti məzunu kimi öydükləri Bəxtiyar Hacıyevdən gedir. Harvard məzunu ilə aktrisanın arasında qalmaqalın səbəbi odur ki, Mətanət xanımın Türkiyə vətəndaşı olan həyat yoldaşı Nurəddin Eres Bəxtiyar Hacıyevdən borc alıb. Söhbət notarisu yolu ilə təsdiq edilmiş 30 min manatdan gedir. Nurəddiin Eres borcu gecikdirincə, Hacıyev təhqir, şantaj və böhtana başlayıb. M.Əhmədovanın bu borcdan xəbəri olmayıb: "Həmişə demişəm ki, pulunu istəmək onun haqqıdır. Ümumiyyətlə, onların arasında nə olubsa, bunun mənə aidiyyəti yoxdur. Biz demirik ki, onun pulunu qaytarmayacağıq. Heç kim heç kimə boş-boşuna pul vermir. Deməli, Bəxtiyarın özünün də maddi marağı olub ki, qazanc olacaq, mənə də verərsən. Bu, ortaq qazanc deməkdir. Pulu notarius yolu ilə veribsə, deməli, qanunla da almalıdır. Gedib versin məhkəməyə, haqqını tələb eləsin. Amma əl-qol bağlamaq, adamı qəbiristanlığa aparmaq cinayətdir və o, buna cavab verməlidir". Hacıyev dəfələrlə aktrisanı təhqir edib: "Deyir, kişiləri aldadıb altına maşın alıbsan. Mən üç ildir maşının kreditini ödəyib qurtara bilmirəm. Bəlkə mənim əvəzimə maşının kreditini verib? Mən 20 ildir dişimlə-dırnağımla, öz əziyyətimlə tanınmışam, hörmət qazanmışam". Mətanət xanım deyir ki, Bəxtiyar Hacıyev borcu bir şərtlə bağışlayacağını deyib. "Ərindən boşan, səndən əl çəkim". Bu da Harvard məzununun hüquqa, qanuna münasibəti və ən əsası əxlaqi səviyyəsi.  Ortada notarius sənədi var. Əgər borc alan borcu sənəddə göstərilən vaxtda ödəmirsə, məhkəməyə müraciət etmək olar. Normal vətəndaş haqqını qanuni yolla almağa çalışar, məhkəməyə baş vurar. İnsanları təhqir etməyə, hədələməyə qalxmaz. Bəxtiyar Hacıyev bu əxlaqla, bu zehniyyətlə Harvard universitetində necə oxuyub? Hacıyev ABŞ-ın nüfuzlu universitetində qabadayılıq, qoçuluqmu öyrədiblər? İkincisi, Bəxtiyar Hacıyev azərbaycanlı ailəsində doğulub. O məgər bilmirmi ki, başqasının xanımına asılmaq, eşq elan etmək, "ərindən boşan, səndən əl çəkim" demək əxlaqsızlıqdı, nakişilikdi? Adamın nə Qərb dəyərlərindən, nə də Şərq dəyərlərindən xəbəri var.

Nəyahət, Bəxtiyar Hacıyev neçə ildir ki, işləmir. İşi-gücü facebook, tvitter sosial şəbəkələrində status yazmaq, instaqramda şəkil paylaşmaqdır. Bu adam 30 min manatı hardan əldə edib? 20 il namusu ilə işləmiş jurnalist, alim, həkim, müəllimin o qədər borc verməyə imkanı olmur. Heç bir yerdə işləməyən adam bu qədər pulu necə toplayıb? Bu pulu yəqin ki, Qərb fondlarından alıb. Amma ona bu pul verənlər deməyib ki, get ailə dağıt, lotuluq elə, adam hədələ, başqasının xanımına asıl.  Hacıyev kimi "müasir, kreativ" gəncləri öz əxlaqi normalarından ayırmaq mümkün deyil. Barı, biri ona baş salsın ki, məzunu olduğu universitetin adını rəzil eləməsin.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00