Azərbaycanlı siyasi analitikdən şok Ukrayna iddiaları - AÇIQLAMA
“Xalq ayağa qalxıb yeni hökuməti devirəcək”
16 Aprel 2014 14:50 SiyasətPolitoloq Zərdüşt Əlizadə Ukraynada baş verən proseslərə dair proqnozlarını "Olaylar"a açıqladı. Z.Əlizadə Ukrayna hadisələrinin bir neçə variantda məhdudlaşdığını iddia edir. Politoloqun birinci variantına görə, Yanukoviç hakimiyyətini devirən Qərb meylli qiyamçılar Rusiya tərəfindən dəstəklənən qüvvələri əzəcəklər. Zərdüşt Əlizadə hesab edir ki, bundan sonra öz hakimiyyətlərini sabitləşdirməyə çalışacaqlar: "Eyni zamanda bir neçə aydan sonra Ukraynada maliyyə və iqtisadi böhran başlayacaq. ABŞ və Avropanın Ukraynaya maddi yarım edəcəyi inandırıcı deyil. Çünki onlar müstəqil dövlətdirlər və büdcələrində kənar, sərbəst maliyyə vəsaiti yoxdur. Rusiyanın avtokratiyası isə stabillik fondundan Ukraynaya 15 milyard dollar ayırdı. Amerika və Avropada bunu etmək qeyri-mümkündür. Ukrayna köməksiz qalacaq, Beynəlxalq Valyuta Fondunun ayırdığı kreditlər bu ölkəni maliyyə böhranından xilas edə bilməyəcək. Nəticədə əhalinin kütləvi etirazları başlayacaq. Təxmin etmək olar ki, bundan sonra hakimiyyəti devirməyə çalışacaqlar". Zərdüşt Əlizadənin ikinci versiyasına görə, Rusiya müəyyən vaxta qədər gözləyib sonra Ukraynaya qoşun yeridir və Şərqi regionlarını işğal edir. Politoloq qeyd edir ki, bundan sonra Qərb Rusiyaya qarşı kəskin cəza tədbirləri tətbiq etməyə başlayırlar: "Cəza tədbirləri Rusiyanı məcbur edir: a). Təslim olsun, Şərqi Avropa və Krımdan çəkilsin. Bu isə Putinin devrilməsilə nəticələnir; b). Rusiya mövqeyindən çəkilmir və Qərbin təzyiqini azaltmaq üçün avtoriyerpa modelini seçir. Yəni ki, Moskva Rusiya iqtisadiyyatının inkişafı üçün ciddi islahatlara başlayır. Bu da bir neçə ildən sonra Rusiyanın xeyli güclənməsinə gətirib çıxarırır". Politoloq Zərdüşt Əlizadə üçüncü variantında Şərqi Ukraynadakı qiyamçıların qalib gələcəklərini bildirir: "Ukrayna onların diktəsilə federal dövlətə çevrilir. Şərqi vilayətləri - Xarkov, Donbas, Luqansk Ukraynanın yeni Konstitusiyasına belə bir maddə hazırlayırlar ki, onların razılığı olmadan ölkənin mərkəzi hökuməti heç bir beynəlxalq təşkilat, yaxud quruma daxil ola bilməz. Bu isə Ukraynanın blokdan kənar status qazanması deməkdir. Heç vaxt NATO və Avropa İttifaqına üzv ola bilmir. Rusiya məhz Ukraynada bu mənzərəni görmək istəyir. Rusiya Xarici İşlər Nazirliyinin siyasi xətti bundan ibarətdir. Bunlardan hansının rellaşacağını əvvəlcədən demək çətin məsələdir. Lakin hər 3 variantın həyata keçirilməsi üçün münbit şərait var". ("OLAYLAR" İA)