“Qərbin bu addımı Rusiya üçün fəlakət olacaq” - MÖVQE
Ərəstun Oruclu: “İstənilən halda seperatizmin dəstəklənməsi, başqa ölkənin ərazi bütövlüyünə qarşı təcavüz həmin dövlətlərin özlərini zərbə altında qoyur”
16 Aprel 2014 13:55 Siyasət"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Polşa mətbuatının "Şimali Qafqazda kiçik dövlətlər yaranacaq" iddiasını şərh edib. Ə.Ourclu bildirib ki, istənilən halda seperatizmin dəstəklənməsi, başqa ölkənin ərazi bütövlüyünə qarşı təcavüz həmin dövlətlərin özlərini zərbə altında qoyur. Ərəstun Oruclu hesab edir ki, əgər həmin dövlət çoxmillətli federativ quruluşa sahibdirsə, vəziyyət daha təhlükəli olur. Politoloq qeyd etdi ki, xüsusilə Rusiyanın Şimali Qafqaz bölgəsində situasiya daha qarışıqdır. Zaman-zaman Şimali Qafqazda etnik qarşıdurmaların müşahidə olunduğunu deyən Ə.Oruclunun sözlərinə görə, Çeçenistan həmişə Moskva üçün baş ağrısına çevrilib: "Rusiyanın Şimali Qafqaz regionu qaynar qazana oxşayır. Rusiyanın Ukraynadakı siyasi hərəkətliliyi dayandırılmasa, Qərb federasiya daxilində seperatizmə dəstək verərsə, yaranacaq vəziyyət bu ölkə üçün fəlakət olacaq". Politoloq Ərəstun Oruclu Rusiyanın Şərqi Ukrayna siyasətinə dair proqnozlarını da açıqlayıb. Ə.Oruclu qeyd edib ki, Rusiyanın Krımda olduğu kimi Şərqi Ukraynada kiçik "dövlətlər" yaradıb ərazisinə qatacağı inandırıcı deyil. Politoloqun sözlərinə görə, Moskva çox güman ki, regionda mövqelərini gücləndirib bundan danışıqlar prosesində təzyiq vasitəsi kimi istifadə etməyə çalışacaq: "Kremlin Şərqi Ukraynadan alver vasitəsi kimi istifadə etmək cəhdi daha inandırıcı görünür. Çünki Rusiya Krım kimi bu regiona ordu yeridə bilməz. Çünki Moskva işğalına qanunilik qazandırmaq üçün ərazinin 50-ci illərdə Rusiyadan alınıb Ukraynaya verilməsini göstərir. Amma Ukraynanın digər bölgələrilə bağlı Rusiyanın əlində belə bəhanələr yoxdur". ("OLAYLAR" İA)