Müdafiə naziri: “Azərbaycan ərazisindən qonşu ölkələri heç bir təhlükə gözləmir”
15 Aprel 2014 18:20 SiyasətAzərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanla birgə mətbuat konfransı keçirib. APA-nın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Z.Həsənov bu gün İrana səfərinin ikinci günü olduğunu deyərək, yüksək səviyyədə, səmimi və dostcasına cərəyan edən münasibətə görə iranlı həmkarına və bu ölkənin xalqına təşəkkür etdiyini bildirib: "İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İranın müdafiə naziri və İran prezidentin birinci müavini ilə görüşlərimiz oldu və mühüm məsələləri nəzərdən keçirdik. Eyni zamanda regional və beynəlxalq məsələləri də müzakirə etdik. Bütün məsələlərdə fikirlərimiz eyni idi. İki ölkə arasında xüsusilə hərbi əməkdaşlıq sahəsində böyük potensial var. İranın müdafiə sənayesi yaxşı inkişaf edib. Bununla bağlı yaxşı danışıqlarımız olub və bu sahədə əməkdaşlığı davam etdirmək məsələlərini nəzərdən keçirmişik".
Z.Həsənov deyib ki, Azərbaycanın nə quru, nə də su ərazisindən qonşu ölkələri heç bir təhlükə gözləmir: "Bu, Azərbaycanın rəsmi siyasətidir. Biz həmişə beynəlxalq və regional təşkilatlarda ölkəmizin bu rəsmi siyasətini açıq şəkildə bəyan etmişik. Azərbaycan Konstitusiyasında göstərilib ki, Azərbaycan ərazisində üçüncü ölkənin hərbi bazası yerləşdirilə bilməz və biz heç bir gücə Azərbaycan torpaqlarından istifadə etməklə qonşu ölkələrə hücum etməyə icazə verməyəcəyik".