Beynəlxalq QHT-lərin Azərbaycandakı fəaliyyəti şəffaf deyil
Vüqar Əhmədov: “Həmin qeyri-hökumət təşkilatlarının bir çoxunun bəzən Azərbaycanın milli maraqlarının əleyhinə yönələn fəaliyyətini də görmək olur”
15 Aprel 2014 16:11 SiyasətYaxın və uzaq regionda baş verən proseslər, ayrı-ayrı dövlətlərdə meydana gələn kütləvi ixtişaşlar və vətəndaş qarşıdurmasında müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının da rolunun olduğu danılmaz faktdır. İstər Türkiyədəki Gəzi Parkı olayları, istər Misirdə günümüzdə də davam edən siyasi gərginlik, istərsə də Ukraynanın parçalanması ilə nəticələnən məlum hadisələrdə xarici QHT-lərin rolunun olduğu barədə deyilənlər artıq təsdiqini tapmaqdadır. Bu tipli beynəlxalq qeyri-hökumət təşkilatlarının Azərbaycanda da fəaliyyət göstərdiyini nəzərə alaraq onların ölkəmiz üçün nə dərəcədə təhlükəli olduğunu aydınlaşdırmaq olduqca vacibdir. Bəs görəsən yerli qeyri-hökumət təşkilatları bu barədə nə düşünür və Azərbaycandakı beynəlxalq QHT-lərin fəaliyyəti nə dərəcədə şəffaf və qənaətbəxşdir?
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən bütün beynəlxalq qeyri-hökumət təşkilatlarının fəaliyyətini qənaətbəxş hesab etmək olmaz: "Çunki həmin qeyri-hökumət təşkilatlarının bir çoxunun bəzən Azərbaycanın milli maraqlarının əleyhinə yönələn fəaliyyətini hələ də görmək olur. Təəssüf ki, bəzən bu oyuna onların bəzi azərbaycanlı əməkdaşları da düşür. Heç şübhəsiz Azərbaycanda çalışan beynəlxalq QHT-lərin xarici əsilli əməkdaşlarını ölkəmizin milli maraqları düşündürməyə bilər. Ona görə onlar öz məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edə bilərlər. Bu fəaliyyətlər öz vətəndaşlarımızın xarici düşmənlərimiz olan ermənilərə xidmət və onlarla hər hansı bir formada əməkdaşlıqdan tutmuş, missionerlik fəaliyyətinə qədər təhrik olunması halları ola bilər. Təbii ki, bunlar yolverilməzdir. Xüsusən ölkəmizdə çalışan xarici ölkələrin vətəndaşları bu fəaliyyətlərə görə özlərini çox rahat və toxunulmaz hiss edə bilərlər. Amma yanılırlar. Çunki onlar bu fəaliyyətləri ilə ilk növbədə bizim vətəndaşlarımızı təhlükəyə atırlar və buna görə məsuliyyət daşıyırlar. Ona görə istənilən beynəlxalq QHT-də çalışan azərbaycanlı əməkdaşların birinci məqsədi Azərbaycana, onun inkişafına və milli maraqlarına xidmət etmək olmalıdır. Bunun əksini düşünənlər ABŞ-ın Milli Demokratiya İnstitutunun ölkəmizdəki pozucu fəaliyyətini və aqibətini xatırlaya bilərlər. Hesab edirəm ki, ölkəmizin milli təhlükəsizlik maraqları hər şeydən üstün olmalıdır".
Vüqar Əhmədov onu da qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatların ölkəmizdə tamhüquqlu fəaliyyəti üçün şərait yaradan ən öndə gedən ölkələrdən biridir: "Azərbaycan hər zaman beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir, ölkəmizdə vətəndaş cəmiyyətinin qurulması və sosial, iqtisadi və mədəni layihələrdə dövlətlə beynəlxalq təşkilatlar arasında uğurlu əməkdaşlıq qurulur. Bir çox beynəlxalq QHT-lər ölkəmizdə nümayəndəliklərini açaraq rahat şəkildə fəaliyyətlərini qururlar və onlara dövlət tərəfindən hər zaman dəstək hiss olunur. Əlbəttə bu gün Azərbaycan dövlətinin gücü kifayət qədər artır və ölkənin sosial, mədəni və iqtisadi problemlərinin həllində həlledici rola malikdir. Bununla yanaşı hesab edirəm ki, beynəlxalq QHT-lərin də öz təcrübə və proqramları ilə ölkəmizin inkişafına töhfələri müsbət hal kimi qiymətləndirilə bilər". Birləşmiş Ştatların Sülh Korpusunun Azərbaycanla müqaviləsinin bitməsi səbəbindən fəaliyyətini dayandırmasına dair məlumatlara gəlincə, İctimai Birlik sədri deyib ki, son illər Birləşmiş Ştatların Milli Demokratiya İnstitutu və Beynəlxalq Respublikaçılar İstitutunun fəaliyyəti hər birimizə məlumdur. Ona görə də istisna etmək olmaz ki, hələ də Azərbaycanda ölkəmizin milli maraqlarına zidd fəaliyyətlə məşqul olan beynəlxalq QHT-lər mövcud olsun: "Heç şübhəsiz ki, belə halların qarşısı dövlətimizin müvafiq qurumları tərəfindən alınmalıdır və əgər belə hallar olarsa onların Azərbaycandakı fəaliyyətinin dayandırılmasını mən doğru qərar hesab edərdim. Ümumiyyətlə götürəndə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan dünya birliyinin tamhüquqlu üzvü olaraq bütün xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlıq qurur. Guman edirəm ki, bundan sonra da ölkəmizdə beynəlxalq qeyri-hökumət təşkilatlarının fəaliyyəti davam etdiriləcək. Amma biz hamımız yaxşı bilirik ki, heç də bütün beynəlxalq QHT-lərin Azərbaycandakı fəaliyyəti açıq və şəffaf deyildir".
Süleyman