“Tatarların Krımdan köçürülməsi Rusiyanı qarışdıracaq” - FİKİR

Qabil Hüseynli: “Proseslərə kənardan da müəyyən stimullar olacaq”

Politoloq Qabil Hüseynli Rusiya Federal Miqrasiya Xidmətinin Krım tatarlarının yarımadadan köçürülməsi barədə qərarını şərh edib. Q.Hüseynli bildirib ki, Rusiyanın yürütdüyü siyasət normal məntiqə əsaslanmır, tamamilə absurd tezislərlə zəngindir. Politoloq qeyd edib ki, Moskva Krım tatarlarının köçürülməsi planını həyata keçirə bilər. Vaxtilə Krım tatarlarının bir neçə dəfə öz vətənlərindən deportasiya olunduğunu deyən Qabil Hüseynlinin sözlərinə görə, bu dəfə rusların qurduqları planların çox cüzi hissəsi həyata keçə bilər: "Çünki, Rusiya ətrafında vəziyyət gərginləşir. Federasiya daxilində yaşayan tatarların sayı 20 milyona yaxındır. Rusiya daxilindəki etnik oyanışın başında tatarlar dayanır. Tatarlar Moskvanın bu siyasətinə adekvat cavab verəcəklər. Bundan sonra federasiya daxilində vəziyyət qarışa bilər. Rusiya daxilində 100-dən çox millət yaşayır. Onlar da hüquqlarını müəyyənləşdirmək uğrunda mübarizəyə başlayacaqlar. Proseslərə kənardan da müəyyən stimullar olacaq. Krım tatarlarının yarımadadan deportasiya edilməsi beynəlxalq hüquq normalarına ziddir. Avropa Şurası məsələ ilə əlaqədar xüsusi qətnamə qəbul edib. Həmin qətnamədə deportasiya edilmiş xalqların, ilk növbədə Krım və mesxeti türklərinin öz vətənlərinə qaytarılması haqda tezislər əksini tapıb. Rusiya buna görə də köçürülmə planını həyata keçirə bilməyəcək". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00