Oqtay Əsədov ATƏT-in nümayəndəsini qəbul edib

Milli Məclisin Sədri Oqtay Əsədov ATƏT-in Azərbaycan Respublikasında layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul etdi. Parlamentin sədri bildirib ki, Azərbaycan ATƏT-lə hərtərəfli əməkdaşlığa mühüm önəm verir və əlaqələrin inkişafında maraqlıdır. Sədr qurumun Bakıdakı ofisinin fəaliyyətini də bu baxımdan yüksək qiymətləndirib.Söhbət zamanı bildirildi ki, Milli Məclis ATƏT-in Parlament Assambleyası ilə sıx əməkdaşlıq edir, deputatlarımız qurumun tədbirlərində fəal iştirak edirlər. Sədr təşkilatın 2014-cü il yaz sessiyasının 28 iyun - 2 iyul tarixlərində Bakıda keçirilməsi barədə qərarını təqdirəlayiq hesab edərək, tədbirin yüksək səviyyədə keçiriləcəyinə inamını vurğuladı. Görüşdə Milli Məclisin Sədri Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən danışaraq dedi ki, yaranmış durum təkcə Cənubi Qafqaz regionunun deyil, bütövlükdə Avropanın təhlükəsizliyini təhdid edir. Bu mənada, Avropada təhlükəsizliklə məşğul olan bir qurum kimi ATƏT-in Parlament Assambleyası da Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə nizamlanması üçün səylərini artırmalıdır. Səmimi görüşə görə minnətdarlığını ifadə edən ATƏT-in Azərbaycan Respublikasında layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski Bakıda gördüyü inkişafdan məmnun qaldığını bildirib. Qonaq Azərbaycanla ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikirlərini bölüşüb. Azərbaycan nümayəndə heyətinin ATƏT PA-da səmərəli fəaliyyətini xüsusi qeyd edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, regionda təhlükəsizliyin təmin edilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00