Rusiyaya zərbə üçün Azərbaycan NATO-ya üzv edilməlidi

Qərb Rusiyanın Ukraynaya işğalının qarşılığında NATO vasitəsilə Şərqi Avropada kiçik manevrlə kifayətlənməli oldu

Rusiyanın Krımı işğal etməsilə bir sıra məqamlar üzə çıxdı. Birincisi, NATO və Avropa İttifaqı post-sovet məkanının Qərbə inteqrasiya məsələsində istəkli olmasına baxmayaraq, bu sahəyə lazımi diqqəti ayırmaması; İkincisi, əlində kifayət qədər təsir rıçaqlarının olmasına baxmayaraq Rusiyanı növbəti dəfə dayandırmaq məsələsinə səhlənkar münasibəti; Üçüncüsü, Ukraynaya müdaxilə ilə Rusiya təhlükəsinin keçmiş SSRİ ərazisi üzərində bulud effekti yaratdığı bəlli oldu. Həqiqətən də Krımın işğalı Rusiya tərəfindən keçmiş sovet ölkələrinə verilən təhlükəli mesajdır. Rusiya sahədəki mövcud münaqişə ocaqlarını qızışdırıraraq geosiyasi planlarının icrası üçün münbit şərait yarada bilər. Əslində Moskva bununla həm də post-sovet sahəsini Qərbə meyllənməkdən çəkindirmək istəyir. Bir tərəfdən də Vladimir Putin dolayı yolla bu ölkələrə hərbi müdaxilə ehtimalını da istisana etmir. Lakin bunun müqabilində Qərb Rusiyaya icra etmədiyi sanksiya paketləri təqdim edir. NATO Şərqi Avropa səmasında səthi manevrlər reallaşdırır.

Qərb susur

ABŞ-ın Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun direktoru Svent E.Kornell bildirir ki, Putinin Ukrayna üzərindəki manipulyasiyasından sonra Qərb Rusiyanın qonşuluğundakı dondurulmuş münaqişələrə diqqətini artırmalıdır. Kornellə görə, Krım referendumu Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Transdnestr bölgələrinə də tətbiq oluna bilər. Yəni ki, Qərb Rusiyanın manipuliyativ gedişlərindən sonra passiv mövqedə dayansa, vəziyyət onun lehinə olmayacaq. Brüssel və Vaşinqton baş verən prosesləri lazımi şəkildə qiymətləndirməlidir. Həqiqətən də Qərb Rusiyanın Ukraynaya işğalının qarşılığında NATO vasitəsilə Şərqi Avropada kiçik manevrlə kifayətlənməli oldu. Kornell qeyd edir ki, Moskvanın Krımda uğur qazanmasının əsas səbəbi Qərbin 20 il ərzində post-sovet məkanına lazım olan diqqəti ayırmamasıdır. Svent Kornell Rusiyanın Dağlıq Qarabağ təcrübəsini də yada salır. Amerikalı analitik qeyd edir ki, Rusiya 90-cı illərində əvvəllərində Ermənistan vasitəsilə Azərbaycana məxsus əraziləri işğal edəndə də Qərb məsələyə səthi reaksiya verdi: "Müstəqilliyinin ilk illərindən Azərbaycanın Qərbə inteqrasiya yolunu seçməsinə baxmayaraq, müttəfiqlər yenə də susmaq mövqeyində dayandılar. Rusiyanın dəstəyilə Ermənistan bu gün Dağlıq Qarabağ münaqişəsi xaricində Azərbaycanın digər ərazilərinə də iddialar irəli sürür. Rusiya dəstəyi və təzyiqilə Ermənistan da Ukrayna kimi Avropa İttifaqı ilə assosasiya sazişini imzalamaqdan imtina etdi. Ermənistan Rusiyadan silahları pulsuz əldə edərkən, Azərbaycan bunu öz maddi hesabı ilə həyata keçirir. Qərb bir dəfə də Rusiya Gürcüstan ərazilərini işğal edəndə susdu".

Rusiya dayandırıla bilər

Kremlin regionda həyata keçirdiyi geosiyasi planların məntiqi var. Putin başa düşür ki, rus ordusunun müdaxilə etdiyi ölkələri NATO və Avropa İttifaqı öz sıralarına qatmaqdan imtina edəcək. Lakin Qərbin bunun müqabilində susması, az qala özünü bitərəf elan etməsi başadüşülən deyil. Əslində 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı müharibə elan etməsinin əsl səbəbi Abxaziya və Cənubi Osetiyada qarşıdurmalara nəzarət edən və digər münaqişələrin həlli üçün beynəlxalq mexanizmin mövcud olmaması idi. Belə bir mexanizmin mövcud olduğu Ermənistan və Azərbaycan arasındakı ATƏT-in Minsk Qrupu dövründə isə Qərb qarşıdurmanın gərginləşməsinə səhlənkar münasibət sərgiləməsidir. Nümunə: ABŞ 2013-cü il ərzində Minsk Qrupundakı ekspert mövqeyini az qala 1 il boş qoydu. Qərb səhlənkarlığı fonunda Rusiyanın Dağlıq Qarabağ, Abxaziya və Transdnestr qarşıdurmalarından istifadə edərək yeni münaqişə ocaqları yaradacağı qətidir. S.E.Kornel qeyd edir ki, Qərb istəsə, Rusiyanı saxlaya bilər. Yəni ki, Rusiyanın müdaxilə etdiyi ölkələrə diqqət ayrılmalıdır. Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın təhlükəsizliyinin təmini üçün Avropa İttifaqı və NATO üzvlük şərtlərini qəbul etmiş bu ölkələrdən məlum münaqişələrin həllini tələb etmədiyini elan edə bilər. Belə bir addımın Rusiyanı həyəcanlandırması mümkündür. Məsələn, bu vəziyyətdə Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində təlcə, Azərbaycanla yox, həm Avropa İttifaqı, həm də NATO ilə hesablaşacaq. Əldə ediləcək nəticə isə sözssüz ki, Azərbaycanın lehinə olacaq.

Kreml üçün təhlükəli mesaj

Svent E.Kornelə görə, ABŞ və Avropanın əlində Rusiyaya qarşı təzyiq rıçaqları var. Həllsiz münaqişələrin hamısında format dəyişikliyi etmək mümkündür. Amerikalı politoloq qeyd edir ki, Krım münaqişəsinin həll edilməsi üçün belə bir metod olmasa da digər problemlər üçün belə bir təcrübə artıq sınaqdan keçirilir: "Transdnestr problemində "5+2", Dağlıq Qarabağ münaqişəsində Minsk Qrupu və Gürcüstan məsələsində Cenevrə danışıqları Qərbi həll proseslərinə daxil edib. Rusiya buna dağıdıcı diplomatiya hesab etsə də, laqeyd siyasətinin artıq keçmişdə qaldığı mesajını dəqiq alacaq". Yəni ki, Qərb Ukrayna, Gürcüstan, Azərbaycan və Moldova ilə birbaşa əlaqələrə girib problemlərin həllində maraqlı olmalıdır. Rusiya faktoru müəyyən qədər kənarda saxlanılsa, Moskva Qərbdən müəyyən təhlükəli mesaj alacaq. Bu ən azından Rusiya təhlükəsi qarşısında açıq maneənin yaradılması deməkdir. Başqa sözlə, Rusiyanı dayandırmaq o qədər də çətin deyil.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00