Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum edilsin

Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki,  toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Ukrayna hadisələrinə bir daha diqqət yetirən İdarə Heyəti son günlər bu ölkədə cərəyan edən hadisələrin Yaxın Şərq ssenarisi üzrə inkişaf etməsindən narahatlığını ifadə edib. İdarə Heyəti işğal altında olan Azərbaycan torpaqlarında, o cümlədən Zəngilan, Laçın və Kəlbəcər rayonlarında erməni işğalçıları tərəfindən suriyalı erməni ailələrinin yerləşdirilməsi məsələsini müzakirə edərək, bu hadisəni atəşkəs rejiminin tələblərinin kobud şəkildə pozulması, işğal olunan ərazilərin ilhaq edilməsi və Ermənistanın işğal və ilhaq siyasətinin möhkəmləndirilməsi kimi dəyərləndirib. Son vaxtlar Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan arasında hərbi ittifaqın yaradılması ilə bağlı məlumatlara da münasibət bildirən ADP İdarə Heyəti bu hadisəni alqışlayaraq, əməkdaşlığın yeni müstəviyə qaldırılması istiqamətində daha ciddi addımların atılmasını və bu əməkdaşlıqda maraqlı olan başqa islam dövlətlərinin də adı çəkilən hərbi birliyə dəvət olunmasını məqsədə müvafiq hesab edib. İdarə Heyəti Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasında veto hüququndan məhrum edilməsinin vacibliyini bir daha qeyd edərək, Rusiyanın əvəzinə İslam dünyasını təmsil edən bir dövlətə bu hüququn verilməsini məqsədə müvafiq hesab edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00