Krıma uzanan əllər...
Sabah Qarabağa, Gəncəyə, Qusara uzanacaq
14 Aprel 2014 17:42 SiyasətElman Cəfərli
Rusiyanın Ukrayna torpağı olan Krımı özünə birləşdirməsi Azərbaycanda narahatlıqla izlənilir. Hadisəyə yanaşmalar müxtəlifdir. Rusiyanı haqlı sayanlar da var-hesab edirlər ki, Krım Qara Dəniz sahillərini Osmanlı imperiyasından almış Rusiyanın tarixi ərazisidir və ötən əsrin 50-ci illərində SSRİ tərkibində olan Ukrayna SSR-ə verilib. O zamanlar SSRİ-nin başında əslən ukraynalı olan Nikita Xruşşov dayanırdı və hesab edilir ki, Sovet rəhbəri yarımadanı Ukraynaya verməkdə tərəfkeşlik edib. Bunu daha çox başında Sovet nostaljisi qalmış Rusiyapərəst qruplar, etnik azlıqlara mənsub solçular deyirlər. İlk baxışdan onların "Krım Ukraynada qalmış, Rusiyaya birləşmiş, bundan sizə nə" sualı haqlı görünə bilər. Özəlliklə bu sual Krım tatarlarına, onları dəstəkləyən Türkiyə və Azərbaycan millətçilərinə verilir. Hadisəyə həvəskar şəkildə yanaşanlar üçün bu sual haqlı görünə bilər. Ancaq Azərbaycan insanı üçün Krımın işğalına yanaşma birmənalı olmalıdır. Çünki:
- Azərbaycan Ukraynanın müttəfiqidir. Ölkələrimiz MDB-yə alternativ olaraq nəzərdən keçirilən GUAM-ın üzvləri idi;
- Azərbaycan da Ukrayna kimi ərazisi qəsb olunmuş durumdadır. Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonu Ermənistan məhz Rusiyanın dəstəyi ilə ilhaq edib;
- Ukrayna Qarabağ münaqişəsi başlanandan Azərbaycanın haqq davasının dəstəkləyib, hətta hərbi yardımlarını belə əsirgəməyib. Ayrıca, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasına dəstəyini əsirgəməmiş ukraynalı zabitlərin xidmətini unutmamalıyıq;
- Ukrayna Azərbaycanın müstəqilliyinin qarantı olan Avrointeqrasiya hərəkatının qalalarından biridir;
- Ukrayna SSRİ-nin taleyini həll etmiş (yaranma 1922-ci il müqaviləsi, dağılma 1991-ci il sazişi) ölkələrdəndir. SSRİ-ni bərpa etmək istəyən Putinin Ukraynanı hədəf seçməsi də təsadüfi deyil. Kremlin SSRİ-dən qopmuş müstəqil dövlətlərin ən saytalından yapışması təbiidir.
200 illik rus işğalından əziyyət çəkmiş Azərbaycanın Krım məsələsində Ukraynanın yanında olması daha məntiqi və daha ədalətlidir. "Biz də bundan istifadə edib Sovet vaxtı bizdən alınmış torpaqları qaytaraq" fikri ucuz demoqogiyadan başqa bir şey deyil. Dünyanın qəbul etdiyi ərazi bütövlüyü prinsipi var və biz BMT-də qəbul olunmuş sərhədləri qorumağa çalışmalıyıq.
Hazırkı dünya düzənində Azərbaycanın dostları var, düşmənləri, rəqibləri var. Eləcə də Rusiyanın. Biz Rusiyanın dostları siyahısında yoxuq. 200 il bir ölkədə yaşasaq da, etnik fərqlər ruslarla bizi rəqibə çevirir. Bizim müttəfiqimiz müstəqilliyimizin əbədi və güclü olmasını istəyən dövlətlərdir. Qonşularımızdan yalnız Türkiyə və Gürcüstan bunu istəyir. MDB dövlətlərindən isə daha çox Ukrayna. Putinin Rusiyanı eninə və uzununa (bəzi məlumatlara görə Kreml Alyaskanı da ABŞ-dan geri istəməyə hazırlaşır) genişləndirmə siyasəti bizə sərf etmir. Və biz siyasətin qarşısında olmalıyıq. Krıma uzanan əllər sabah Qarabağa, Gəncəyə, Qusara uzanacaq.
Sonra "Krımın Ukraynanın, yaxud Rusiyanın tərkibində qalmasının bizə istisi-soyuğu varmı" sualına cavab olaraq deyək ki, Krım tarixi türk torpağıdır. Rusiyanın tərkibinə keçmiş türk torpaqlarının aqibəti bəllidir. O boyda Qızıl Orda dövlətindən cəmi 2-3 muxtar qurum qalıb. Əhalisinin böyük hissəsi xristianlaşmağa, slavyanlaşmağa məruz qalan bu torpaqların müstəqil dövlətə çevrilmə şansı çox azdır. Deməli, Rusiya ərazisində türk xalqlarının assimilyasiya siyasətinə məruz qalması riski daha çoxdur. Krımın bu nöqteyi-nəzərdən də Ukraynada qalması daha sərfəlidir.