“Prezident oliqarx, xalq isə dilənçidir” - FİKİR
Vəfa Quluzadə: “Rusiyanın Ukraynada imperiya, dünyanın super gücü olan ABŞ-ın da digər maraqları var”
14 Aprel 2014 17:00 SiyasətAzərbaycanın keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Amerikanın sabiq xəzinədarı Paul Kreyq Robertsin "ABŞ dünya liderliyini itirib" fikirlərinə aydınlıq gətirib. V.Quluzadə qeyd edib ki, Azərbaycanın da keçmiş xəzinədarı məsələ barədə hər hansı bir bəyanat səsləndirsə, məntiq etibarilə o da Robertsin fikirilərinə oxşayacaq. Politoloq hesab edir ki, P.Robertsin siyasətdən xəbəri yoxdur: "Keçmiş xəzinədar Rusiya tərəfindən şirnikləndirilib ki, onun lehinə açıqlama versin. Məsələnin başqa tərəfi yoxdur. Siyasi məsələləri dəyərləndirmək xəzinədarın işi deyil. Bu, natəmiz işdir. Xəzinədar bu məsələni başa düşə bilməz". Vəfa Quluzadə Robertsin ABŞ-ı Ukraynada səhv həmlələrlə ittiham etməsi məsələsinə də toxunub. V.Quluzadə vurğulayıb ki, daxilində baş verən proseslərə görə, əsas zərər çəkən tərəf Ukraynadır. Keçmiş dövlət müşaviri hesab edir ki, Rusiyanın Ukraynada imperiya, dünyanın super gücü olan ABŞ-ın da digər maraqları var: "Həmin siyasi mübarizədə ziyan görən isə Ukraynadır. Bir ukraynalı "Avronyus" telekanalına kiçik bir müsahibəsində bildirdi ki, Ukraynanın 23 illik müstəqillik tarixi var: "Həmin illər ərzində nə qazanmışıq?". Həqiqətən də baş verən proseslərin fonunda keçən tarix ərzində Ukraynanın heç nə qazanmadığı məlum olur. Hakimiyyətə kim gəlibsə, hamısı oliqarx olub. Timoşşenko oliqarx olub, Yuşşenko oliqarx olub, Kravçuk və Kuçma da oliqarx olub. Hamısı milyarderdir. Ukrayna xalqı isə dilənçi vəziyyətindədir. Ona görə də insanların artıq hər şeyə inamı itib, səbrləri də tükənib. Dünyanı titrədən Fransa inqilabı və onun gözəl şüarları, azadlıq, bərabərlik, qardaşlıq - bu idellar uğrunda neçə əsr xalqlar çarpışıblar. Artıq o nəticəyə gəliblər ki, nə azadlıq, nə bərabərlik, nə də ki, qardaşlıq mümkündür. Ona görə də dünyada inamsızlıq, cinayət baş alıb gedir. İnsanlar məyusdur". ("OLAYLAR" İA)