“Putin Qərbin əlilə özünü vurmağa çalışır” - AÇIQLAMA

Razi Nurullayev: “Qərb və Avropa İttifaqı Krımla bağlı qətiyyət ortaya qoysaydı, bu gün Rusiya Şərqi Ukraynaya qədər nüfuz edə bilməzdi”

 "Region" Beynəlxalq Analitik Mərkəzinin (RBAM) direktoru Razi Nurullayev Ukraynanın Şərqində baş verən proseslərə növbəti dəfə münasibət bildirib. R.Nurullayev qeyd edib ki, Şərqi Ukraynada baş verən proseslər Krım ssenarisinə doğru gedir. Krımın itirilməsinin fərqli məsələ olduğunu deyən Razi Nurullayevin sözlərinə görə, həmin vaxt Ukrayna cəmiyyətində məsələ ilə əlaqədar birmənalı fikir formalaşmamışdı, hökumət yeni qurulmuşdu. RBAM direktoru hesab edir ki, bu amillərə görə, Krıma yönəlik qətiyyətli addımlar atılmadı: "Nəticə olaraq Krım işğal edildi və Rusiya Şərqi Ukraynaya doğru nüfuz etməyə başladı. Ukraynanın Şərqində də Rusiyanın separatçı dəstələri peyda olub. Regionda artıq Kremlin təbliğat maşını işə düşüb və konfilyaj olunmuş əsgərləri də əhali arasında təşviqat-təbliğat aparmaqla məşğuldurlar. Lakin Ukraynanın Krım kimi digər ərazilərinin də itirilməsilə razılaşacağı inandırıcı deyil. Belə halda Ukrayna ordusu seperatçılar tərəfindən işğal olunmuş ərazilərə doğru hərəkətə keçəcəklər. Rusiya da regionda yaşayan etnik rusların müdafiəsi məqsədilə bölgəyə qoşun yeridə bilər. Bununla da Ukrayna tamamilə ələ keçməsə də yarı işğal altında olacaq. Bölgədə rus ordusu amilini də nəzərə alsaq, gələcəkdə həmin bölgənin Krımın taleyini gözləməsi mümkün ola bilər. Lakin referendum vasitəsilə Şərqi Ukraynanın Rusiyaya birləşdirilməsini ehtimal etmək çətindir. İstənilən halda region Ukraynadan müstəqilliyini tələb etməyə çalışacaq. Təbii ki, Rusiya da ona kömək etməyə səy göstərəcək. Bunun əsasında müəyyən məsələlər dayanır. Hesab etmək olar ki, Putin Qərbin əlilə özünü vurmağa çalışır. Yanukoviç Avropa İttifaqının assosasiya sazişindən imtina edəndən sonra Qərbi Ukrayna bölgələri etiraz aksiyaları keçirməyə başladılar. Bu gün də Moskva həmin silahla yeni hökuməti vurur. Şərqi Ukrayna da Rusiyaya birləşmək haqqında tələblərini irəli sürür. Şərqə Qərb regionları arasındakı fikirlər tamamilə ziddiyyətlidir. Baş verənlərin fonunda vəziyyət olduqca kritikdir. Vaxtında Qərb və Avropa İttifaqı Krımla bağlı qətiyyət ortaya qoysaydı, bu gün Rusiya Şərqi Ukraynaya qədər nüfuz edə bilməzdi". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00