Deputatlarımız TÜRKPA-nın tədbirinə qatılacaqlar
14 Aprel 2014 13:56 SiyasətMilli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, deputatlar Əhliman Əmiraslanov və Sədaqət Vəliyeva Türkdilli Ölkələrin Parlament Assambleyası komissiyalarının iclaslarında iştirak etmək üçün aprelin 14-dən 17-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaqlar. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, qurumun beynəlxalq əlaqələr komissiyasında "Türkdilli ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələri" mövzusunda məruzə dinləniləcək, tövsiyələr veriləcək. Məruzəni Milli Məclisin deputatı, komissiyanın sədri Əhliman Əmiraslanov təqdim edəcək. Millət vəkilləri Nizami Cəfərov və Sədaqət Vəliyeva isə təşkilatın Sosial, mədəni və humanitar məsələlər komissiyasının iclasında "Türk dili günü" mövzusuna həsr olunmuş müzakirələrə qatılacaqlar. Toplantıda türk dilinin tarixi, inkişafı, tədrisi və tədqiqi ilə bağlı fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində, həmçinin ekspertlərin iştirakı ilə "Elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq" mövzusunda dəyirmi masa keçiriləcək.