“Rusiya Ukraynadan Azərbaycanın əleyhinə istifadə edə bilər”

Vəfa Quluzadə: “Rus ordusunun Tərtər-Yevlax istiqamətində hücuma hazırlaşması mümkün deyil”

 Politoloq Vəfa Quluzadə Rusiya ordusunun Dağlıq Qarabağdan Tərtər-Yevlax istiqamətində irimiqyaslı hücumlara hazırlaşması barədə yayılan məlumatlara münasibət bildirib. V.Quluzadə yayılan məlumatları şayiə adlandırıb. Politoloq qeyd edib ki, Rusiyanın belə bir addım atmasına heç bir ehtiyac yoxdur. Moskvanın Azərbaycanla Ermənistan vasitəsilə danışdığını deyən Vəfa Quluzadənin sözlərinə görə, Ermənistan ordusu Rusiyaya məxsusdur. V.Quluzadə hesab edir ki, erməni silahlı qüvvələrinin başında Rusiya hakimiyyəti dayanıb: "Ermənistan rəhbərliyinin varlığı isə formal xarakter daşıyır. Erməni orusu tamamilə rus hərbi texnikası vasitəsilə silahlandırılıb. Ona görə də Rusiyanın bütün bunları nəzərə alanda Azərbaycanın digər ərazilərinə qoşun yeritməsinə ehtiyac yoxdur. Rusiya artıq bunu bir dəfə Dağlıq Qarabağ və ətraf rayonları işğal etməklə həyata keçirib. Rusiyanın belə bir addım atması sadəcə biabırçılıq olardı. Moskva Ukraynadakı vəziyyətdən istifadə edərək, Azərbaycanı Ermənistana hücum etməkdə günahlandıra bilər. Bunu 3-4 gün rus KİV-i vasitəsilə dünyaya yayandan, agenturası, erməni diasporasını ayağa qaldırandan sonra "Ermənistanı xilas edin" bəyanatını yayacaq. Belə halda Rusiya Azərbaycana hücum edə bilər. Lakin indi yayılan məlumatlar tamamilə gülüş doğurur. Rusiya ümumiyyətlə belə bir addıma əl atmaz". Rusiya prezidenti Vladimir Putinin Ukraynaya dair Avropa ölkələrinə hesabat göndərməsi məsələsinə də toxunan Vəfa Quluzadənin sözlərinə görə, Kreml başçısının Qərb dövlətlərinə bu ölkə ilə əlaqədar məktub göndərməsi diplomatik gedişlərdir. Politoloq hesab edir ki, Kreml bununla Ukraynanın Rusiyaya olan borcunu Avropanın gözünə soxur: "Putin diqqətə çatdırmaq istəyir ki, indiyədək Ukraynanı Qərb yox, Rusiya saxlayıb. Peskov da Rusiyanın həmin borcları Ukraynadan tələb etmək fikrində olmadığını bildirdi. Kreml bununla həm Ukraynanın Rusiyadan asılılığını, həm də ukraynalılara "alicənab münasibət" bəslədiyini göstərmək istəyindədir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00