Əli Həsənov: “Hücum diplomatiyasını yaddan çıxarmamalı, təcavüzkar Ermənistanın dünyada ifşasına nail olmalıyıq”
11 Aprel 2014 16:26 Siyasət"Biz dövlət başçısının Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalı, təcavüzkar Ermənistanın bütün dünyada ifşa olunmasına nail olmalıyıq". Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər söbəsinin müdiri, professor Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində "Münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi" mövzusunda oxuduğu mühazirəsində deyib. Məlumatı "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi yayıb. PA rəsmisi münaqişənin nizama salınması prosesində Ermənistanın təcavüzkar siyasətindən, qeyri-konstruktiv müvqeyindən danışaraq Azərbaycanın apardığı diplomatik səylərini, son vaxtlar dövlətimizin hücum diplomatiyasına üstünlük verdiyini qeyd edib. Ə.Həsənov eyni zamanda dinləyicilərin nəzərinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu işğal, etnik təmizləmə siyasəti və ərazilərimizin müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulayıb: "Bu səbəbdən biz Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin yürütdüyü böyük siyasətə dəstək verməliyik. Ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinə ağıl və intellektlə yanaşmaq lazımdır. Eyni zamanda, biz həm də güclü olmalıyıq. İqtisadi güc Azərbaycanın qurtuluş missiyasının əsasını təşkil edir".
Qeyd edək ki, aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri" proqramı üzrə növbəti qısamüddətlı kurslara yekun vurulub.