ABŞ administrasiyası “erməni soyqırımı” deyilən bir hadisənin olmadığını yaxşı bilir - ŞƏRH
Mütəllim Rəhimli: “Amma bundan Türkiyəyə qarşı bir təzyiq aləti kimi istifadə edir”
11 Aprel 2014 16:05 Siyasət"Artıq dövlətlərarsı münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin getdikcə daha pis şəkildə pozulmasının şahidi oluruq. Belə münasibət həm də Türkiyəyə qarşı sərgilənir". Bu fikirləri "OLAYLAR"-a verdiyi açıqlamada Ədalət Partiyasinin sədr müavini Mütəllim Rəhimli ABŞ Senatının xarici əlaqələr komissiyasında "erməni soyqırımı" ilə bağlı qanun layihəsinin qəbuluna münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, ABŞ administrasiyası "erməni soyqırımı" deyilən bir hadisənin olmadığını yaxşı bilir: "Amma bundan Türkiyəyə qarşı bir təzyiq aləti kimi istifadə edir. ABŞ-ın son vaxtlar yürütdüyü ikili siyasət onun nüfuzunun getdikcə aşağı düşməsinə, müttəfiqlərinin ona olan inamının itməsinə səbəb olur. Əfqanıstanda, İraqda, Liviyada və s. ölkələrdə ədalətsiz münaqişələr aparan ABŞ-ın zəif, qeyri-səmimi təsir bağışlayan siyasəti müqabilində dünyada digər güc mərkəzləri formalaşmaqdadır. Görünür elə bütün bunlar son vaxtlar Rusiyanın, Çinin fəallaşmasına gətirib çıxarıb. Artıq ABŞ-ın apardığı siyasət elə bir vəziyyət yaradıb ki, Türkiyə kimi dövlətlərin yaxın gələcəkdə onu müttəfiq kimi itirməkdən qorxması psixologiyası aradan qalxacaq. İndidən biz Türkiyənin Avrasiya İttifaqı ilə perspektiv əlaqələri ilə bağlı bəyanatlarının şahidi oluruq. Bu ehtimalı həm də Türkiyənin AB-yə üzv qəbul edilməməsi də artırır".