Ermənilərin canfəşanlığı nəticəsiz qalacaq - ŞƏRH
Elman Nəsirov: “ABŞ prezidenti onun fərqindədir ki, erməni maraqlarına xidmət etmək regionda Türkiyə kimi son dərəcə güclü tərəfdaşı itirmək anlamına gəlib çıxa bilər”
11 Aprel 2014 13:38 SiyasətBirləşmiş Ştatlar Türkiyə ilə münasibətlərə olduqca mənfi təsir edəcək bir qərara imza atdı. Türkiyənin uzun illər apardığı mübarizəyə rəğmən Birləşmiş Ştatlar Senatının Xarici Əlaqələr Komitəsi "erməni soyqırımı" ilə bağlı qanun layihəsini qəbul etdi. Komitədə keçirilən səsvermə zamanı qanun layihəsi 5 nəfər əleyhinə, 12 nəfər lehinə olmaqla qəbul edilib. Komitənin 10 nəfərdən ibarət olan demokrat qrupu isə səsvermədə iştirak etməyib. Qanun layihəsinin əleyhinə səs verənlər isə respublikaçılardan olan komitə üzvləridir. Senator Bob Coker bildirib ki, mövcud vəziyyətdə belə bir qərarın qəbul edilməsi ABŞ-ın milli maraqlarına uyğun gəlmir. Layihəni komitənin müzakirəsinə təqdim edən Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri, senator Robert Menendez isə "erməni soyqırımı"gerçək olduğunu və bunun inkar edilə bilmədiyini vurğulayıb. Hətta ermənipərəst senator 1915-ci il hadisələrini Ruanda və Yəhudi soyqırımına bənzədib. Qanun layihəsinin növbəti mərhələdə Birləşmiş Ştatlar Konqresində qəbul edilməsi nəzərdə tutulur.
Okeanın o tayından gələn məyusedici xəbər Türkiyədə ciddi etirazla qarşılanıb və Ankaradan bu qərara verilən cavab gecikməyib. Türkiyə baş nazirinin müavini Əli Babacan Birləşmiş Ştatların bu mövzunu daxili siyasətə alət etdiyini bildirib: "99 il əvvəl Amerikadan çox uzaqda baş verdiyi iddia olunan, amma olub-olmaması barədə heç bir elmi araşdırma aparılmayan və bizim də qətiyyətlə qəbul etmədiyimiz bir mövzunun bu gün ABŞ-da daxili siyasətə alət edilməsi heç xoş bir hərəkət deyil". Bu qərardan sonra iki ölkə arasında münasibətlərin hansı müstəvidə davam edəcəyinə gəlincə Əli Babacan hazırda Ankarada bu istiqamətdə müzakirələr aparıldığını və Türkiyə hökumətinin buna rəsmi cavab verəcəyini bildirib.
Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyir ki, hazırda erməni diasporu qondarma "erməni soyqırımı"nın 100 illiyinə ciddi-cəhdlə hazırlaşır və bununla bağlı çox möhtəşəm tədbirlər keçiriləcəyinin anonsunu verir: "Onlar təkcə 2015-ci il deyil, eyni zamanda 2014-cü ilə də həlledici il kimi baxırlar. Birinci Dünya Müharibəsinin 100 illiyinin tamam olması ərəfəsində ermənilər iddia edirlər ki, guya həmin ərəfədə ermənilərə qarşı soyqırım siyasəti həyata keçirilib. Belə çıxır ki, həm 2014-Birinci Dünya Müharibəsinin başlamasının 100 illiyi, həm də 2015-ci il ermənilər üçün həlledici il hesab edilir. Özü də bunu açıq şəkildə bəyan edirlər. Bu baxımdan ermənilər Amerikada qondarma soyqırımı tanıtmaq istiqamətində yeni-yeni nailiyyətlər nümayiş etdirmək həvəslərini nümayiş etdirmək istəyirlər". Elman Nəsirovun sözlərinə görə, Senatda müvafiq qərarın qəbul edilməsi ermənilərdə eyforiya vəziyyəti yaradıb və güman edirlər ki, bu dəfə prezident Obamanın "soyqırım"ı etiraf etməsinə nail olacaqlar: "Obamadan ona görə ümidlidirlər ki, hazırkı Ağ Ev rəhbəri üçüncü dəfə prezident seçilmək hüququna malik deyil. Bu baxımdan güman edilir ki, artıq Obamanın itirəcəyi bir şey yoxdur və Obama bu dəfə "soyqırım" ifadəsi işlədər. Çünki Obama hələ prezident seçilmədən əvvəl yazılı şəkildə bəyan edib ki, prezident seçiləcəyi təqdirdə "erməni soyqırımı"nı tanıyacaq. Ancaq hesab edirəm ki, ermənilər yenə də yanılırlar. Çünki ABŞ prezidenti onun fərqindədir ki, erməni maraqlarına xidmət etmək regionda Türkiyə kimi son dərəcə güclü tərəfdaşı itirmək anlamına gəlib çıxa bilər. Xüsusilə Rusiyanın son dövrlər fəallaşması, Qərblə qarşıdurması fonunda belə bir addımın atılması Türkiyə-Rusiya münasibətlərinin daha da istiləşməsinə gətirib çıxara bilər. Ona görə də Barak Obamanın soyqırım ifadəsi işlətməyəcəyi bəllidir. Çünki Birləşmiş Ştatların milli maraqları soyqırım ifadəsinin işlədilməsini mümkünsüz edir". Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələr komissiyasının katibinin sözlərinə görə, Birləşmiş Ştatlar bu məsələdən yalnız lazım gəldikdə təzyiq kimi istifadə edir: "Amerikaya onu reallaşdırmaqdan daha çox təzyiq vasitəsi kimi istifadə etmək daha çox sərf edir. Ancaq körpüləri yandırmaq, münasibətləri korlamaq heç bir halda Vaşinqtonun marağına uyğun deyil. Bu baxımdan hesab edirəm ki, erməni tərəfinin bu canfəşanlığı yenə də nəticəsiz qalacaq". Ekspert onu da qeyd edib ki, heç bir halda Türkiyə bununla barışa bilməz: "Çünki Türkiyə də güclü potensiala malikdir və Avropa ölkələrində bu sahədə altıncı yerdə qərarlaşır. Eyni zamanda Türkiyə NATO çərçivəsində xüsusilə qoşunların sayına görə ABŞ-dan sonra ikinci yerdə dayanır. Yeganə dövlətdir ki, keçən il Beynəlxalq Valyuta Fonduna olan bütün borclarını sildi və heç bir borcu yoxdur. Ona görə də Birləşmiş Ştatlar belə güclü iqtisadi və hərbi potensialı olan dövləti cırtdan Ermənistan və onun lobbisinin maraqlarına qurban verəsi deyil".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı hesab edir ki, hazırda Birləşmiş Ştatlar-Türkiyə münasibətlərində soyuqluq müşahidə edilməkdədir və qondarma soyqırımla bağlı qanun layihəsinin qəbul edilməsinə bu münasibətlərin də təsiri az deyil: "Birmənalı olaraq Birləşmiş Ştatların Ərdoğan hökümətinə qarşı apardığı siyasət acıq şəkildə sezilir. ABŞ bu kompaniyaya Türkiyədə keçirilən bələdiyyə seçkilərinə 1 il qalmış başlamışdı. Bütün imkanları ilə səfərbər olunan Birləşmiş Ştatlar Ərdoğan hakmiyyətinə təzyiq etməkdədir". Partiya rəsmisinin sözlərinə görə, münasibətlərin korlanmasının daha qabarıq görünməsi Misirdə baş vermiş hərbi qiyamdan sonraya təsadüf etdi: "Ərdoğan islam təmayüllü Müsəvini müdafiə etdi. Bu da birbaşa Amerikanın apardığı siyasətə qarşı olmaq idi. Xatırlayırsınızsa, bələdiyyə seçkiləri ərəfəsində Türkiyə də səs-küylü korrupsiya faktları ilə bağlı hökümət üzvlərinin övladlarının həbsi, nazirlərin istefaya getməsi Ərdoğan hökümətinin yenidən fomalaşmasına gətirib çıxardı. Hətta öz yaxın müttəfiqi olan Fətullah Gülənlə Ərdoğanın münasibətlərinin korlanması da ABŞ tərəfindən həyata keçirilən siyasət idi. İndi isə, Birləşmiş Ştatlar artıq "soyqırım"ı tanımaqla Türkiyəyə növbəti təzyiq etmək niyyətini güdür". Niyaməddin Orduxanlı deyir ki, ABŞ-ın əsas planı nəyin bahasına olur olsun avqust ayında Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğanın prezident seçilməsinə əngəl törətməkdir: "Bu baxımdan ola bilsin ki, yaxn zamanlarda Birləşmiş Ştatlar-Türkiyə münasibətləri daha da sərtləşsin".
Süleyman İsmayılbəyli