Prezidentin səfəri İran-Azərbaycan əlaqələrinə töhfə verəcək

İran dost ölkə olaraq həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana səfəri başa çatdı. Dövlət başçısının dost ölkəyə səfəri zəngin oldu. İranda bir sıra yüksək vəzifəli dövlət rəsmilərilə görüşən İlham Əliyev ikitərəfli əlaqələrin inkişafına növbəti töhfəsini verdi. Səfər çərçivəsində aprelin 9-da Prezident İlham Əliyev İranın Ali Rəhbəri Seyid Əli Xamneyi ilə görüşdü. Xamneyi Azərbaycan prezidentinin səfərinin iki ölkə  arasındakı əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini vurğuladı. O, ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. İranın Ali Rəhbəri ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinin tərəfdarı olduğunu bildirib. Seyid Əli Xamneyi Azərbaycan prezidentinin böyük təcrübəyə malik olduğunu vurğulayıb və Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, iki ölkə arasında tarixi, mədəni, dini köklərin əlaqələr üçün möhkəm zəmin yaratdığını bildirib. İlham Əliyev Azərbaycan ilə İranın beynəlxalq səviyyədə bir-birini dəstəklədiklərini vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi işində yaradılmış müştərək komissiyanın mühüm rol oynayacağını diqqətə çatdırıb. Həmçinin Prezident İlham Əliyevlə görüşündə İranın dövlət başçısı Həsən Ruhani bu səfərdən məmnun olduğunu diqqətə çatdırıb. H.Ruhani bildirib ki, İran Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regiondakı bütün problemlərin beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və ədalət çərçivəsində öz həllini tapmasının tərəfdarıdır. İran prezidenti deyib ki, bu gün iki ölkə arasında əlaqələrin inkişafı üçün heç bir maneə yoxdur: "Azərbaycan Respublikası və İran İslam Respublikası iki yaxın qonşu, dost, qardaş və həmməzhəb bir ölkədir. İki ölkə arasındakı səmimi münasibətlər həm xalqlarımızın, həm də regionda sabitliyin və inkişafın xeyrinədir". Görüşdə Prezident İlham Əliyev öz növbəsində Həsən Ruhanini Azərbaycana səfərə dəvət edərək bildirdi ki, iki ölkə arasında hərtərəfli əlaqələrin inkişafı üçün geniş imkanlar var. İran prezidenti İlham Əliyevin təklifini qəbul edib. Səfər çərçivəsində həmçinin iki ölkənin İdman və Gənclər, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirlikləri arasında anlaşma memorandumu, Azərbaycanın İqtisadiyyat və Sənaye İranın isə Eenergetika nazirlikləri arasında Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında "Ordubad" və "Marazad" Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş"i imzalandı. Ümimilikdə dostluq və qardaşlıq məcrasında keçən İran səfəri hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin səfərinin gələcəkdə də İran-Azərbaycan əlaqələrinin inkişafına müsbət təsir edəcək. Prezidentlərin də qeyd etdikləri kimi, həqiqətən də bu gün iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Səfərdən bu günədək yüksək inkişaf etmiş iqtisadi, mədəni, ticari və turizm əlaqələrinə sahib olan İran və Azərbaycan bundan sonra da mehriban qonşuluq siyasətinə sadiq qalacaqları bəlli oldu. İran dost ölkə olaraq həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu ölkə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfindədir. Zaman-zaman münaqişənin həllində göstərdiyi səylər İranın Azərbaycana müsbət tərəfdən mövqeyini ortaya qoyur. Prezident İlham Əliyev də Dağlıq Qarabağ münaqişəsinin həllində İranın dəstəyinin vacib olduğunu diqqətə çatdırdı. Hər halda bu gün bir sıra xarici dövlətlərin səylərinə baxmayaraq, İran-Azərbaycan əlaqələrinin dostluq və qardaşlıq məcrasında axını sevindirici haldır.

Mənsur 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00