Avropa öz demokratik dəyərlərinə sahib çıxa biləcəkmi?
«Açıq dialoq» fondunun fəaliyyəti bunun əksini söyləyir
10 Aprel 2014 14:52 SiyasətBu günlərdə bir sıra Avropa ölkələrinin mətbuatında polşalı hüquq müdafiəçilərinin, daha dəqiq desək "Açıq dialoq" fondunun insan hüquqları ilə bağlı hazırladığı hesabat yer alıb. Hesabatın qəribəliyi isə ondadır ki, sənəd bütünlüklə hesabatda adı Demokrat Muxa kimi keçən, əslində isə Qazaxıstandan olan siyasi mühacir, oliqarx, Böyük Britaniya, Rusiya, Qazaxıstan və Ukraynanın hüquq mühafizə orqanları tərəfindən axtarışda olan transmilli cinayətkar dəstənin baçısı Muxtar Ablyazovun "hüquqları"nın qorunmasına həsr olunub. Halbuki, bir qədər əvvəl London Ali Məhkəməsi tərəfindən "Demokrat Muxa" barəsində Böyük Britaniya, Fransa, Ukrayna, Rusiya və Qazaxıstan banklarından 5 milyard dollardan artıq vəsaiti oğurlamaqda təqsirli bilinərək, barəsində cinayət işi açılmışdı. Və Rusiya tərəfinin iddiası əsasında onun bu ölkəyə ekstradisiya olunması barədə qərar çıxarılmışdı. Belə ki, Qazaxıstanla Böyük Britaniya arasında məhkumların mübadiləsi haqda sazişin olmaması səbəbindən oliqarx bundan sonra törətdiyi cinayətlərə görə Rusiyada mühakimə olunacaq. Cari ilin əvvəlində bu məlumat dünyanın aparıcı KİV-lərində geniş yer almışdı. Bütün bunların fonunda polşalı hüquq müdafiəçilərinin, daha doğrusu "Açıq dialoq" fondunun prezidenti Lyudmila Kozlovskayanın indiki canfəşanlığı sadəcə başa düşülmür. Görünür Polşada Avropanın demokratik dəyərləri başqa cür şərh olunur!
Əslində, son vaxtlaradək köhnə qitədə mühacir həyatı yaşayan oliqarx, uzun illər İnterpol tərəfindən axtarışda olan və nəhayət ötən il Fransadakı sanatoriyaların birində dincələrkən bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən həbs edilərək dəmir barmaqlıqlar arxasına atılan Muxtar Ablyazov un adı detektiv janr həvəskarlarına yaxşı məlumdur. Belə ki, bu insanın keçdiyi həyat yolu dolaşıq süjet xətti olan çoxseriyalı filmdən heç də geri qalmır.
Onu qısaca aşağıdakı kimi xarakterizə etmək olar. Fırıldaqçı -bu şəxs, müstəqilliyini yenicə qazanmış postsovet respublikalarının birində, hamının başı ölkənin dirçəldilməsinə qarışdığı bir məqəmda fürsətdən istifadə edərək özünə külli miqdarda sərvət toplaya bildi.Başqa sözlə, çalışdığı müxtəlif vəzifələr-holdinq rəhbərindən tutmuş ölkənin energetika naziri kimi məsul vəzifələr bu şəxs üçün yalnız özünə sərvət toplamaq üçün tramplin rolunu oynayırdı; Siyasətçi- əsas fəaliyyəti dövlətdən oğurladığı pulları müdafiə etməkdən ibarət olan, qondarma müxalifət hərəkatına rəhbərlik edən bu "siyasətçi" ölkənin ədalət məhkəməsindən çox da yayına bilmədi, tezliklə onu həbs etdilər. Amma, buna baxmayaraq, o, barəsində çıxarılan məhkəmə cəzasının heç ¼-i belə yatmadı, xaricidən olan təzyiqlər nəticəsində dövlət başçısının fərmanı ilə əfv olundu. Biznesmen-həbsdən azad olduqdan sonra, bu biznesmen hətta Qazaxıstanın ən böyük maliyyə qurumlarından olan "Bank Turan Alem"in (BTA) Direktorlar Şurasının sədri vəzifəsinə belə yiyələnə bildi. Və nəhayət, oğru- vəzifə hərisi olan bu kəs, qaranlıq əməllər törətməkdə davam edirdi, yenidən həbs olunmaqdan belə çəkinmirdi. Muxtar Ablyazovun kriminal fəaliyyəti sonda onunla nəticələndi ki, o, BTA-ya rəhbərlik etdiyi bir neçə il ərzində bankın aktivlərinin böyük hissəsini ofşor hesablara köçürə bildi. Burada söhbət, nə az, nə çox-beş milyard dolların ölkədən çıxarılmasından gedir. Muxtar Ablyazovun məcaralarının "ikinci hissəsi" oliqarxın Dumanlı Albion sahillərinə qaçması ilə başladı. Belə ki, bu hadisə daha müəmmalı oldu. Mühacir oliqarx Böyük Britaniyaya gələrkən, məntiq və sağlam düşüncənin əksinə olaraq, burada çox nəvazişlə qarşılandı və dərhal siyasi sığınacaq aldı. Məhz bu dönəmdən etibarən, o, öz yeni "ağaları"nın dəstəyi ilə Qazaxıstana qarşı sözün həqiqi mənasında informasiya müharibəsinə başladı. Doğrudur, Astananın tələbi ilə, təqribən eyni vaxtda Londonda onun törətdiyi maliyyə fırıldaqları ilə bağlı cinayət işinin araşdırılmasına başlanılsa da, bu, ictimaiyyətin diqqətini bir o qədər də özünə cəlb etmirdi. Lakin istintaqın gedişində təkzibedilməz faktlar, inanılmaz dərəcədə maliyyə fırıldaqlarını üzə çıxaran məhkəmə istintaqının nəticələri artıq ictimaiyyətin diqqətitni özünə cəlb etməyə başlayır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, britaniyalı hüquqşünaslar Muxtar Ablyazova minnətdar olmalıdırlar. Çünki, o, bir növ hüquqşünasların "çörək ağıcı", gəlir mənbəyinə çevrilmişdi. Onun cinayət işi üzrə ayrı-ayrılıqda 11 məhkəmə araşdırılması aparılırdı. Bu prosesə Britaniyanın yüzədək ən yaxşı hüquqşünasları cəlb olunmuşdu. Və nəhayət, məhkəmə onun Rusiya ekstradisiya olunmasına qərar verdi. Burdan belə Müxtar Ablyazov Rusiyanın vəkilləri üçün "çörək ağacı"na çevriləcək. Görünür, "Açıq dialoq" fondunun prezidenti Lyüdmila Kozlovskaya da elə bu məntiqlə Müxtar Ablyazovun "hüquqları"nın müdafiəsinə qalxıb. Çünki xanım Kozlavskaya "Demokrat Muxa"nın pul kisəsinin nə qədər böyük olduğu, Qərbdə indiyədək neçə-neçə KİV və QHT-ni maliyyələşdirdiyi, doğulub boya-başa çatdığı Qazaxıstan, onun xalqı və hakimiyyəti əleyhinə necə sifarişlə yazılar dərc etməsindən yaxşı xəbəri var. Əgər belə olmasaydı, Qazaxıstandan on min kilometrlərlə uzaqda yerlşən bir ölkədə birdən-birə M.Ablyazovun "hüquqları"nın qorunması üçün niyə belə canfəşanlıq edilsin ki? Yeri gəlmişkən, "Açıq dialoq" fondunun prezidenti öz müsahibələrində iddia edir ki, guya M.Ablyazovla hər hansı bir əlaqəsi olmayıb. Onun barəsində ilk dəfə yalnız 2013-cü ildə, M.Ablyazovun həyat yoldaşının İtaliyadan Qazaxıstana ekstradisiya edilərkən eşidib, guya həmin vaxtadək belə bir "siyasətçi" haqda heç bir məlumatı olmayıb. Amma, faktlar bunun tam əksini təsdiqləyir. Çünki, bu həmin Lyudmila Kozlovskayadır ki, onun rəhbərlik etdiyi fond 2010-cu ildə Qazaxıstan ATƏT-ə sədrlik edən dövrdə dünya ictimaiyyətinə ünvanlanmış hesabat hazırlamışdı. Həmin biabrçı hesabatda Qazaxıstan hakimiyyətinə qarşı, ölkədə demokratik dəyərlərin mövcud olmaması, azad söz və insan hüquqlarının məhdudlaşdırılması kimi neqativ fikirlər yer almışdı. Bu, həmin dövr idi ki, muxtar Ablyazov xalqdan oğurladığı pullarla Avropa ölkələrində kef çəkirdi, xarici KİV-lərdə və TV-lərdə müxtəlif pozalarda şəkillər görüntüləyir, ölkəsinə qarşı olmazın iftiralar söyləyirdi.
M.Ablyazovun bu "səxaəti"ndən L.Kozlovskaya da pay çatmaması heç də inandırıcı görünmür. Bəlkə də həmin hesabatın hazırlanmasının sifarişçisi elə oliqarx olmuşdu. Çünki, dünyanın diqqətinin Astanaya yönəldiyi, bir çox ölkələrini siyasi liderlərinin Qazaxıstanda olduğu ərəfədə belə bir hesabatın dünya ictimaiyyətinə təqdim olunması ən gözəl məqam idi.
L.Kozlovskaya onun üçün əsil göydəndüşmə olan da bu şansı əldən verməməyə çalışırdı. Və həmin "sifarişi" yerinə yetirdi də. İndi bu xanımın durub M.Ablyazovu son illərədək tanımamasından danışmaması sadəcə ikrah hissi doğurur. Əgər "Açıq dialoq" fondu həqiqətən də öz mərəmnaməsində göstərildiyi kimi, dünyada demokratik dəyərləri qorumağa çalışırsa, son vaxtlarda Ukraynada cərəyan edən hadisələrə də münasibət bildirməli idi. Amma, xanım Kozlovskaya hələ də susmaqdadır. Görünür Ukraynada baş verənlər, insanların rifah halının pisləşməsi bu "hüquq müdafiəçisi"nin heç vecinə deyil.
Polşalı hüquq müdafiəçisinin KİV-ə verdiyi müsahibəsində başqa bir məqam da diqqət çəkir. "Açıq dialoq"un rəhbəri riyakarcasına bəyan edir ki, "fond M.Ablyazova qarşı irəli sürülən ittihamları əsaslandırılmış hesab etmir". Başqa sözlə, desək, L.Kozlovskaya faktiki olaraq az qala M.Ablyazovun vəkili qismində çıxış etmək niyyətini belə gizlətmək istəmir.
Əslində burada qəribə heç nə yoxdur. Axı vəkillər üçün heç fərqi yoxdur, məhkəmədə hüquqlarını müdafiə etdiyi şəxs canidir, yoxsa oğru, kriminal avtoritetdir yoxsa qatil. Təki, vaxtında və yetərincə haqqı ödənilsin, vəssalam. O ki haldı haqqını ödəməyə-M.Ablyazov bu sahədə artıq "peşəkardır" və "ürəyi genişdir". Bu məsələdə diqqət çəkən daha bir məqam da var. Bu isə avropalı deputatların, siyasətçilərin M.Ablyazov məsələsində loyal mövqe nümayiş etdirmələridir. Postsovet ölkələrindən olan cinayətkarların, oliqarxların Avropada sərsbəst şəkildə fəaliyyət göstərmələrinə, özlərinə çox asanlıqla siyasi sığınacaq almalarına göz yummalarıdır. Yəni,doğurdanmı Avropada demokratik dəyərlər o qədər aşınıb, o qədər ucuzlaşıb ki, bu heç kimin vecinə belə deyil? Postsovet ölkələrindən olan siyasi mühacirlərin öz ölkələrində törətdiyi cinayətlər, qətllər -yəni bunlar üçün heç bir anlam daşımır? Tutaq ki, hazırda Qərb ölkələrində özünə siyasi sığınacaq almış digər oliqarx və cinayətkarların əməllərindən belə xəbərsizdirlər. Axı Asiyanı "şoka" salan siyasi oyunların iştirakçısı olan, dövlət məmurundan tutmuş yarıkriminal biznes məktəbinin yetirməsi olan M.Ablyazovun fəaliyyətindən də belə xəbərsizdirlər? Adamın inanmağı gəlmir. Odur ki, yəqin indi Ablyazovkimilər öz isti "sığınacaqları"nda, daha doğrusu ofislərində oturub, ayağını ayağının üstünə aşıraraq , qəhvə içə-içə Avropanın demokratik dəyərlərini necə heçə endirdiklərini kinayəli gülüşləri ilə bayram edirlər. Görəsən avropalılar, nəhayət bunu dərk edə biləcəklərmi, öz demakratik dəyərlərinə sahib çıxa biləcəklərmi? Bunu isə zaman göstərəcək.
Alim Hüseynli