“Ermənistan Azərbaycana qarşı qeyri-qanuni silahlardan istifadə edir” - AÇIQLAMA

Üzeyir Cəfərov: “Keçən il Goranboy rayonunun Tapqaraqoyunlu istiqamətində biz belə bir faciə ilə üzləşmişdik”

Hərbi-ekspert Üzeyir Cəfərov cəbhə xəttində baş verən mina partlamaları və atəşkəsin pozulması məsələlərinə aydınlıq gətirib. Ü.Cəfərov bildirib ki, cəbhə xəttində müharibə dövründə basdırılmış və partlamamış minalar var. Ü.Cəfərov hesab edir ki, həmin ərazilərdə mina partlayışlarının baş verməsində Ermənistan təxribatının əlinin olması inandırıcı deyil. Həm məsafə baxımından, həm də şərait baxımından ermənilərin belə bir təxribata əl atmasının mümkün olmadığını deyən ekspertin sözlərinə görə, bu tip faciəli halların baş verməsində səhlənkarlıq mühüm rol oynayır: "Keçən il Goranboy rayonunun Tapqaraqoyunlu istiqamətində biz belə bir faciə ilə üzləşmişdik. Təəssüflər olsun ki, bu hadisədən nəticə çıxarılmadı. Minalanmış ərazilərdə daha ehtiyatlı olmaqla faciələrdən sığortalanmaq mümkündür. Cəbhə xəttində baş verən proseslərə qeyri-peşəkar şəkildə yanaşamq olmaz. Məsələdə insan amilindən söz gedir. Azərbaycan ordusu həm piyadalar, həm də tank əleyhinə minaları aşkar etmək üçün ən yeni texnologiyalarla təchiz olunub. Həmin avadanlıqlardan səmərəli formada istifadə edib yaxşı nəticəyə nail olmaq mümkündür. Minaaxtaranlarda belə bir deyim var ki, minaaxtaran həyatda bir dəfə səhv edir. Həmin səhvlər adətən məsuliyyətsizlikdən qaynaqlanır". Atəşkəs rejimin pozulması məsələsinə toxunan Üzeyir Cəfərov qeyd edib ki, Ermənistan Rusiya tərəfindən qeyri-qanuni silahlar əldə edib: "Həmin silahlar istifadə olunmalıdır. Ona görə də həmin avadanlıqlar zaman-zaman Ermənistan tərəfindən dövriyyəyə buraxılır. Həmişə işğalçı vəziyyətin çətin olmasından şikayət edən Ermənistan həm işğal altında olan Azərbaycan, həm də öz ərazilərində hərbi təlimlər keçərək qeyri-qanuni silahları təcrübədən keçirir. Bütün bu faktorlar cəbhə xəttində atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması faktını ortaya qoyur. Cəbhədə səssizliyin pozulması Azərbaycanın maraqlarına uyğun deyil. Baş verən proseslər birmənalı şəkildə Ermənistan diversiyasının işidir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00