“Müxalifət nümayəndələri deyəsən, tarixi torpaqlarımızın qaytarılmasını istəmirlər”
10 Aprel 2014 12:45 Siyasət"Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı çıxışında haqlı olaraq Azərbaycanın əzəli torpaqları olan İrəvan və Zəngəzurun ədalətsiz olaraq ermənilərə verildiyini qeyd edib. İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz ta qədim zamandan Azərbaycan torpaqları olub və bu, danılmaz faktdır"."OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı səsləndirib. Onun sözlərinə görə, bəzi müxalifət nümayəndələri tarixi faktları düzgün dərk edə bilmirlər: "Tariximizdən xəbəri olmayan müxalifət nümayəndələri deyəsən, tarixi torpaqlarımızın qaytarılmasını istəmirlər. Azərbaycan imkan daxilində tarixi torpaqlarını geri qaytarmağa çalışır. Bu bizim qan yaddaşımızda yaşayır və gələcək nəsillərimiz bunu bilməlidir. Anlaya bilmirəm ki, ölkəmizin daxilində ümummilli məsələdə niyə bəziləri bu qədər narahatçılıq keçirirlər. Tarix hamımızın tarixidir və tarixi hadisələr hər kəsə bəllidir. Tarixi hadisələri qiymətləndirən zaman obyektiv olmalı, heç kimdən çəkinməməliyik. Heç nəyi ideallaşdırmalı deyilik. Ümummilli baxımdan harada, nə zaman səhvlərimiz olubsa, onları düzgün araşdırmalı və cəmiyyəti məlumatlandırmalıyıq ki, gələcəkdə belə səhvlər etməyək".